Turist olmaq gündəlik həyat qayğılarından bir müddətlik uzaqlaşmaq, dünyanın gəzməli və görməli yerlərinə səfər etmək və yeni insanlar tanıyıb yeni təcrübələr qazanmaq üçün əla fürsətdir.
Bütün bu sadalananları reallaşdırmaq üçün istənilən bir yerə turist kimi getmək kifayətdir, ancaq dünyanın bəzi ölkə və şəhərləri digərləri içərisində xüsusilə seçilir və turistlərin ən çox müraciət etdikləri destinasiyaya çevrilirlər.
Həmçinin oxu: Səyahət ediləcək ƏN UCUZ ölkələr
Bugünkü məqaləmizdə sizə turizmin ən çox inkişaf etdiyi, turistlərin tez-tez səfər etdikləri şəhərlərdən bəzilərini təqdim edirik.
1. Nyu York, Nyu York ştatı
Ziyarətçilər Tayms Meydanındakı (Times Square) reklam afişaları boyu avtobus turuna çıxa bilərlər.
Nyu York planetin ən möhtəşəm şəhərlərindən biri olma ünvanına çox layiqdir. “Böyük Alma” (Big Apple) adlanan şəhəri 2011 – ci ildə 50 milyondan çox yerli və xarici turist ziyarət etmişdir. Yolunuz bu əsrarəngiz və enerjisi hər zaman yüksək olan şəhərə düşsə, şəhərin muzeylərindəki dünya səviyyəli mədəniyyət nümunələrini seyr edə, Broadway musiqili tamaşasını izləyə, dünya mətbəxinin bütün növlərini təqdim edən ən yaxşı restoranlarda nahar edə, tarixi etnik məhəllələri və Central Park kimi geniş yaşıllıq əraziləri gəzə bilərsiniz.
Xatırladaq ki, Amerikalılarda milli mətbəx anlayışı yoxdur. Nyu Yorkda Amerikanın digər şəhərlərində olduğu kimi, başqa xalqların restoranları var.
Bruklin Körpüsü (Brooklyn Bridge)
Azadlıq heykəli, Empayr Steyt Binası, Bruklin Körpüsü, Sentral Park və Tayms Meydanı, Müasir Sənət Muzeyi, Quqqenhaym Muzeyi və Müasir Tarix Muzeyləri şəhərin maraqlı məkanlarıdır. Göydələnləri, prospektləri, restoranları, alış-veriş mərkəzləri və insanlarıyla Nyu York dünyanın dörd bir yanından milyonlarla turisti cəzb etməkdədir.
2. Orlando, Florida ştatı
Təkcə siz və ən yaxınlarınızın Walt Disney Dünyasında (Walt Disney World) olduğunu təsəvvür edin.
Amerikanın Florida ştatında onlarla tematik park və dünyanın ən məşhur əyləncə parkı olan Walt Disney Dünyası ilə turistlərin marağına səbəb olan növbəti destinasiya Orlando şəhəridir.
Orlando turistlərə Mall & Disney Springs gecə turu, dünyanın ən böyük su parklarından biri olan Sea World – də dəniz turu təqdim edir.
Sea World turuna qatılaraq burada müxtəlif heyvanlar ilə göstərilən şoular, su üzərində lazerlə, hava fişəngləriylə edilən nümayişləri izləyə bilər, ya da delfinlər ilə üzməyin əsrarəngiz təcrübəsini yaşaya bilərsiniz.
3. Venesiya, İtaliya
“Dənizlər Kraliçası” adlanan şəhər Avropanın ən bahalı şəhərlərindən biri hesab edilir.
Dar küçələr, balaca evlər və bu evlərin eyvanlarından asılan rəngarəng güllər hər küçəyə özünə məxsus bir gözəllik verir.
Venesiyaya səyahət edənlərin çoxunun ilk olaraq üz tutduğu Venesiya qayıqları - qondallardır. Turistlər bu şəhərdə nəqliyyat vasitəsi kimi kiçik paroxod və qondallardan istifadə edə bilərlər. Dünyanın əksər yerlərindən insanlar Venesiyaya bəlkə də məhz onlara nağılvari dəniz səyahəti yaşadacaq qondal təcrübəsi yaşamaq üçün gəlirlər.
Venesiya olduqca bahalı şəhərdir. Yaxşı pul xərcləmədən burada dadlı xörək yemək mümkün deyil. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan xörəklər üstünlük təşkil edir.
Şəhərin ən səs-küylü, turistlərin ən çox olduğu yer isə San-Marko meydanıdır. Burada San Marko kilsəsi və Doj Sarayı yerləşir.
Əgər yolunuz bu möhtəşəm şəhərdən düşsə, Kampanilla, Santa Mariya kilsəsi, Saat qülləsi, La Feniçe teatrı, Həsrət körpüsü kimi Venesiyanın digər görməli yerlərinə baş çəkməyi unutmayın.
4. Cancun, Meksika
Yukatan yarımadasında yerləşən Meksikanın Quintana Roo əyalətinə məxsus Cancun şəhəri açıq mavi dənizi və möhtəşəm çimərlikləri, çox saylı istirahət mərkəzləri və xüsusilə də gecə həyatı ilə turistləri cəlb edən məşhur turist destinasiyalarından biridir. 200 ə yaxın otel və istirahət mərkəzləri ilə ildə təxminən 4 milyon turistə ev sahibliyi edir.
Şəhər bir-birindən fərqlənən iki hissədən ibarətdir – daha ənənəvi sayılan şəhərin işgüzar mərkəzi olan “El Centro” adlanan hissə və ətrafında çoxlu sayda hotellərin, gecə klubları, alış-veriş mərkəzləri və restoranların yerləşdiyi dəniz kənarı “Zona Hotelera” adlanan hissə.
El Centro
Cancun şəhərinə səfər etsəniz, sizə unudulmaz təəssüratlar bəxş edəcək Dənizaltı Muzeyini ziyarət etməyi unutmayın.
5. Qahirə, Misir
“Şərqin qapısı” adlanan Qahirə şəhərində turistlərin diqqətini cəlb edəcək, onlara əsrarəngiz təəssüratlar yaşadacaq yerlər olduqca çoxdur.
İlk baxışda boz, tozlu, çirkli şəhər olan Qahirə əslində qeyri-adi gözəlliyə malikdir, şəhərin küçələrində gəzmək turistlər üçün olduqca maraqlı və həyəcanvericidir.
Əl-Əzhər Məscidi
Bu şəhərdə turistlərin əsas marağına səbəb olan yerlər sırasına “Şərqin Parisi” görünüşünü yaşadan Midan Tahrir şəhər mərkəzi, antik misir mədəniyyətinə məxsus eksponatların sərgiləndiyi Misir Muzeyi, kiçik məhəllə məscidi olan Əl-Əzhər məscidi, şəhərə çox gözəl mənzərə təqdim edən Əl-Əzhər parkı, şəhərin ən sirli və nəfəs nəsən yeri Ölülər şəhəri adlanan Qarafa bölgəsi daxildir.
Qahirənin cənub-qərbində yerləşən Cizə şəhəri də Misirin turizm mərkəzi hesab edilir. Dünyanın yeddi möcüzəsindən biri hesab edilən Misir Piramidaları da burada yerləşir.
Həmçinin oxu: Ucuz səyahət etməyin 15 üsulu
Tamara Mustafayeva, Banco.az