İsmayıl Vəliyev: “Əlimdə kitabları görənlər mənə gülürdülər”
Yeniliyi sevir, öz üzərində işləyir, həm də çox inadkardır. Komfortu qətiyyən sevmir, buna baxmayaraq özünü xoşbəxt hiss etmədiyi işdə qalmır. Əgər olduğu mühit, çalışdığı iş onu qane etmirsə, bir anda qərar verib gedə bilər və bir neçə dəfə bunu edib də… Müsahibimiz 10 ildir ki, təlimçi, spiker, kouç olaraq fəaliyyət göstərən, hazırda isə eyni zamanda Harvard Universitetində menecment üzrə magistr təhsil alan həmyerlimiz İsmayıl Vəliyevdir. O həm də ABŞ-da bir startapda çalışır.
Qeyd edək ki, İ.Vəliyev bakalavr təhsilini Regionşünaslıq (Amerikaşünaslıq), sahəsində alıb. "ANG GROUP”da İşəqəbul üzrə Menecer, "CMBİ İnternational”da insan resursları mütəxəssisin müavini, "Baku Shipyard”da təlim və inkişaf mütəxəssisi olaraq işləyib. "Özünü kəşf et” kitabının müəllifidir. Blogger kimi də fəaliyyəti var.
- Sizinlə bağlı ən çox diqqətimi çəkən məsələ 3 il kəsilib, 4-cü il universitetə qəbul olmağınız oldu. 3-cü cəhddən sonra adətən, imtahan verən olmur. Heç həvəsdən düşmürdünüz?
- Əslində, uşaq vaxtı çox oxuyan uşaqlara qorxaq, boş-boş işlərlə məşğul olan zəiflər kimi baxırdım. Ən lazımsız şey mənim üçün dərsləri oxumaq idi. Ancaq 10-cu sinifdə oxuyarkən hiss etdim ki, mən kənddə qalmaq istəmirəm, orda çox sıxılırdım. Hər kəs Rusiyaya gedirdi. Ancaq, niyəsini hələ də bilmirəm. Amma məndə Rusiyaya getmək həvəsi yox idi. Hətta atam da dedi ki, getmək istəsən, köməklik edəcəyəm. Amma bu, mənə heç maraqlı deyildi. Sonra düşündüm ki, olduğum mühitdən çıxmaq üçün ən yaxşı yol oxumaq, universitetə qəbul olmaqdır. Bakıya gedərəm, ordan da Avropaya, Amerikaya yolum açılar.
Və müəllimlərimə yaxınlaşıb universitetə hazırlaşmaq istədiyimi dedim. Bir çox müəllimlərim məni ciddi qəbul etmədilər. Əslində, haqlı idilər. Ancaq, ümidsiz olsalar da, ailəmlə tanışlıqlarına görə məni candərdi hazırlığa qəbul edənləri də oldu. Beləliklə, oxumağa başladım. Əlimdə kitabları görənlər mənə gülürdülər. "Səndən oxuyan olmaz, boşuna atanın pulunu xərcləmə” deyirdilər. O zaman üçün bəlkə də haqlı idilər.
Kitabların, testlərin üzərində saatlarla oturub oxumaq, işləmək mənim üçün çox çətin idi, səbrim çatmırdı, oxuduqlarım yadımda qalmırdı. Ancaq oxuduqca, öyrəndikcə sevməyə başlayırdım, həvəsim də artırdı. Ətrafdakılar kimi mən də tələbə olacağıma inanmırdım. Sualınıza cavab olaraq deyim ki, bəlkə də, 4-cü ildə də universitetə müraciət etməyimə səbəb çox motivasiyamın olması deyildi. Böyük ehtimalla, mən kənddən çıxmaq, nələrsə etmək və bəlkə də mənə inanmayan hər kəsi səhv çıxarmaq üçün bu qədər inadkarlıq göstərirdim. Əslində, 3-cü il özəl universitetə qəbul olmuşdum, amma o vaxt rayon yerində "özəl məktəbləri oxuyanları gələcəkdə heç kim işə götürməyəcək” yanaşması olduğu üçün valideynlərim dedilər ki, oxuma. 4-cü il Xəzər Universitetinə qəbul oldum, yenə dedilər ki, özəldir. Gördülər ki, 5-ci ilin də hazırlığına başlayıram, qohum-əqrəba yığışıb dedi ki, bu adam oxumaqdan birtəhər olacaq, özəldə oxusun, nə olar-olar. Beləcə, mənim universitet həyatım başladı.
- Amma artıq universitetə qəbul olmuşdunuz. "Kənddən qurtuluş” adı ilə olsa da, artıq oxumaq lazım idi. Tələbəlikdə necə oxudunuz?
- Tələbəlik əla başlamışdı. Bütün qiymətlərim çox yaxşı idi. Tez bir zamanda ən çox istədiyimi etmişdim. İngilis dilində artıq çox əla yazır, danışırdım. Ancaq universitetə qəbul olmağım nə qədər çətin olmuşdusa, ali təhsilimi bitirmək də o qədər ağır oldu. Bunun da bir neçə səbəbi var idi. Misal üçün, sadəcə, xoşum gələn, mənə maraqlı olan dərsləri götürürdüm. Tədris olunan fənlərdən çoxu kredit baxımından mənə lazım olan dərslər deyildi. Bundan əlavə, karyera hədəflərimi də, dəyişdirmişdim və tamamilə yeni sahəyə maraq yaranmışdı. Artıq marağım olan başqa sahə ilə əlaqəli kitablar oxuyurdum, araşdırırdım. Dərslərdə oturanda da, gizlicə bu kitabları oxuyurdum. Təbii ki buna görə, imtahanlardan kəsilirdim. Başqa bir səbəb də, aldığım iki risk idi. Hansı ki, ikisində də uğursuz olmuşdum. Həm aldığım risklərdə uğursuz oldum, həm də iki il itirdim, gecikmiş oldum.
- Hansı risklərdən söhbət gedir?
- Biri bu idi ki, öz işimə başladım. Dedim ki, təhsil haqqımı və bütün xərclərimi ordan qazanacağım pulla ödəyəcəyəm. Orda uğursuz oldum. İkincisi də var, amma indi yadıma düşmür (gülür).
- Hansı sahəyə maraq yaranmışdı sizdə?
- Sahibkarlıq və fərdi inkişaf.
- Fərdi inkişaf əslində hər sahə ilə bağlı olsa da, ümumilikdə bunlar bir az fərqli sahələrdir. Bu iki istiqamət niyə?
- Nə qədər məşhur, bəyənilən, sevilən, prestijli olmasından asılı olmayaraq, həmişə mənim üçün mənalı olan, maraqlı gələn bir sahənin axtarışında olmuşam. Öncə fərqli düşünürdüm, ancaq dərsləri oxuduqca, daha yaxından tanış olduqca, həvəsim ölməyə başlamışdı. Və təkrar axtarışa başlamışdım. Axtarış zamanı da bu sahəni tapdım və o gündən bu günə kimi hələ də bu sahədəyəm.
- Bəs, sonra bu istiqamətdə fəaliyyətiniz heç olmadı?
- Olmadı, tamamilə uzaqlaşdım.
- İş həyatına keçiddən danışaq bir az da. İlk olaraq harda işlədiniz? Bu tələbə vaxtı oldu, yoxsa sonralar?
- Tələbə vaxtlarından işləməyə başlamışdım. İlk işim bir şirniyyat dükanında gecə növbəsində oldu. Evdən xəbərsiz çalışırdım. Ancaq çox uzun çəkmədi və iki həftədən sonra işdən çıxdım. Daha sonra beynəlxalq yarışlarda, rəsmi görüşlərdə və s. tərcüməçi kimi işləyirdim. Eyni vaxtda həm də ingilis dili müəllimi kimi də çalışırdım, kitabxanada da fəaliyyət göstərirdim. Ancaq bir gün ingilis dili müəllimliyi və tərcüməçilikdən sıxıldığımı hiss etdim və bütün iş yerlərindən eyni vaxtda çıxdım. Artıq təlimçi kouç olaraq işləmək istəyirdim. Uzun müddət işsiz qaldım, amma əvvəlki işlərə də qayıtmadım. Və bir gün öz istəyimə uyğun iş təklifini aldım. Bu insan resursları sahəsində idi. O işlə yanaşı, şirkətlər, qeyri-hökumət təşkilatlarında, tələbə birliklərində təlimlər də keçməyə başladım. Təlimçi kimi hardan təklif olurdusa, "hə” deyib, gedirdim.
- Heç kim o vaxt inanmazdı ki, İsmayil Amerikada təhsil alar. Deyilsəydi də, yəqin ki, hamı buna gülərdi. Xaricdə təhsil fikri necə yarandı?
- Onsuz da gülürdülər. Hamı deyirdi, sən oxusan tələbə olsan, mən bunu edəcəyəm, onu edəcəyəm. Hamı çox cəsurca deyirdi ki, mən tələbəlik deyilən o hissi yaşaya bilməyəcəyəm. Hətta bir müəllimimiz bütün sinfin qarşısında "uşaqlar siz də şahid olun, bu gedib oxusa, tələbə olsa, ingilis dilini öyrənsə, mən o gün diplomuma tüpürəcək və müəllimlik sənətindən istefa edəcəyəm" demişdi. Müəllimimə o dövr üçün haqq qazandırıram, çünki mən özüm də inanmırdım, ancaq yenə də, cəhd etmək istədim. Universitetə gələndən sonra təhsilə, oxumağa həvəsim daha da artmışdı. Artıq Bakı ilə kifayətlənmək istəmirdim və buna görə də axtarışlar etməyə başladım və çox şükür ki, oxumaq istədiyim bütün təhsil ocaqlarında oturmaq şansım oldu.
Xaricdə təhsilin başqa önəmli bir səbəbi də var idi. Bakıda artıq istədiyim yerə gəlmişdim. İş tapmaq, pul qazanmaq mənim üçün artıq problem, çətinlik olmaqdan çıxmışdı. Ancaq mən daha çoxunu istəyirdim. Artıq hədəfim beynəlxalq səviyyə idi. Heç kimə demədən ABŞ-a getməyə qərar verdim. Mənim üçün bu da bir risk idi, alınmasaydı, imtahandan keçə bilməsəydim, viza verməsəydilər, itirəcəklərim çox olacaqdı. Ancaq çox şükür ki, bunu reallaşdırdım.
- Deyəsən, olduğunuz mühiti, çalışdığınız işin sizə uyğun olub-olmadığını bu sıxılma ilə müəyyənləşdirirsiniz...
- Niyəsini dəqiq bilmirəm ancaq, mənim üçün əlçatmaz, çətin görünən bir neçə arzular olub. Çətinliklə onları əldə etmişəm və bəzilərini elə əldə etdiyim günün sabahı tərk etmişəm. Niyəsini dəqiq bilmirəm, sadəcə, təxminlərim var. Dayanmağı, durmağı, kifayətlənməyi sevmirəm. Rahatlıq, komfort məni narahat edir. Daim yenilik istəyirəm. Ancaq hər hansı bir yenilik deyil, mənim üçün mənası, dərinliyi olan bir yenilik, ya da yeniliklər axtarışındayam.
- Özünüzü təkmilləşdirmək üçün nələr edibsiniz və edirsiniz?
- Öz üzərimdə davamlı işləyirəm. Bu proses heç dayanmır, durmur. O qədər çox və fərqli şeylər etmişəm ki, hansını deyim, bilmirəm. Ancaq bunu deyə bilərəm ki, faydalı olacağını düşündüyüm saysız-hesabsız fərqli metodlar, alətlər, yanaşmalar yoxlamışam. Bundan əlavə, psixologiya sahəsində də araşdırmalar aparıram, fərqli proqramlarda iştirak edirəm. Dünyanın bir nömrəli kouçu Toni Robbinsin proqramını, Stanford Universitetindən insan davranışının dizayn olunması sahəsində kouçluq proqramlarını tamamlayıb, sertifikatları almışam.
- Riskləri sevirsiniz deyəsən.
- Bəli, həm də çox.
- Amma bunun digər bir tərəfi də var, etdin, alınmadı…
- Risk etmək, həm də alınmayacağını güman edərək, bir növ, öncədən məğlubiyyətinə imza atıb işə başlamaqdır. "Etdim, birdən alımadı” deyə düşündüyümüz işlər, elə o andan alınmamağa başlayır.
- Edib, alınmadığını gördüyünüz nələr var bəs?
- Çox olub alınmayanlar. Əlbəttə, nəticəsi çox stressli, ağır olur. Başladığım, amma uğursuz alınan bizneslər olub. Hazırladığım, amma gözlədiyim səviyyəyə çatmayan proqramlar və.s
- Özünüzlə bağlı planlarınız reallaşır?
- Reallaşanlar da var, uğursuzluğa düçar olanlar da. Bəzən, reallaşma tarixini bir az uzatmaq lazım olur. Çünki, işlər daim bizim hesabladığımızdan daha çox zaman alır. Bəzilərini isə bir müddət sonra ləğv etmək qərarı verirəm. Ancaq bu mövzuda narazılığım yoxdur. Əsas planlar reallaşır, bəzən tez, bəzən yavaş-yavaş, bəzən isə min bir məşəqqətlə. Ancaq əsas olan nəticədir.
- 30 yaşınız var, təhsil, iş məsələsini artıq həll edibsiniz. Bəs ailə qurmaq haqqında düşünmürsünüz?
- Azərbaycanda olanda ailə qurmaq haqqında o qədər də fikirləşmirdim. Bəlkə də o insan qarşıma çıxmamışdı. Amma bir neçə ildir ki, Amerikadayam, burda isə azərbaycanlılar azdır. Mən isə öz həmvətənimlə evlənmək istəyərəm. Ya da, bəlkə o xanım qarşıma çıxmadığı üçün belə deyirəm (gülür).
- Gələcəkdə Amerikada, yoxsa Azərbaycanda çalışmaq fikriniz var?
- Bu haqda indidən tam dəqiq fikir deyə bilmərəm. Hələ ki Amerikadayam. Amma harda olmağımdan asılı olmayaraq, Azərbaycan üçün nələrsə edəcəyəm, təhsil, sahibkarlıq və digər sahələrdə.
kaspi.az