Daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Banco.az ötən illər ərzində daşınmaz əmlakın icbari sığortası üzrə bağlanan sığorta müqavilələrindən daxil olan sığorta haqlarının məbləğini təqdim edir.
2014-cü ildə 152111 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanıb. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 16 milyon manata yaxın olub. 2013-cü illə müqayisədə bu icbari sığorta müqavilələrinin sayında 36,05 faiz, sığorta haqlarının məbləğində 23,81 faiz artım müşahidə edilib.
2015-ci ildə 108 444 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 24,8 milyona yaxın olmuşdur.
2016-cı ildə 140 848 sayda daşınmaz əmlakın icbari sığortası müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 25,2 milyona yaxın olmuşdur.2015-ci il ilə müqayisədə bu növ üzrə icbari sığorta müqavilələrinin sayında 30% , sığorta haqlarının məbləğində 1.5% faiz artım müşahidə edilmişdir.
2017-ci ilin dekabr ayı ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 101843 sığorta müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 24,2 milyon olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 50% azalma, sığorta haqlarının məbləğində isə 106% artım müşahidə edilmişdir.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 23 mln. 506,9 min manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə daxilolmalarda 4 mln. 427,4 min manat və ya 23,21% artım müşahidə edilib.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (“Atəşgah” Sığorta Şirkəti ASC, “Standard Insurance” Sığorta Şirkəti ASC, “AtaSığorta” ASC, “Xalq Sığorta” ASC, “PAŞA Sığorta” ASC, “AXA MBASK” Sığorta Şirkəti ASC, “AzSığorta” ASC, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti, “Meqa Sığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Qala Sığorta” ASC, “Günay Sığorta” ASC) fəaliyyət göstərir.
Pərvanə Aslanova, Banco.az