Əmanətlərin sığortalanması faizinin artırılması bank sektoru üçün nə vəd edir? | Banco.az

Əmanətlərin sığortalanması faizinin artırılması bank sektoru üçün nə vəd edir?

Pulunu sərbəst şəkildə yığa bilməyənlər və pul yığmaqdan əlavə gəlir əldə etmək istəyənlər öz vəsaitlərini əmanət olaraq banklara qoymağa üstünlük verirlər. Banklara əmanət yerləşdirən şəxsi ilk növbədə maraqlandıran məsələ onun pulunun nə dərəcədə qorunması, risklərinin nədən ibarət olmasıdır. Xüsusən sovet dövründə yerləşdirilən bir sıra əmanətlərlə bağlı bir vaxtlar müəyyən problemlər yarandığına görə ölkədə bəzi insanlar banklara əmanət yerləşdirməyə bir qədər ehtiyyat edirlər. Bu kimi səbəbləri nəzərə alaraq Azərbaycanda 2007-ci ildən Əmanətlərin Sığortalanması Fondu (ADİF) fəaliyyət göstərir. Belə ki, bu Fond insanların banklara yerləşdirdiyi əmanətləri müəyyən faiz və məbləğ çərçivəsində olmasını nəzərə alınmaqla sığortalayır. Qısa olaraq deyək ki, əmanətçiyə xidmət göstərən bankda sığorta hadisəsi baş verdikdə, yəni bankın müflis olması, ləğv edilməsi və bu kimi digər hallarda Fond əmanətçiyə müəyyən miqdarda kompensasiya ödəyir.

Kompensasiyanın miqdarına gəlincə, qeyd edək ki, 2013-cü ildən etibarən 10%-dən çox olmayan faizlə yerləşdirilən hər bir bankdakı 30 min manata qədər əmanətlər əmanətin 100%-i həcmində sığortalanırdı. 2016-cı il martın 4-də qəbul edilmiş qanunla Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün əmanətlərin məbləğindən asılı olmayaraq 3 il müddətinə tam sığortalanmasına başlanıldı. 19 fevral 2019-cu il tarixində bu müddətin 4 mart 2020-ci il tarixinə qədər uzadılması haqqında qərar qəbul edildi. 2020-ci ildə isə həmin müddət 4 dekabr 2020-ci il tarixinə qədər uzadıldı.

Son dövrdə gündəmə gələn əsas məsələ isə əmanətlərin sığorta faizləri ilə bağlıdır. Belə ki, 7 may 2020-ci il tarixində Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası, Maliyyə Sabitliyi Şurasının tövsiyyəsi əsasında, Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırılmaqla 1 iyun 2020-ci ildən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10%-dən 12%-ə qaldırılması barədə qərar qəbul edib.

Yeni qərarla bağlı “Unibank”dan verilən açıqlamada qeyd edilib ki, bu qərardan sonra “Unibank” da daxil olmaqla, bir sıra banklar manat depozitlərinin faizlərini artırıblar:

“Milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin 10 faizdən 12 faizədək qaldırılması, əmanət qoyuluşunda dollarlaşma prosesinin artmasının qarşısının alınması baxımından vacib qərardır. Banklara depozit qoyuluşunda vəziyyətin təhlili göstərir ki, mart ayının sonuna dollar əmanətlərinin həcmində artım var. 2019-cu ilin sonuna banklara qoyulan əmanətlərin 52%-ə yaxını dollar valyutasında idisə, 2020-ci ilin birinci rübünün sonuna bu göstərici 55%-i keçib. Bu, 2015-2016-cı illərin göstəriciləri ilə müqayisədə çox aşağı olsa da, artım tendensiyası var. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini qaldırması, əhalinin manat əmanətlərinə marağını daha da artıracaq. Bu isə nəticə etibarı ilə əmanət qoyuluşunda dollarlaşmanın azalmasına səbəb olacaq. Bu qərardan sonra “Unibank” da daxil olmaqla, bir sıra banklar manat depozitlərinin faizlərini artırıblar. Dollarda əmanət qoyuluşlarının azalması və manatda əmanətlərin artması, bankların məzənnə riskini də bir növ azaldır”.

