Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaş müraciətlərinin operativ və obyektiv şəkildə araşdırılması və nəticələrinə əsasən qanunauyğun tədbirlər görülməsi işləri davam etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən xidmətə daxil olan müraciətlərlə əlaqədar görülən tədbirlər nəticəsində ümumilikdə 784 809 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin edilib. Həmin məbləğin 94,7 faizi gecikdirilmiş əmək haqlarından, 3,1 faizi işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub.
Qeyd edilən dövrdə 20 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilib və görülən tədbirlər nəticəsində həmin şəxslərin öz əvvəlki işlərinə bərpa etdirilməsi təmin olunub.
Sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi, habelə əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları barədə aidiyyəti işəgötürənlərə hüquqi izahat və məlumatlar verilib.
Mənbə: APA.az