“Artgasparov.com” diplomatların münaqişə vəziyyəti yarandıqda situasiyadan öz ləyaqətini itirmədən çıxmaq üçün tövsiyələrini paylaşıb.
Bəzən ünsiyyət zamanı xoşagəlməz vəziyyətlə üzləşirik. Müsahibimiz səsini qaldırır və bəzən hətta qışqırmağa başlayır. Üstəlik, bu cür pis davranışın səbəbləri tamamilə fərqli ola bilər. Kimsə səs tonunu qaldırırsa, kübarlığını itirmədən cavab verməyə kömək edən bəzi faydalı məsləhətlərə diqqət yetirək.
Əvvəlcə qarşınızdakı şəxsin niyə səsini qaldırdığını başa düşməlisiniz.
Ən çox yayılmış səbəblər aşağıdakılardır:
· Səsini qaldırmaqla insan narazılığını bildirir.
· Səsini qaldırmaqla, insan öz vacibliyini, əhəmiyyətini və üstünə qışqırdığı şəxsdən üstün olduğunu nümayiş etdirir.
· Qışqırıq və yüksək səs tonunun köməyi ilə insan onu eşitmədiyini və ya anlamadığını düşündüyü şəxsə öz fikrini çatdırmağa çalışır.
· Müxtəlif fırıldaqçılar və manipulyatorlar yüksək səs və qışqırıqlardan istifadə edirlər —Məşhur “Atmosfer” fəndini tətbiq edirlər. Bu fəndin məqsədi həmsöhbətini emosional tarazlıqdan çıxarmaqdır ki, ona nəzarət etmək daha asan olsun.
Həmçinin oxu: Aqressiv əməkdaşla yola getmək üçün – 5 MƏSLƏHƏT
Sizinlə danışarkən səsini qaldıran insana necə reaksiya verməlisiniz?
Əvvəla, həmsöhbətinizə söhbətin bu məcrada davam etməyəcəyi barədə qətiyyətlə bildirin. Daha sonra vurğulayın ki, ancaq təmkinli və nəzakətli olmağa çalışsa, söhbətə və ya müzakirəyə davam edəcəksiniz.
Təəssüf ki, bəzi insanlar əmindir ki, əgər onlara qışqıran olsa, onlar da cavabsız qalmamalı, hətta dava salıb həmin şəxsə yerini göstərməlidirlər. Bu, tamamilə səhv fikirdir. Ünsiyyət bacarığı və diplomatiya sənəti hər cür kobudluq, şiddət və təcavüzün əleyhinədir.
Bəlkə də, danışdığınız birinə qışqırmağa dəyər ki, sizi eşitsin və qışqıra-qışqıra nitq söyləməyi dayandırsın. Ancaq bunu nəzakətlə və ehmalca edin. Uşaqlıqdan bəri bildiyimiz psixoloji stop- sözlərdən istifadə edin: “dayan”, “bəsdir”, “stop”.
Bu sözləri dostyana deyin ki, həmsöhbətiniz şüuraltı səviyyədə sizin özünüzü aqressiv aparmağı və hücuma keçməyi düşünmədiyinizi anlasın. Düzgün jestikulyasiya sizə kömək edəcək. Əllərinizi döş qəfəsi səviyyəsində qaldırın, ovuclarınızı həmkarınıza tərəf çevirin və onun adını əlavə edərək stop-sözü deyin. Məsələn, “Nurlan, bəsdir”. Ümumiyyətlə, söhbət etdiyiniz insanın adını çəkmək kommunikasiyanı daha yaxşı edir.
Həmçinin oxu: Çətin həmkarlarla necə yola getmək olar? – MƏSLƏHƏT
Həmsöhbət bir az sakitləşdikdən sonra ona təklif etmək olar ki, nəzakətli tonda ən başdan danışmağa başlasın. Yəni, o, niyə əsəbiləşib, səsini yüksəldib və hətta qışqırmağa başlayıb, onu bu davranışa nə təhrik edib.
Əsas qaydanı unutmayın: Əgər sizə kimsə səsini yüksəldirsə, cavabında qışqırığa keçmək lazım deyil. Qarşınızdakı şəxs sizinlə normal danışmağa, problemi sivil bir şəkildə həll etməyə hazır deyilsə, söhbəti davam etdirməyin! Başqalarının sizinlə əskildici şəkildə danışmasına icazə verməyin. Vəziyyət düzələcəkmiş kimi görünmürsə, yaxşısı budur, həmin şəxslə hər cür əlaqəni kəsin.
Nigar Umaxanlı, Finco.az