Dünyanın ən qədim şirkətləri | Banco.az

Dünyanın ən qədim şirkətləri

Bütün şirkətləri öz tarixi ilə öyünməyi sevir. Şirkətin uzun müddətli fəaliyyəti və zəngin tarixinin olması ona inamı və etibarı qat-qat artırır.
Yaratdığı şirkətin uzun müddət, yüz il mövcud olub işləməsi istənilən şirkət rəhbərinin arzusudur. İlk baxışdan reallaşmayan arzudur, amma dünyada elə şirkətlər var ki, doğrudan da yüz illərlə, bəzi şirkətlər isə hətta min ildən artıqdır ki, fəaliyyət göstərirlər. Dünyanın ən qədim şirkətlərini təqdim edirik.

Ən qədim tikinti şirkəti

Tikinti insanların məşğul olduğu ən qədim peşələrdəndir. Amma hətta bunu nəzərə alanda da Yaponiyanın tikinti şirkəti «Kongo Gumi»in yaşı inanılmazdır. Şirkət öz fəaliyyətinə düz 1438 il əvvəl, bizim eranın 578-ci ilində başlayıb.

6-cı əsrdən tikinti ilə məşğul olan şirkət ilk vaxtlarda Yapon imperatorları və zadəganları üçün saraylar inşa edirdi. Şirkətin maraqlı tarixi var. 14 əsr əvvəl yapon şahzadəsi Setoku buddist məbədi tikmək üçün Konqo ailəsini Koreyadan gətirdib. Məbədi  uğurla inşa edən (yeri gəlmişkən, həmin məbəd indiyədək qalır) müəssisə ötən əsrlər boyu çoxsaylı tikililərin, o cümlədən Osakadakı 16-cı əsr məbədinin inşasını həyata keçirib. O vaxtdan indiyədək şirkət əvvəlcə məbədlərin, sonra isə adi binaların da tikintisi üzrə ixtisaslaşıb. Müharibə vaxtı isə onlar tabut istehsalına başladılar. Bundan sonra şirkətin fəaliyyətinə mebel istehsalı da əlavə olundu.

Ötən əsrin 80-ci illərinə qədər şirkətin işləri pis getmirdi. Amma «Kongo Gumi»nin rəhbərləri pullarını daşınmaz əmlaka yatırmağa başlayanda işlər korlandı. Yaponiyadakı daşınmaz əmlak böhranı və əmlak bazarının çökməsi biznes tarixinin yadigarına da rəhm etmədi. 2006-cı ildə «Kongō Gumi»nin borcları 340 milyon dolları keçdi və öz rəqibi olan «Takamatsu construction» tərəfindən «uduldu».

Ən qədim mehmanxanalar

«Houshi» mehmanxanası – yaşı 1300 ildir

Ginnesin Rekordlar Kitabına əsasən, Yaponiyanın «Houshi» mehmanxanası dünyada hazırda fəaliyyət göstərən ən qədim mehmanxanadır. «Houshi» 718-ci ildə yaradılıb və nə az, nə çox, düz 1300 ildir ki, fəaliyyət göstərir Əfsanəyə (əlbəttə ki, yalnız əfsanəyə görə – bu qədər yaşı olan şirkətin tarixi ilə bağlı məlumat yalnız əfsanələrdə ola bilər) görə, mehmanxananın harada açılacağını Yaponiyanın ən tanınmış buddist monaxlarından biri olan Tayte Daysi seçib. O, öz tələbələrindən birinə – Hare Xosiyə əmr edib ki, müalicəvi su mənbəyinin yaxınlığında qonaqların dincəlməsi üçün yaşayış yeri tiksin. Bu mehmanxana Yaponiyanın İsikava prefekturasının Komatsu dairəsində yerləşir.
İndiyədək – düz 46 nəsildir ki, «Houshi»nin sahibləri və idarəçiləri Dzenqoro Xosi ailəsinin üzvləridir. Oteldəki yüzlərlə otaqda eyni zamanda 450 nəfər istirahət edib müalicə ala bilər.
2006-cı ildə dünyanın ən qədim mebel fabriki «Kongo Gumi» fəaliyyətini dayandırdıqdan sonra «Houshi» dünyada hazırda fəaliyyətdə olan şirkətlər arasında ən qədim şirkətə çevrildi.

«Hotel Sakan Corporation» – yaşı 917 ildir

Yaşına görə dünyada «Houshi»dən sonra ikinci hotel olan «Hotel Sakan Corporation» da Yaponiyada, Senday şəhərindədir. Bizim eranın 1099-cu ilində açılmış mehmanxana hazırda otel-kurort kimi fəaliyyət göstərir və Sendaya gələn turistlərə və biznesmenlərə xidmət göstərir. Hotelin qonaqları buradakı təbii qaynaqlardan axan müalicəvi isti sulardan ləzzət ala bilərlər.

