“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Kapital Bankla birgə “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçirib | Banco.az

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Kapital Bankla birgə “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçirib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Kapital Bankla birgə “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlim keçirib. Maarifləndirmə xarakteri daşıyan təlim zamanı iştirakçılara nəzəri məlumatlar verilib və maliyyə dəstəyindən praktiki istifadə qaydalarından bəhs edilib. Tədbir çərçivəsində xarici ticarətdə maliyyə alətlərinin rolu, ixrac zamanı avans ödənişləri, akkreditiv, faktorinq, qarantiyalar, ixrac fəaliyyətinə yönəlik kreditlər və digər mövzularla bağlı sahibkarlara ətraflı məlumat verilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə bildirib ki, Azərbaycanda xarici ticarət əməliyyatlarında önəmə malik olan ixrac kreditləri, akkreditiv və faktorinq kimi maliyyə alətlərin ixracatçılar tərəfindən istifadəsinə geniş imkanlar var: “Ölkəmizdə ixracatçılar üçün hərtərəfli şərait və potensialın olmasını nəzərə alaraq, müasir ticarət-maliyyə alətlərindən istifadəni artırmaq və sahibkarların daha artıq məlumatlılığını təmin etmək üçün sözügedən xidmətlər üzrə təlimlərin aparılmasına ehtiyac var. “İxrac əməliyyatlarında maliyyə dəstəyi” mövzusunda təlimin Moody’s Investor Service beynəlxalq reytinq agentliyinin son qiymətləndirilməsində ən yüksək qiymətə sahib olan Kapital Bankla birgə keçirilməsi isə effektivliyi daha da artıracaq.”

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bankın Baş Direktoru Fərid Hidayətzadə isə əlavə edib ki, son illər ölkə başçısının rəhbərliyi ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində çox uğurlu addımlar atılıb: “Dövlət dəstəyi ilə görülən tədbirlər çərçivəsində ölkə iqtisadiyyatının inkişafına xüsusi diqqət ayrılır. Bütün bu faktorlar ölkəmizin ixrac potensialının artmasına öz töhfəsini verir, daxili istehsalın dünya bazarında rəqabət qabiliyyətinin güclənməsinə səbəb olur. Məhz buna görə də ölkəmizdə ixracatçı sahibkarların sayı günü-gündən artır. Kapital Bank da bu inkişafa töhfə vermək məqsədi ilə beynəlxalq iqtisadi şəraiti çevik dəyərləndirərək, ixracatçılar üçün təhlükəsiz, səmərəli şərait yaratmaq üçün yeni məhsullar hazırlayır.”

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi mütəmadi ixracatçı sahibkarlar üçün belə təlimlər təşkil edir. 

 

Ən sərfəli krediti almaq üçün müraciət et