Əhəd Kazımov: "Məsləhət görərdim ki, bizim gənclər də bu kimi nüanslara diqqət yetirsinlər” | Banco.az

Əhəd Kazımov: "Məsləhət görərdim ki, bizim gənclər də bu kimi nüanslara diqqət yetirsinlər”

Banco.az kaspi.az-a istinadən yazını təqdim edir.

Əhəd Kazımov: “Elə, “yox” sözünün özü də bir cavabdır” 

İşgüzar əlaqələrin qurulması hər bir gəncin gələcək karyerasında böyük rol oynayır. Amma bu əlaqələri qurarkən tərəfdaşlarımızı düzgün seçməliyik. Bizi geri yox, irəliyə aparacaq insanlarla tərəfdaşlıq etməliyik. Bəs işgüzar əlaqələri necə qurmalı və bu əlaqələri qurarkən hansı nüanslara fikir verməliyik?

Bu mövzuda həmsöhbətimiz sosial psixoloq,  "Assistance Advisory Services” şirkətinin direktoru Əhəd Kazımovdur. Müsahibimiz bildirdi ki, peşəkar karyera barədə düşünən hər bir gənc, işgüzar əlaqələrin qurulması ilə maraqlanmalıdır: "Bunun üçün isə ilk növbədə, gənc, özünə "mən nə ilə məşğul olmaq, harada işləmək istəyirəm?” sualını verməlidir. Yəni, beynində belə bir təhlil aparmalıdır. Özünün güclü və zəif tərəflərini, nəyə qadir olduğunu bilsin. Sonra isə özünü hansı sahədə gördüyünü konkretləşdirməlidir. Bütün bunları dəqiqləşdirdikdən sonra işgüzar əlaqələri qurmağa başlamaq olar. Ətrafındakı insanlarla münasibəti yaxşı saxlamaq lazımdır. Çünki insan 10 il sonra hansı işlə məşğul olacağını bilmir. Bəzi uğur hekayələrini də oxuyanda, görürük ki, bu gün uğurlu olan həmin şəxsə hansısa bir tanışı kömək edib. ABŞ-da bu cür işgüzar əlaqələrə xüsusi önəm verilir. Çünki azad rəqabət şəraitində işçi axtaran şirkət üçün işgüzar əlaqələri olan bir gənc daha çox vacibdir. Məsləhət görərdim ki, bizim gənclər də bu kimi nüanslara diqqət yetirsinlər”.
 

 
Psixoloq deyir ki, gənclər universiteti bitirdikdən sonra müəllimləri, qrup yoldaşları ilə əlaqəni kəsməsinlər: "Yaxşı əlaqələr, yaxşı başlanğıclara səbəb ola bilər. Universiteti bitirdikdən sonra belə, qrup yoldaşlarınızla hansısa yeni bir işə, layihəyə, kursa başlaya bilərsiniz. Bundan başqa, haradasa yaxşı bir şirkətdə işləyən müəlliminizin köməkliyi ilə istədiyiniz iş təklifini ala bilərsiniz”.
 
Ə. Kazımov gənclərə məsləhət görür ki, əlaqələri genişləndirməyin bir yolu da könüllü fəaliyyətdir: "Bizim gənclərdə belə bir düşüncə var ki, könüllü olduğu quruma mütləq işçi olaraq düzəlməlidirlər. Amma bu, belə deyil. Gənc bilməlidir ki, onu həmin yerdə işə götürməyə də bilərlər. Ancaq həmin könüllülük dövründə o, bir çox bacarıq və imkanlara yiyələnəcəkdir. Ümumiyyətlə, ofis şəraitində kollektivlə işləməyin özü böyük qazancdır. Təbii ki, universiteti bitirib, birbaşa ofisə gələn gənclə, müəyyən təcrübə keçib gələn arasında böyük fərq olur. Həm də könüllülük dönəmində də gənc, müəyyən əlaqələrin qurulmasına cəhd etməlidir. Həmçinin, müxtəlif tədbirlərdə, seminarlarda iştirak edərək, öz əlaqələrini genişləndirə, tanışlarının sayını artıra bilər. Həmin gənc artıq universiteti bitirib iş axtaranda 2-3 yox, 200 nəfərlə əlaqə saxlaya biləcək”.
 
Müsahibimiz bu gün işgüzar əlaqələrin qurulmasında dil bilgisi və sosial medianın da rolunun böyük olduğunu deyir: "Dünya nə qədər böyük olsa da, internet vasitəsilə bizim əlimizdə olur. Müəyyən qədər dil bilgisi olan gənc, istənilən xaricə şirkətlə, universitetlə yazışıb, onlarla əlaqə qura bilər”.
 
Psixoloq sonda gənclərə utanıb-çəkinməməyi məsləhət gördü. Bildirdi ki, "yox” cavabı almaqdan qorxmasınlar: "Elə, "yox” sözünün özü də bir cavabdır. "Həmişə müsbət cavab gələcək” deyə bir qayda yoxdur. Daim öz üzərində işləyib, cəhd etmək lazımdır. Bu dəfə alınmadısa, növbəti dəfə yenə cəhd etsinlər. Heç vaxt geri çəkilmək olmaz”.

Ən sərfəli kredit üçün müraciət et