Buxarestdə energetika nazirlərinin iclası keçirilib | Banco.az

Buxarestdə energetika nazirlərinin iclası keçirilib

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan mayeləşdirilmiş təbii qaz layihəsinin (AGRİ) iştirakçı ölkələrinin energetika nazirlərinin iclası keçirilib.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, iclasda layihənin həyata keçirilməsi ilə bağlı iştirakçı ölkələrin mövqeyi, layihənin texniki-iqtisadi əsaslandırılmasının yekun nəticələri və maliyyələşdirmə imkanları müzakirə olunub.

Azərbaycanın energetika naziri Natiq Əliyev AGRİ layihəsinin iqtisadi və sosial əhəmiyyətindən bəhs edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, enerji resurslarının nəqli marşrutlarının diversifikasiyasına verdiyi töhfə və həyata keçirilən enerji layihələri barədə ətraflı söz açıb.

Gürcüstan energetika nazirinin müavini Mariam Valişvili ölkəsinin AGRİ-nin həyata keçirilməsinə verdiyi önəm və dəstək barəsində tədbir iştirakçılarına məlumat verib.

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniyanın “Penspen” şirkəti AGRİ layihəsinin texniki-iqtisadi əsaslandırılmasına dair qısa təqdimat keçirib.

BP şirkətinin Cənub Qaz Dəhlizi üzrə vitse-prezidenti Joe Murphy qeyd edib ki, AGRİ layihəsinə Cənub Qaz Dəhlizinin əlavə komponenti kimi baxılmalıdır və bu layihənin effektiv şəkildə həyata keçirilməsi üçün iştirakçı dövlətlər arasında müvafiq hüquqi, texniki və iqtisadi sənədlərin hazırlanmasına ehtiyac duyulur.

İclasın sonunda qəbul edilən Birgə Bəyannamədə AGRİ layihəsinin Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən Cənub Qaz Dəhlizinin bir hissəsi olaraq gələcəkdə inkişaf etdirilməsinə dəstək ifadə olunub.

 

 

apa.az