«Zum Roten Baeren» – yaşı 897 ildir

Avropanın ən qədim oteli isə «Zum Roten Baeren» («Qırmızı ayılıra doğru») və ya sadəcə  «Baeren Hotel» mehmanxanası sayılır. Mehmanxananın 1120-ci ildə yaradıldığı bildirilir. Həmin vaxt  Tserinqen hersoqu Bertold III yeni şəhərin – Frayburqun tikintisini əmr etmişdi. Həmin ərazidə isə artıq otel işləyirdi…
Otelin sahibləri onun yaşını artırmaq və reklam etmək istəməsələr də, otelin qədimliyi bütün dünyada təsdiqlənib. Hazırda «Baeren Hotel» Almaniyanın ən demokratik mehmanxana kooperativlərindən birinə – «Ringhotels»ə daxildir. Kooperativə daxil olsa da, o yenə də özəl və müstəqil şirkət sayılır.

Ən qədim restoran

Avstriyanın Zalsburq şəhərində yerləşən «Stiftskeller St. Peter» («Müqəddəs Pyotr Monastrının zirzəmisi») restoranı dünyanın ən qədim restoranı adlandırır. Restoranın adı tarixi mənbələrdə ilk dəfə 803-cü ildə xatırlanır. O vaxtdan restoran öz fəaliyyətini dayandırmayıb. Hərçənd, ola bilər ki, restoran sahibləri tarixi bir qədər təhrif edirlər. Çünki 803-cı ildə mövcud olan sənədlərə əsasən, Zalsburq şəhərində, Müqəddəs Pyotr məbədinin yaxınlığında kiçik yeməkxana vardı. İstənilən halda restoran orta əsrlərdə sürətlə məşhurlaşdı – burada Fransa kralları və məşhur insanlar – şəxsən Xristofor Kolumb və başqaları nahar edib. Maraqlıdır ki, alman yazıçısı Hötenin «Faus» əsərində Mefistofel və Faustun da bu restoranda görüşdüyü yazılıb. Tarixə düşmək üçün bundan yaxşı imkan nə ola bilər?! Hazırda «Stiftskeller St. Peter» Zalsburqun ən prestijli və bahalı restoranlarından sayılır.

Ən qədim suvenir şirkəti

Yaponiyanın daha bir şirkəti – Kioto şəhərindəki «Tanaka Iga» şirkəti dünyada dini əşyaların istehsalı üzrə ən qədim şirkət sayılır. 885-ci ildə yarıdılan şirkət indiyədək bircə binada yerləşir.  Baxmayaraq ki, ötən 1130 ildə onun gücü min dəfə artıb. Əvvəl yarandığı illərdə olduğu kimi, indi də «Tanaka Iga» şirkəti buddist monastrlarının fəaliyyəti üçün tələb olunan əşyaların istehsalı ilə məşğul olur. Bura məbəd zəngləri, məbəd mebelləri, lüstr və işıqlandırıcılar, eləcə də dini suvenirlər aiddir.

Ən sərfəli kredit üçün müraciət et

Ən qədim «şato»

Fransızlar üçün şato (chateau) qəsr deməkdir. Əslində isə bütün dünyada şato əla fransız şərabı çəkilən yarı-qəsr yarı şirkət sayılır. Adətən belə qəsrlərin ətrafı şərab çəkmək üçün istifadə edilən üzüm bağları ilə əhatələnir. İlk belə şato – «Chateau de Goulaine» təqribən 1000-ci ildə Qulen qəsrinin ərazisində yaradılıb. Ötən dövr ərzində şirkətin öz fəaliyyətini dayandırıb-dayandırmaması mütəxəssislər tərəfindən mübahisə mövzusu olsa da, istənilən halda indiyədək şirkət fəaliyyət göstərir. 1788-ci ildə şatonun o vaxtkı sahibi markiz de Qulen qəsri hollandiyalı bankirlərdən birinə (çox güman ki. götürülən krediti qaytara bilmədiyinə görə) satmalı oldu. Amma 1858-ci ildə Qulen ailəsi qəsr üzərində mülkiyyətini yenidən bərpa edə bildi.
Qədimliyinə görə, ikinci şərabçılıq şirkəti İtaliyadadır. «Ricasoli» şirkəti 1141-ci ildə yaradılıb.

Ən qədim əritmə şirkəti

Bəlkə də qəribədir, amma dünyanın ən qədim əritmə şirkəti İtaliyada, Anyon şəhərində yerləşir. «La Fonderia Marinelli» adlanan şirkət düz 1000-ci ildə yaradılıb. Şirkətin bu qədər, yəni min ildən artıq davam gətirərək işini davam etdirməsinin əsas səbəbi onun çox dar sahə üzrə ixtisaslaşmasıdır. Başlanan gündən indiyədək «La Fonderia Marinelli» yalnız kilsə zəngləri və onunla əlaqədar olan məhsullar buraxır. Şirkət yarandığı gündən indiyədək Marinelli şirkəti tərəfindən idarə olunur və Roma Papasının xüsusi himayəsindədir. «La Fonderia Marinelli»nin qədimliyi sənədlərlə sübut olunur: firmanın ərazisində 1000-ci ildə hazırlanmış ilk kilsə zəngi saxlanılır (həqiqiliyi ekspertlər təsdiqləyib). Anyon şəhərinin tarixçəsində də bu şirkətin məhz 1000-ci ildə yaradıldığı göstərilir (tarixçənin həqiqiliyini hüquqşünaslar təsdiqləyib).

