Tarix boyu bir çox alimlər və şəxslər öz kəşfləri və ixtiraları ilə tarixin və bütövlükdə həyatın gedişatını dəyişdiriblər. Həmin ixtiralar və ya kəşflər bu və ya digər şəkildə bu günkü həyatımızı formalaşdırıb. Aşağıda həmin alimlərdən bir neçəsinin fəaliyyətindən və həmin fəaliyyətlərin səbəb olduğu köklü dəyişikliklərdən bəhs olunur.
Siz aşağıdakılardan əlavə www.readit.az saytından Dr. Yaşar Atəşoğlunun «Hər şeyə rəğmən bacaranlar» və Əli Çimənin «Tarixi dəyişdirən liderlər» kitablarının qısa məzmununu əldə etməklə, müasir dövrümüzə təsir edən şəxslərin həyat və fəaliyyəti haqqında daha çox məlumat ala bilərsiniz.
Məqalənin ilk hissəsini sizə təqdim edirik.
Fris Haber
Bu alman kimyaçı bütün dünyanın qida ilə təmin olmasına kömək etsə də, eyni zamanda ilk kimyəvi silahı yaradıb. Bu səbəbdən, onu çox vaxt “Kimyəvi müharibənin atası” adlandırırlar. Haber əslində, insanlıq tarixində hamıdan daha çox insan həyatı xilas edib, ancaq bu, onları öldürməyin yeni yolları axtararkən təsadüfən baş vermişdi.
Alim 1868-ci ildə Prusiyada yəhudi olaraq doğulmuşdur. Ancaq bütün həyatı boyunca özünü qatı Alman millətçisi kimi aparmışdır. Universitetdə kimya təhsili alan Haber, təhsilini bitirdikdən sonra doktorluq dissertasiyasını müdafiə etmişdir. Alman millətçisi kimi çıxış etməsinə baxmayaq, 1930-cu ildə Hitlerin hakimiyyətə gəlməsi nəticəsində, yəhudi keçmişi ucbatından ölkəni tərk etmiş və 1934-cü ildə İsveçrədə dünyasını dəyişmişdir.
Alimin əsas fəaliyyəti azotun təsbit edilməsinə imkan verən kəşfi ilə bağlıdır. Onun ixtira etdiyi aparat azotu ammonyaka çevirirdi. Haberdən əvvəl alimlər ammonyak istehsal etməyi bacarmırdı. Ancaq onun ixtirası bu məsələni bir dəfəlik həll etdi. Əslində, bu zaman Haberin məqsədi heç də dünyadakı aclıq probleminə təsir etmək deyildi. O, müharibə üçün zəhərli qazlar yaratmağa çalışırdı. Çünki, ammonyak partlayıcı maddələrin başlıca elementlərindən biri idi.
Müharibə dövründə zəhərli qazlardan istifadənin uğurlu olması Haberin vəzifəsinin yüksəldilməsinə səbəb oldu və I. Dünya Müharibəsi dövründə Almanyanın “Zəhərli Qaz Müharibəsi” bölməsinin rəhbəri təyin edildi. Bu dövrdən sonra Haber qaz bombaları və xardal qazını ixtira etdi. Həmçinin, dünyadakı aclıq böhranına verdiyi faydaya görə 1918-ci ildə kimya üzrə Nobel Mükafatına layiq görüldü.
Cozep Lister
Cozep Lister müasir dövrdə həyata keçirilən gigiyenik cərrahi əməliyyatların əsasını qoyan bir İngilis cərrahıdır. Cozep həmin dövrdə xəstələrin bir çoxunun əməliyyatdan sonra dünyasını dəyişməsinin bakteriyaların mövcudluğu ilə bağlı olduğunu düşünməyə başladı. Cərrahın bu fikrinə 1865-ci ildə Lui Paster tərəfindən yazılan “Mikrob xəstəlikləri” məqaləsi də təsir etmişdi. Bunun ardınca Cozep, bütün cərrahi avadanlıqların antiseptik maddələr vasitəsilə təmizləndiyi bir əməliyyat həyata keçirdi. Bu üsul yaraya mikrobun daxil olmasına mane olurdu. Lister həmçinin, həkimlərin əməliyyat zamanı geyindikləri gigiyenik xalatların, bintlərin və fenolların istifadə edilməsini də təmin etmişdir. Cərrah bu üsullardan istifadə etməklə işlədiyi xəstəxanada 4 il ərzində ölüm faizini 15% azaltdı. O, “antiseptik tibbin qurucusu” kimi tanınır.
