Elektrik enerjisinin verilişi ilə bağlı "AZƏRENERJİ"-DƏN AÇIQLAMA | Banco.az

Elektrik enerjisinin verilişi ilə bağlı "AZƏRENERJİ"-DƏN AÇIQLAMA

“Elektrik enerjisinin təchizatı ilə bağlı görülən işlər operativ şəkildə davam etdirilir”.

Bunu açıqlamasında “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib.

Onun sözlərinə görə, hazırda Bakıda elektrik enerjisinin bərpa vəziyyəti 100%, regionlarda isə 80%-dir. “Yaxın müddət ərzində regionlarda elektrik enerjisinin bərpasını 100 faizə çatdıracağıq,” – deyə Yəhya Babanlı bildirib.

“Azərenerji” rəsmisi ölkə ərazisində elektrik enerjisinin bərpasında yaranan fasilənin baş vermə səbəblərinə də aydınlıq gətirib: “Bu kimi halın bir daha təkrar olunması ehtimalı yoxdur. Bu forsmajor bir hal idi. Havaların kəskin isti keçməsi ilə əlaqədar bizim stansiyaların soyutma sisteminin gücü çatmayıb. Bundan sonra da havalar kəskin isti keçəcəyi təqdirdə belə elektrik enerjisində fasilə olmayacaq. Soyutma sistemini daha da gücləndirəcəyik. Əlavə qurğular qoşulacaq. Yaxın günlərdə havaların isti keçməsi ilə bağlı qayğılanmağa dəyməz. Ekstremal hallar qaçılmazdır, lakin bu kimi qəzanın bir daha baş verməsi gözlənilmir, sistem dayanıqlıdır”.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, iyulun 3-ü gecə saatlarında Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən böyük elektrik stansiyası olan Azərbaycan İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Partlayışla əlaqədar ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb. 

Apa.az