Ən qədim pivə şirkətləri

Əlbəttə ki, ən qədim pivə şirkəti Almaniyadadır. 1040-cı ildə Almaniyanın Frizinq şəhərinin rəhbərliyi Vayxenştefan abbatlığına monastr pivəsinin istehsalı və satışı üçün lisenziya verdi. Dünyanın ən qədim pivə şirkəti olan «Bayerische Staatsbrauerei Weihenstephan»ın tarixi buradan başlanır. Şirkət bu cün də işləyir və hətta dünyanın ən qədim şirkəti frazasını özü loqotipinə daxil edib.
«Bayerische Staatsbrauerei Weihenstephan»ın ən qatı rəqibi isə Bavariyanın «Weltenburg» şirkəti olub və indi də olmaqdadır. «Weltenburg» pivə istehsalı üçün lisenziyanı öz rəqibindən cəmi 10 il sonra alıb. Üstəlik, burada ən qədim şirkət özlərini sayırlar. Məsələ bundadır ki,  1803-cü ildə Napoleonun işğalı zamanı «Bayerische Staatsbrauerei Weihenstephan» şirkəti bağlanaraq milliləşdirilib və dövlət şirkətin çevrilib, indiyədək də belə olaraq qalır. Veltenburq monastrı isə indiyədək müstəqildir və «əsl monastr pivəsi» buraxır.

Ən qədim infrastruktur şirkəti

Dünyanın ən qədim infrastruktur şirkəti «Aberdeen Harbour» Şotlandiyada yaradılıb. 1136-cı ildə şotland kralı Devid I Aberdin şəhərinə icazə verib ki, Aberdin buxtasına daxil olan bütün gəmilərdən haqq toplasın. Bu işi həyata keçirmək də yeni yaradılan «Aberdeen Harbour» şirkətinə həvalə edildi. Nəticədə indi Ginnesin Rekordlar kitabı «Aberdin buxtası»nı dünyanın ən qədim şirkətlərindən biri sayır.

Ən qədim transmilli şirkət

Hazırda faliyyət göstərən ən qədim transmilli şirkət – «StoraEnso» 1288-ci ildə İsveçdə yaradılıb. Şirkət öz başlanğıcını «Stora Kopperberg» («Böyük miss dağ») səhmdar cəmiyyətindən götürüb. İsveç muzeylərindən birində bir sənəd saxlanılır (indi bu sənəd səhm adlandırıla bilər). Sənəddə göstərilir ki, «Stora Kopperberg» şirkətinin gəlirlərinin səkkizdə biri Vesteros şəhərinin yepiskopuna aiddir. Sonradan şirkət təkcə faydalı qazıntıların hasilatı ilə deyil, həm də meşə materiallarının satışı, kağız və elektrik enerjisi istehsalı ilə məşğul oldu. 1998-ci ildə «Stora» şirkəti Finlandiyanın «Enso-Gutzeit Oy» şirkəti ilə birləşdi.

Qədim şirkət ənənələri

Ümumiyyətlə, qədim səhmdar şirkətlərin tarixi 200 ili keçməsə də, ailə şirkətləri, göründyü kimi, min illərlə fəaliyyət göstərir. Britaniyanın «Family Business» jurnalının araşdırmaları göstərir ki, belə şirkətlərdən bəziləri əsrlərdən keçərək, müharibələrə, inqilablara, sərhədlərin dəyşidirilməsinə dözərək bu gün də uğurla işləyirlər.

Araşdırmalar göstərir ki, dünyada ən çox qədim ailə şirkətləri Böyük Britaniyadadır (100 ailə şirkətindən 25-i). Sonrakı yerləri Fransa (19 şirkət), İtaliya (17 şirkət), Almaniya (12) və başqaları tutur. Səbəb bu ölkələrdə, xüsusilə də italiyalılarda ailə ənənələrini güclü olması, ailə başçılarının bu biznesi səhmləşdirmək istəməmələridir.

Eyni zamanda, 100 şirkətdən 26-sı qədim şərabçılıq müəsssisələridir. Bunun əsas səbəbi bütün əsrlər boyu şəraba tələbatın böyük olması və istehsal prosesinitn demək olar ki, dəyişməməsidir. Populyar bizneslər arasında sonrakı yerləri bank və otelçilik tutur.

fed.az