"Biz dəfələrlə demişik ki, nağdsız ödənişə keçid labüddür. Ölkədə kölgə iqtisadiyyatını ləğv etmək üçün ilk növbədə, şəffaflığı artırmaq lazımdır. Bundan əlavə, bu, özlüyündə çox rahatdır".
Bu sözləri "İqtisadi təşəbbüslərə dəstək" ictimai Birliyinin eksperti Samir Əliyev məsələ ilə bağlı açıqlamasında səsləndirib.
Bəs nəyə görə bu proses ləng gedir?
Ekspert hesab edir ki, bu məsələdə bəzi faktorlar var. Burada, əsasən, psixoloji məqamlar nəzərdə tutulur. İnsanlar buna etibar etmirlər. Bunun əsasında isə məlumatsızlıq dayanır. İnsanların maliyyə savadlılığı aşağı səviyyədədir. İnsanların nağdsız ödənişlər haqda məlumatları yoxdur. Bu səbəbdən də inamsızlıq yaranır.
Samir Əliyevin sözlərinə görə, nağdsız ödənişlərin geniş miqyas almamasının digər səbəbi isə infrastrukturun yoxluğudur.
"Bəli, Bakıda müəyyən infrastruktur yaradılıb. İnfrastruktur deyərkən, müxtəlif obyektlərdə pos-terminalların mövcudluğu nəzərdə tutulur. Lakin buna baxmayaraq, pos-terminalların istifadəsi bütün obyektlərdə 10%-ə çatmır. Tez-tez görürük ki, alıcı ödənişi kartla etmək istəyir. Satıcı haradansa pos-terminal gətirir, xeyli qurdaladıqdan sonra deyir ki, pos-terminal işləmir. Başqa problemlər də olur", - ekspert vurğulayıb.
Mənbə: milli.az