Yelo Bank”dan verilən açıqlamada isə bildirilib ki, yeni qərar əhalinin banklara inamını gücləndirəcək:

“Sözsüz ki, mürəkkəb iqtisadi şəraitdə və bank sektorunda baş verən son proseslərin fonunda aidiyyatı orqanlar tərəfindən bu cür addımın atılması gözlənilən idi. Qeyd edilən qərar əhali tərəfindən banklara olan inamını bir qədər də gücləndirəcək, eyni zamanda bankların xidmətlərindən yararlanan müştərilərin sayının artmasına səbəb olacaq. Əmanətlərin sığorta faizinin artırılması yeni müştərilərin və yeni əmanətlərin cəlb olunması üçün yaxşı fürsətdir və bunu müsbət qiymətləndirmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Sığorta faizinin artırılması müştərilərin banka axınını artıra bilər. Son zamanlar valyutada olan əmanətlərə marağın artıdığını müşahidə edirik. Əmanətlərin sığortalanma faizinin artması banklar üçün də manat əmanətlərinə daha yüksək və sığortalı faiz təklif etmək imkanı yaradacaq. Bu isə öz növbəsində yenidən müştərilərin banklara cəlb olunmasına dəstək olacaq”.

Yeni qərarın kreditləşmə səviyyəsi və kredit faizlərinə təsiri məsələsinə gəlincə, bankdan bildirilib ki, bazardakı ümumi tendensiya ilə bağlı hansısa proqnoz vermək çətindir:

“Məlumdur ki, indiki iqtisadi şəraitdə kreditləşmə azalıb. Hazırda “Yelo Bank” dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində sahibkarlıq subyektlərinin kreditləşməsini davam etdirir. Xüsusilə vurğulamaq istərdik ki, aqrar sektorun kreditləşməsi gözləntilərimizi üstələyib. Bununla yanaşı, hazırda "Yelo Bank" nağd kreditlər üzrə müştəriləri üçün kampaniya keçirir ki, kampaniya çərçivəsində təklif olunan faizlər bazarda ən yaxşılardan biridir”.

İqtisadçı-ekspert Pərviz Heydərov isə hesab edir ki, banklara əmanət cəlb edilməsinin daha əlverişli xarakter kəsb etməsi üçün banklar özləri də müəyyən addımlar atmalıdır:

“Əmanətlərin sığortalanması faizinin manat üzrə 2% qaldırılması həm də real şəraitdə həm dörd bankın lisenziyasının geri alıması və yaranmış ümumi iqtisadi çətinliklər fonunda sərbəst maliyyə resurslarının bundan sonra da banklara cəlbi baxımından bütün banklar üçün əhəmiyyətli bir hadisədir. Dövlət bununla, artıq 10%-lə deyil, 12%-lə yerləşdirilən əmanətlərə cavabdehlik daşıdığını nümayiş etdirdi. Lakin banklara əmanət cəlb edilməsinin daha əlverişli xarakter kəsb etməsi üçün bankların özünün də addımlar atması lazımdır. Nəzərə almalıyıq ki, bankların fəaliyyəti tələb olunan şərtlərə cavab vermədikcə əmanət faizlərinin artırılması ilə dövlət özünü böyük bir risk altında qoyur.

Ekspert yeni qərarın ümumi kreditləşməyə necə təsir göstərməsi məsələsinə də toxunub:

"Manat üzrə əmanət faizlərinin sığortalanan hissəsinin 2 faiz qaldırılmasının ümumi kreditləşmə səviyyəsinə necə təsir edəcəyini demək çətindir. Normal halda baş verə biləcək təsirdən söhbət gedərsə, bu təsir ondan ibarət ola bilər ki, əhali banklara manatla depozit qoyuluşunu artırsınlar, banklar daha çox maliyyə vəsaitlərinə malik olsunlar və faizi artırmamaq şərtilə kredit təkliflərini genişləndirsinlər. Qeyri-normal halda isə əmanət faizinin artırılması banklara kredir faizlərini də artırmağa bəhanə verə bilər. Bunun hansının baş verəcəyini indidən proqnoz vermək çətindir. Əvvəla, manatla olan əmanətlərin sığortalanma faizi üçün 2% artırılma elə də böyük rəqəm deyil. İkincisi bizdəki kredit faizləri kifayət qədər yüksəkdir. Ona görə də prinsip etibarilə Əmanətlərin Sığortalanması Fondunun bu addımı ölkədə kredit faizlərinə faizlərin artması baxımından təsir etməməlidir. Əgər edərsə, bu, bilavastiə bank sisteminin qeyri-sağlam vəziyyətindən irəli gələn hadisə olacaq”.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram