Dollar kreditlərinə görə prezidentə müraciət | Banco.az

Dollar kreditlərinə görə prezidentə müraciət

"Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir".

Dollar kreditləri ilə bağlı prezidentə müraciət edildi. ANS PRESS-in məlumatına görə, bu barədə İqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, dollar ilə götürülən kreditlərə dövlət tərəfindən kompensasiyanın ödənilməsi məsələsini dəfələrlə gündəmə gətirmələrinə baxmayaraq Mərkəz Banktərəfindən bu istiqamətdə hələlik heç bir addım atılmayıb:

"Son monitorinqlər göstərir ki, kreditlərin ödənilməsi ilə bağlı ciddi çətinliklər müşahidə edilir. Dollar kreditləri manat ifadəsində 2 dəfə artıb və bu da belə kredit götürənlərin sosial vəziyyətinə də neqativ təsir göstərir. Bütün bunları nəzərə alaraq, bir qrup iqtisadçı adından Azərbaycan Prezidentə müraciət etdik. Müraciətin hazırlanmasında Fikrət Yusifov, Sabit Bağırov və digər həmkarlarımız yaxından iştirak edib". 

Müraciət artıq Prezident Administrasiyasına təqdim edilib. ANS PRESS-in məlumatına görə, müraciətdə deyilir:

"Bu müraciətimizdə cəmiyyətimizi çox ciddi şəkildə narahat edən bir məsələnin reallıqlarını Sizə çatdırmaq istəyirik. Qaldırdığımız məsələ bu gün milyonlarla vətəndaşımızın taleyi, cəmiyyətin sosial sabitliyi və dövlətin təhlükəsizliyi ilə bağlıdır. Belə ki, keçən ilin fevral və dekabr aylarının baş vermiş manatın kəskin devalvasiyasından sonra bir çox vətəndaşlarımızın maddi vəziyyəti xeyli ağırlaşıb və eyni zamanda onların az olmayan hissəsi psixoloji gərginlik altına düşüb.

Apardığımız araşdırmalar göstərir ki, bu kreditlərin böyük əksəriyyəti sosial yönümlü kreditlərdir və insanlar onları bir qayda olaraq məişət problemlərinin həlli məqsədilə götürüblər. Ən doğru olanı isə budur ki, kredit almaq üçün müraciət edən insanlar əksər hallarda manatla krediti almaq mümkün olmadığına görə xarici valyutada kredit götürməyə məcbur olublar. Ehtiyac içində olan vətəndaşa bir çox banklarda krediti yalnız xarici valyutada almağın mümkün olduğu deyilib və insanlar başqa çıxış yolu tapmadıqlarından məcbur olub bu təklifi qəbul ediblər.

Xarici valyutada gəliri olmayan bu insanlar bir il ərzində manatın məzənnəsində baş verən kəskin ucuzlaşmadan sonra indi xarici valyutada olan bu kreditləri ödəyə bilmirlər. Buna onların manatla olan gəlirləri imkan vermir. Keçən ilin fevral ayının 21-nə qədər kredit üçün aylıq ödənişi 200 manat olan bir vətəndaş indi həmin krediti bağlamaq üçün 400 manat xərcləməlidir. Bu isə real deyil. Çünkü onların gəlirləri bu miqyasda artmayıb. Bəziləri isə böhranla bağlı iş yerlərini itiriblər".

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçılar qeyd ediblər ki, İnsanların belə maliyyə yükünü çəkmək imkanı praktik olaraq yox dərəcəsindədir. Digər tərəfdən yaranmış bu durum bankların da vəziyyətini getdikcə ağırlaşdırmaqdadır.

V.Bayramov deyir ki, bu kreditlərin qayıtmaması bank sistemini bütövlükdə iflic vəziyyətinə sala bilər. Bəzi banklar isə yaranmış vəziyyətdən haqqsızcasına istifadə edərək müştərilərə kreditlərə güzəşt tətbiq etdiklərini deyib onlara müəyyən ödənişlər etdirir və sonradan ödənilən məbləğin 2/3 hissəsini kredit faizlərinə silirlər. "Bir sözlə bu gün bu sahədə tam anlaşılmaz bir özfəaliyyət hökmranlıq edir. Bu vəziyyət sonda ölkədə sosial gərginliyin artması ilə nəticələnə bilər. Vətəndaşların dövlət qayğısına inamının möhkəmləndirilməsi, onların maraqlarının dövlət tərəfindən qeydsiz-şərtsiz təmin edilməsi üçün, fikrimizcə, dollarla kredit almış olanlara manatın məzənnəsindəki dəyişikliklər kompensasiya edilməlidir. Dövlətimizin qüdrəti və maliyyə ehtiyatları buna imkan verir".

İqtisadçılar bir neçə təklif də səsləndiriblər. Onların arasında fiziki şəxslərin müflisləşməsi haqqında qanunun qəbul edilməsi,  Mərkəzi Kredit Bürosunun yaradılması, Maliyyə Ombudsmanı institutunun təsis edilməsi, lombardlar və lizinq qurumlarının fəaliyətinə nəzarətin gücləndirilməsi var. 

Müraciəti hazırlayanlar arasında Sabit Bağırov (Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun direktoru),  Fikrət Yusifov (Ekonomiks İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri), Ruslan Atakişiyev (İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin rəhbəri),  Vüqar Bayramov (İqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri), Sirus Abasbəyli (Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin rəhbəri), İlkin Qarayev (Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi İctimai Birliyinin rəhbəri), Qalib Toğrul (İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri), Azər Mehdiyev (İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri),  Eyyub Hüseynov (Azad İstehlakçılar Birliyinin sədri) var.