Dövrü olaraq mətbuatda bankomatların qarşısında uzun növbələrin olması barədə məlumatlar yer alır. Xüsusilə də ayın bəlli bir günlərində maaş və pensiya almağa qaçan vətəndaşlar növbələrdə xeyli vaxt itirməli olurlar. Bu azmış kimi uzunmüddətli bayram günlərində insanlar pul qıtlığı problemi ilə üzləşirlər. Çünki qeyri-iş günləri bankomatlar vaxtında pulla təmin edilmirlər və buna görə də pul çatışmır. Bəzi hallarda isə aparatın nasaz olması səbəbindən pul çıxartmaq mümkünsüz olur. Hər bir halda zərbə qazancı ancaq aylıq məvacibdən ibarət olan vətəndaşa dəyir.
Göstərilən problemin yaranmasını əsasən 4 səbəblə izah etmək olar.
Birinci səbəb bankomatların sayının kifayət qədər olmamasıdır. Bankomatların sayının optimal səviyyədə olması kart sahiblərinin nağd pula əlçatanlığı üçün vacib şərtdir. Mərkəzi Bankın məlumatına görə, fevralın 1-i tarixində Azərbaycanda ümumilikdə 2417 bankomat fəaliyyət göstərir. Hər bank orta hesabla 56 bankomata xidmət göstərir. Bu, ölkədədki şəhər və rayonların sayından da azdır. Cəmi bankomatların təxminən yarısı 2 bankın – Beynəlxalq Bankın və Kapital bankın payına düşür. Bu halda yerdə qalan bankların payına orta hesabla 30 bankomat düşər.
Ölkədə əhalinin hər 100 min nəfərinə 25 bankomat düşür. Bu göstəriciyə görə, Azərbaycan keçmiş SSRİ ölkələri arasında ancaq Orta Asiya ölkələrini qabaqlayır. Qırğızıstanda əhalinin hər 100 min nəfərinə 12, Tacikistanda 8, Özbəkistanda 5 bankomat xidmət göstərir. Oxşar göstərici Moldovada 301, Rusiyada 153, Ukraynada 84, Qazaxıstanda 66, Gürcüstanda 42, Ermənistan və Belorusda 41-ə bərabərdir.
İnkişaf etmiş ölkələrdə bu göstərici daha yüksəkdir. Belə ki, Kanadada əhalinin hər 100 min nəfərinə 208, Avstraliyada 167, İspaniyada 149, Yaponiyada 129, Fransada 110, İsveçrə və İtaliyada 100 bankomat ximət göstərir.
Bankomatların yüklənməsinin ikinci səbəbi pensiyaların və büdcədən verilən maaşlara ancaq 2 bankın xidmət göstərməsidir. Hazırda 3 milyona yaxın şəxs dövlət büdcəsindən müxtəlif təyinatlı ödəniş alır ki, bunların da təxminən 1,3 milyon nəfərini pensiyaçılar təşkil edir. Pensiyalarla yanaşı büdcə işçilərinin maaşları, sosial müavinətlər, təqaüdlər və s. debet kartları vasitəsilə alınır. Həmin kartlara isə yalnız 2 bank – Beynəlxalq Bank və Kapital Bank xidmət göstərir. 2 bankın sərəncamında olan bankomatların ümumi sayı 1167-dir. Deməli, bu halda 1 bankomatın öhdəsinə 2570 nəfər pensiyaçı və ya büdcə işçisi düşür. Bura bankların özəl müştərilərini də əlavə etsək vəziyyətin bə qədər kritik olduğunu görmək olar.
Üçüncü səbəb bayram günləri bankomatlara zəif xidmətin göstərilməsidir. Bir qayda olaraq uzunmüddətli bayram günlərində bankomatlarda pul qıtlığı müşahidə edilir. Çünki adi iş günlərindən fərqli olaraq bayram günləri bankomatlara ya pul yerləşdirilmir, ya da mütəmadi edilmir. Çünki bayram günləri bank sistemi işləmir. Digər tərəfdən bayram günləri bankomatların pulla doldurulması prosesi banklara adi günlərlə müqayisədə daha çox xərcə salır. Hansısa bankomatın sıradan çıxması isə vəziyyəti daha da gərginləşdirir və digər bankomatların daha da yüklənməsinə rəvac verir.
Dördüncü səbəb əhalinin hələ də kartlardan nağdsız ödəniş vasitəsilə kimi istifadə etməməsidir. Hazırda ölkədə 5,8 milyon plastik kart mövcuddur. Bu kartların 4,8 milyon ədədi maaş, pensiya və sosial ödəniş kartlarının payına düşür. Kart sahiblərinin 85%-i nağdlaşdırma əməliyyatına üstünlük verir. Yəni onlar pulu nağdılaşdırmaq üçün bankomatlara üz tuturlar. Halbuki kommunal xidmətlərdən tutmuş adi internet xidmətinə qədər olan ödənişləri onlayn qaydada, bankomata gedib pul çixartmadan, əlavə vaxt itirmədən həyata keçirtmək olar.
Əlbəttə bütün bu səbəblər aradan qaldırıla biləndir. Bunun üçün hökumət tərəfindən ən azı bir sıra addımların atılması vacibdir:
1. Pensiya, maaşların və sosial ödnəişlərin verilməsinin 2 bankın inhisarından çıxarılmalı, digər bankların da bu xidmətə qoşulması təmin edilməlidir.
2. Nağdsız ödənişlər inkişaf etdirilməli, belə ödənişlərin edilməsi üçün zəruri infrastruktur yaradılmalı, stimullaşdırıcı tədbirlər görülməlidir
3. Əhalinin maarifləndirilməsi sahəsində işlər gücləndirilməli, nağdsız ödənişin üstünlüyü və vacibliyi təbliğ edilməlidir
İqtisadçı Ekpsert Samir Əliyev