Bu həftə maliyyə bazarları FED-in növbəti iclası, ABŞ-da II rübün korporativ hesabatları, ABŞ iqtisadiyyatı üzrə II rübün ilkin göstərici və Sankt-Peterburqda keçirilən OPEC+ neft nazirləri Monitorinq Komitəsinin iclasını diqqətlə izləyəcək.
"Report" xəbər verir ki, FED-in bu həftə keçirəcəyi 2017-ci ilin 5-ci iclasında iqtisadçılar uçot dərəcəsinin dəyişdirilməyəcəyini ehtimal edirlər. Əsas diqqət FED-in açıqlamalarına yönələcək. Analitiklər FED-in balansını azaltma əməliyyatlarına başlama vaxtını daha çox sentyabr iclasında açıqlayacağını gözləyirlər.
Ekspertlər ABŞ-dakı iqtisadi artımı II rüb üzrə 2,5% səviyyəsində proqnozlaşdırırlar. Maliyyə bazarları artım tempinin 2%-ə yaxın olacağı təqdirdə, buna sərt reaksiya verə bilər. Belə ki, aşağı iqtisadi artım və inflyasiya FED-i uçot dərəcəsini artırmaq və balansı azaltmaq qərarından vaz keçirə və ya bu qərarı ertələməsinə səbəb ola bilər.
Həmçinin, bu həftə ABŞ-ın daha 200 şirkəti II rüb üzrə hesabatını açıqlayacaq. Bunların arasında "McDonald's", "Caterpillar", "General Motors", "Boeing", "Amazon" və "ExxonMobil" kimi nəhənglər var. Qeyd edək ki, ötən həftə hesabatları açıqlanan şirkətlərin 73%-nin xalis mənfəəti proqnozları üstələyib.
Bununla yanaşı, bu gün Sankt-Peterburqda keçirilən OPEC+ Monitorinq Komitəsinin iclasından önəmli açıqlamalar gözlənilir. İclasda neft təklifinin azaldılması ilə bağlı önəmli qərar qəbul olunmasa, neft qiymətlərinin yenidən azalma trendinə girməsi ehtimal edilir.