Leo Szilard
Avstriya-Macarıstan fiziki olan Leo Szilard II. Dünya Müharibəsi dövründə Yaponiyaya atılan atom bombalarını dizayn edən və planlaşdıran Manhetten Layihəsinin rəhbərlərindən biridir. Buna baxmayaraq, o, bu fəaliyyətin nəticələrini qabaqcadan görmüş və onu dayandırmaq üçün çalışmışdır. Szilard əvvəl Budapeşt Texniki Universitetinə daxil oldu, ancaq sonra Macarıstanda baş verən hadisələr ucbatından Berlin Texniki Universitetinə getdi. O, burada Maks Plank və Albert Eynşteyn kimi məhşur alimlərdən dərs aldı, daha sonra isə doktorluq dissertasiyasını müdafiə etdi.
O, 1933-cü ildə nüvə zincir reaksiyasını hazırladı və Enriko Fermi ilə birlikdə nüvə reaktoru fikrinin patentini aldı. 1939-cu ilin sonlarında nüvə reaksiyası tənlikləri ilə bağlı bir məsələnin həll edilməsi üçün Albert Eynşteynə müraciət etdi. Bu müraciətdə ondan Manhetten Layihəsinin həyata keçirilməsinə razılıq verməsi xahiş olunurdu. Uzunmüddətli tərəddüdlərdən sonra Eynşteynin həmin müraciəti imzalaması atom bombasının hazırlanması ilə nəticələndi.
Szilard bunlardan başqa, elektron mikroskop, xətti katalizator və siklotronun sxemini kəşf etsə da, onların heç birini özünü hazırlaya bilmədi. Bu səbəbdən bir çox hallarda onun ixtiraları başqalarının adına çıxarıldı. Hətta, Szilard öz ixtiraları üçün Nobel mükafatı əldə edə bilməsə də, onun ixtiralarından istifadə edənlər həmin mükafata layiq görüldü.
Con Bardin
Con Bardin fizika sahəsində iki dəfə Nobel alan ilk alim olmuşdur. O, həmçinin, “Life Magazin”in 1990-cı ildə nəşr olunan sayında “Əsrin ən effektiv 100 Amerikalısı” siyahısına daxil edilib. Bardinə ilk Nobeli (1956) qazandıran ixtirası U.Şokli və U.Bratteynlə birlikdə hazırladığı tranzistor olmuşdur. Bu ixtira elektronika sahəsində inqilaba səbəb oldu. Həmin tranzistorlar vasitəsilə müasir dövrdə asanlıqla komputer, telefon və digər elektronik cihazlardan istifadə edə bilirik. Bundan sonra isə 1972-ci ildə L.Kuper və C.Şrifferlə birlikdə ifrat keçiricilik nəzəriyyəsini yaratdığına görə fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Bu nəzəriyyə nüvə maqnit rezonans spektroskopiyası (NMR) və maqnit rezonans görüntüləmə (MRG) üçün istifadə olunmuşdur.
Bardinə “Manhetten Layihəsi”ndə iştirak etmək təklif edilsə də, o bu təklifdən imtina etmişdir.
Edvard Cenner
İngilis həkimi və alim Edvard Cenner çiçək xəstəliyi əleyhinə peyvəndi ixtira etmişdir. O, “immunologiyanın atası” hesab edilir. Edvard Cenner 2002-ci ildə BBC tərəfindən “100 Böyük Britaniyalı” siyahısına daxil edilmişdir.
1749-cu ildə İngiltərənin Berkli əyalətində dünyaya gələn Cenner öz cərrah kariyerasına hələ 14 yaşında həkim yanında köməkçi olaraq başlamışdır. Daha sonra isə Londonda Tibb məktəbinə daxil olmuşdur.
1775-ci ildən etibarən çiçək xəstəliyi ilə bağlı tədqiqatlara başlayan Cenner xəstəlik əleyhinə peyvəndi hazırlamış və onu xəstə uşaqlara tətbiq etmişdir. Müsbət nəticələr əldə edən alim daha sonra həmin peyvəndin bütün xəstələr üçün istifadə edilməsini təmin etmişdir. Bütün dünyaya yayılan bu peyvənd sayəsində minlərlə, hətta milyonlarla insanın həyatını xilas edən Cenner İngiltərənin Fəxri Vətəndaşı adına layiq görülmüşdür. Çiçək xəstəliyi 1979-cu ildə Ümumdünya Sağlamlıq Təşkilatı tərəfindən müalicəsi mümkün xəstəliklər siyahısına daxil edilmişdir.