Banklar kart istifadəçilərinin rahatlığı və təhlükəsizliyi üçün bəzi xidmətlər təqdim edir. Bu xidmətlər ilə müştəri kartının kodunu təyin edə və ya dəyişə, pul köçürə və s. əməliyyatlar həyata keçirə bilərsiniz. Banco.az bu xidmətlərin 10-u haqqında sizləri məlumatlandıracaq.
1. PIN Set - ATM xidməti vasitəsiylə yeni kart PIN kodunun təyin olunması üçün nəzərdə tutulmuş bir xidmətdir. Bunun üçün bankomata kartı daxil edirsiniz və “PİN SET” menyusunu seçirsiniz. Sonra “Pin kodun təyin edilməsi”ni seçərək istədiyiniz 4 rəqəmli kodu təyin edirsiniz. Sonra təkrar təyin etdiyiniz kodu qeyd edirsiniz. Əməliyyat tamamlanmışdır.
2. PIN Change - ATM xidməti vasitəsiylə kart şifrəsinin dəyişdirilməsi üçün nəzərdə tutulmuş bir xidmətdir. Əgər kartın şifrəsini dəyişmək istəyirsinizsə, kartınızı bankomata daxil etdikdən sonra xidmət olunacaq dili seçirsiniz və mövcud PIN kodu daxil edirsiniz. Bankomatın monitorunda «PIN Change» funksiyasını seçdikdən sonra yeni PIN kodu daxil edir və yeni PIN kodu təsdiq edirsiniz.
3. Card to Card – bu vəsaitin köçürülməsi xidməti proqramı müştərilərə bir ödəniş kartından digərinə bankomat və ya mobil bank vasitəsi ilə pul köçürmələri imkanı yaradır. Card to Card xidməti vasitəsi ilə göndərilən vəsait digər hesaba dərhal mədaxil olunur. Kartdan karta pul köçürmək üçün kartı bankomata daxil edin, PIN kodu yazıb bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini, etibarlılıq müddətini və göndərilən məbləği daxil edin. Əməliyyat yerinə yetirildikdən sonra və sizə qəbz təqdim olunur.
4. Cash to card - bu əməliyyat vasitəsilə bankomatlarında kartın iştirakı olmadan banka məxsus ödəniş kartına mədaxil etmək mümkündür. Bunun üçün mədaxil etmək istədiyiniz kartın üzərindəki 16 rəqəmli kodu bankomatda müvafiq bölməyə daxil etmək kifayətdir. Bunun üçün ilk növbədə xidmət olunacaq dil seçilməli, sonra isə “Cash-To-Card” əməliyyatını seçirsiniz. Pulu göndərəcəyiniz kartın nömrəsini daxil edib təsdiqləyərək valyutanı seçirsiniz. Pulları bankomata yerləşdirərək “Artırmaq” düyməsini basmaq lazımdır.
5. Cash by Code - tez, rahat və təhlükəsiz şəkildə günün istənilən vaxtında kart sahibi tərəfindən kartdan pul vəsaitlərinin bankomat vasitəsi ilə köçürülməsi və bank kartı olmayan şəxs tərəfindən həmin vəsaitlərin əldə edilməsidir. Bu xidmətin istifadəsi üçün vəsaiti göndərən tərəf plastik kartı bankomata daxil edib bankomatın menyunsunda «Cash by Code» xidmətini seçməlidir, sonra göndərən tərəf köçürmənin məbləğini və göndərmək istədiyi şəxsin mobil nömrəsini daxil etməlidir. Sistem 10 rəqəmli iki hissəli kod hazırlayır. Kodun birinci hissəsi (birinci beş rəqəm) köçürməni alanın mobil telefonuna SMS-məlumat kimi göndərilir, ikinci hissəsi isə (sonuncu beş rəqəm) qəbz formasında çap edilir və göndərən tərəfdə qalır. Göndərən tərəf qəbzdə göstərilən kodu köçürməni alan tərəfə məlumat verməlidir. Nağd pulu almaq üçün köçürməni alan tərəf bankomata yaxınlaşıb kodun hər iki hissəsini ardıcıllıqla daxil etməlidir (kodun 1ci hissəsini SMS vasitəsi ilə əldə edir, 2ci hissəsini isə göndərən tərəf məlumat verir). Kod 24 saat ərzində aktiv olur.
