Neftin qiymətinin azalması, manatın devalvasiyası nəticəsində xaricdən dollarla idxal mallarının bahalaşması, əhali arasında manatın məzənnəsinin necə dəyişəcəyi ilə bağlı fikirlərin gəzməsi, kommersiya banklarının kredit verilişini azaltmasının ölkə iqtisadiyyatına necə təsir edəcəyi əsas müzakirə məsələlərindədir.
Qiymətlərdə ötən dövrlə müqayisədə artımlar var. Artan qiymətlər pula olan tələbi artırır. Pula olan tələbin artması isə faiz dərəcələrinin artmasına səbəb olur. Bu da son nəticədə tələbin azalmasına gətirib çıxarır. Qiymət artımı insanları daha az almağa vadar edir ki, son nəticədə artan qiymətlər əhalidə pulun azalması ilə nəticələnir. Əhalinin yığdığı pulların azalması əmanətlərin azalmasına və faiz dərəcələrinin artmasına səbəb olur. Yüksək faiz dərəcəsində borc götürməyin dəyəri artır. Yeni ev almaq üçün borc götürənlər azalır, mənzil bazarında mənzillərə tələb düşür. Yüksək faiz dərəcələri biznes investisiyalarının azalmasına, işsizliyin artmasına səbəb olur.
Əgər 2015-ci ilin əvvəlindən indiyə kimi ölkə iqtisadiyyatına nəzər salsaq görərik ki: manatın devalvasiyasından sonra qiymətlərdə artım qeydə alındı, insanlarda manata inam azaldı, əmanətlərin həcmində azalma oldu, faiz dərəcələri qalxdı, məcmu tələbdə azalmalar oldu.
Mərkəzi Bank qısamüddətli dövrdə pul təklifini artırmaq əvəzinə kreditlərə faiz maksimumu təyin etdi. Düzdür qeyd etmək lazımdır ki, MB uçot dərəcəsini artıq 3%-ə endirib (daha ətraflı http://www.cbar.az/infoblocks/corridor_percent), ancaq biraz da endirilməsi, fikrimcə, qarşıdakı vaxtlarda gözlənilir. Yalnız pul təklifini artırmaqla Mərkəzi Bank qısamüddətli dövrdə iqtisadiyyatımızın çətin günlərini arxada qoya bilər.
Xəyal İsmayılov. Banco.az