Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 403,5 mln. kVt/saat elektrik enerjisi, 137 min Q.kal istilik enerjisi, 84,1 mln. kubmetr təbii qaz, 17,9 mln. kubmetr su, 8 mln. manatlıq rabitə xidmətləri istehlak edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisinin istehlakı 30,4%, rabitə xidmətlərinin istehlakı 19,4%, təbii qazın istehlakı 10,4%, elektrik enerjisinin istehlakı 4,0% artıb, suyun istehlakı isə 0,6% azalıb.
İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 4,6% artaraq 120,1 mln. manat təşkil edib.
İstehlakın ümumi dəyərinin 70%-ni elektrik enerjisi, 13,3%-ni su, 7%-ni təbii qaz, 6,7%-ni rabitə xidmətləri, 3%-ni isə istilik enerjisi təşkil edib.
Bu ilin yanvar-sentyabr aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 92,6%-ni və ya 2013-cü ilin müvafiq dövründə 91,6%-ni ödəyib, 8,9 mln. manatlıq kəsir yaranıb.
İstehlak edilmiş elektrik enerjisinin 6,1 mln. manatı, suyun 1,5 mln. manatı, təbii qazın 649,9 min manatı, istilik enerjisinin 357,4 min manatı, rabitə xidmətlərinin 303,9 min manatı ödənilməyib.
Mənbə APA.az