Bütün dünya ölkələri üzrə göstəricilər gəlirlərin bölüşdürülməsində bərabərsizliyin artdığını nümayiş etdirir. "Oxfam" beynəlxalq təşkilatının hesablamalarına görə, dünyanın ən varlı 85 insanına məxsus aktivlərin həcmi dünya əhalisinin yarısına məxsus aktivlərin həcminə bərabərdir.
Dünyada iqtisadi bərabərsizliyin kəskinləşməsi mövzusu "Davos-2014" forumunun başlıca müzakirə mövzusu olaraq qalmaqdadır. Əksər ekspertlərin fikrincə, bu problemin həlli dünyanın maliyyə elitasının qarşısında duran əsas vəzifələrdən biridir.
“Oxfam” beynəlxalq təşkilatı tərəfindən dərc olunan hesabatda qlobal bərabərsizlik probleminin kəskinləşməsinə dair əsas tendensiyalara yer verilmişdir. Tədqiqat nəticəsində ekspertlər digərlərinə nisbətən daha çox təhlükə ifadə edən faktları müəyyən etmişlər.
- Dünyadakı ən zəngin insanların 1%-i 110 trilyon həcmində aktivlərə sahibdirlər. Bu rəqəm dünyanın yoxsul təbəqəsinə aid olan ümumi sərvətin həcmindən 65 dəfə çoxdur.
- 85 zəngin insanın sərvətinin həcmi dünya əhalisinin yarısına (3.5 milyard insan) məxsus sərvətin həcmi ilə eynidir.
- Dünyada 10 nəfərdən 7-si iqtisadi bərabərsizliyin son 30 il ərzində əhəmiyyətli dərəcədə artdığı ölkələrdə yaşayır.
- 1980-2012-ci illər ərzində dünyadakı ən zəngin insanların 1%-i 26 ölkədən 24-də öz gəlirlərini artırmışdır.
- Avropanın ən zəngin 10 insanına məxsus maddi vəsaitlərin ümumi məbləği 2008-2010-cu illərdə AB-nin səlahiyyətli orqanları tərəfindən regionda iqtisadiyyatın stimullaşdırılması məqsədilə ayrılan vəsaitlərin həcmini üstələyir. (Uyğun olaraq, 217 milyard avro və 200 milyard avro).
Banco.az / Sevinc İbadova