Dünya üzrə siqaret üçün xərclənən pulların məbləği - SİYAHI | Banco.az

Dünya üzrə siqaret üçün xərclənən pulların məbləği - SİYAHI

Dünyanın dörd bir yanında istifadə olunan məhsullar siyahısında müxtəlif siqaret markaları da yer alır. Maraqlıdır ki, bəs qətiyyətlə zərərli olduğu vurğulanan, lakin buna baxmayaraq, tələbatın günü-gündən artdığı bu məhsul ölkələr arasında hansı qiymət aralığında satışa buraxılır.

Banco.az xəbər verir ki, dünya ölkələrinin məlumat bazasının formalaşdığı Numbeo Beynəlxalq Müstəqil Tədqiqat İnstitutu bu barədə məlumat yayıb. Belə ki, ən bahalı siqaret brendlərinin Avstraliyada, ən ucuz siqaret markalarının isə Pakistanda satıldığı məlum olub. Sözügedən məhsulun müvafiq ölkədə ən yüksək  qiyməti  20,42 dollar təşkil edir. 2018-ci ilin hesabatına görə, Avstraliyanı 18,31 dollar ilə Yeni Zelandiya, 13,42 dollar ilə isə Norveç izləyir. Siyahıya əsasən Avropa ölkələri liderlik edir.

Dünyanın ən ucuz siqareti Asiya ölkələrində satışa buraxılır. Beləliklə, ən ucuz siqaret Pakistanda orta hesabla 1 dollara təklif olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, müxtəlif ölkələrdə siqaretlə bağlı tətbiq olunan məhdudiyyətlər fərqli nəticələr ortaya qoyur.  Adıçəkilən təşkilatın 15 yaşdan yuxarı siqaret çəkənlərin nisbətiylə bağlı 2016-cı ilə məxsus hesabatına görə 103 min əhalisi olan Kiribati 47,4 faizlə mövcud sektora liderlik edir. Növbəti yerləri  46 və 43 faizlə müvafiq olaraq Monteneqro və Yunanıstan bölüşür.  Siqaretin bəzi ölkələr üzrə qiymət aralığını təqdim edirik.

  • Avstraliya  20,41 dollar
  • Yeni Zelandiya 1,86 dollar
  • Norveç  13,42 dollar
  • İrlandiya 13,42 dollar
  • Birləşmiş Krallıq 12,09 dollar
  • İslandiya 11,27 dollar
  • Kanada 10,55 dollar
  • İsrail 9.97 dollar
  • Türkiyə 3,23 dollar
  • Rusiya 2,13 dollar

Siqaretin ən az istifadə olunduğu ölkələr

Ən sərfəli kredit üçün müraciət et

Qana, Efiopiya, Nigeriya, Eritreya və Panama siqaret istehlakının ən aşağı səviyyədə olduğu ölkələr sırasındadır. ÜST-nin məlumatlarına görə, Afrikalıların təxminən 14 faizi tütündən istifadə edir. Bu nisbət qlobal orta səviyyədən təxminən 22 faiz aşağıdır. Passiv siqaret çəkənlər də daxil olmaqla siqaret hər il 7 milyon insanın ölümünə səbəb olur. Bundan başqa, dünyada 1 milyard 100 milyon siqaret istifadəçisinin təxminən 80 faizi aşağı və orta gəlirli ölkələrdəndir.

Qeyd edək ki, Azərbaycanda mövcud məhsulun qiyməti orta hesabla 1.80-2 manatdan başlayaraq müxtəlif qiymətlərdə təklif olunur. ÜST-nin Azərbaycan üzrə nümayəndəsinin son açıqlamalarına görə, Azərbaycanda siqaret istifadəsi ilə müqayisədə tütün istehlakı (qəlyandan istifadə) daha geniş yayılıb. Bu isə ölkədə siqaret çəkən insanların yarısının 70 yaşına çatmadan dünyalarını dəyişməsinə gətirib çıxarır.

Aida İSAQ, Banco.az