6. SMS İnfo - müştəriyə kart hesabının vəziyyəti və kart hesabındakı qalıq haqqında məlumatı müştərinin mobil telefonuna SMS vasitəsilə almaq imkanı yaradır. Hesab üzrə hər hansı bir dəyişiklik olduğu halda (kartla alış-veriş, nağd pul əldə etmək və s.) müştəri mobil telefonuna SMS xəbərdarlıq alır. Bunun üçün bankomata kartı daxil etdikdən sonra sms xidmətlərinə daxil olub sms info xidmətini aktivləşdirmək lazımdır.
7. SMS Bankçılıq - bu xidmət kart istifadəçisinə bir sıra imkanlar verir:
- Ödəniş kartınız vasitəsilə aparılan hər bir əməliyyat haqqında SMS vasitəsilə məlumatın alınması;
- Ödəniş kartınızın istifadə müddətinin bitməsi haqqında məlumatın alınması;
- Ödəniş kart hesabınızda olan cari balans barədə məlumatın alınması;
- Kommunal xidmətlərin ödənilməsi;
- Azercell, Bakcell və Nar mobile mobil operatorunun xidmətlərinin ödənilməsi;
- Gündəlik valyuta məzənnəsi barədə məlumatın alınması;
- Ödəniş kart hesabınızdan qısa məzmunlu çıxarışın alınması;
- Ödəniş kartınızın müvəqqəti bloklaşdırılması;
8. İnternet bankçılıq - bu xidmət vasitəsilə siz banka müraciət etmədən İnternet şəbəkəsinə qoşulmuş kompüterdən istifadə edərək, bu xidmət vasitəsilə öz ödəmə kartlarınızı idarə edə bilərsiniz. Bu xidmətin üstünlüyü sistem fasiləsiz çalışması, sistemə dünyanın istənilən yerindən internet vasitəsilə daxil olmaq mümkünlüyü, sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb olunmaması, sistemin təhlükəsizliyi yüksək səviyyədə qorunması, birdəfəlik parollardan istifadə sizin bank hesabınıza kənar müdaxiləni mümkünsüzlüyüdür.
9. Mobil Bankçılıq - sizə banka yaxınlaşmadan, mobil telefonunuz vasitəsilə bir çox bank əməliyyatlarını həyata keçirmək imkanı verir. Bunu üçün sadəcə bankın mobil tətbiqini telefonunuza yükləməklə, bu xidmətdən 24/7, günün istənilən vaxtı istifadə edə bilərsiniz.
10. 3D təhlükəsizlik - 3D Secure texnologiyası VISA və MasterCard beynəlxalq ödəniş sistemləri tərəfindən yaradılmış, ödəniş kartları ilə onlayn alış-veriş əməliyyatlarını daha da təhlükəsiz edən qlobal protokoldur. MasterCard ödəniş sistemində bu servis “MasterCard Secure Code”, VISA ödəniş sistemində isə “Verified by VISA” adlanır. Əməliyyatların təhlükəsizliyi kart sahibi tərəfindən əməliyyat zamanı birdəfəlik şifrənin daxil edilməsi ilə təmin olunur. Birdəfəlik şifrə bank tərəfindən avtomatik olaraq SMS şəklində müştərinin mobil telefonuna göndərilir. Kart sahibi şifrəni əməliyyat edən zaman əldə edir və həmin şifrə yalnız bir dəfə istifadə edilir. Hətta kartın bütün rekvizitlərini bilərək 3D-Secure texnologiysını dəstəkləyən saytda dələduzlar online-rejimində bu xidmətə qoşulmuş kart vasitəsi ilə ödənişi keçirə bilməzlər, çünki SMS yalnız kart sahibinin mobil nömrəsinə yönləndiriləcək.
Tərlan Qəhrəmanova, banco.az