Bugün ölkədə adına kredit xətti olmayan vətəndaş tapmaq xeyli çətindir. İnsanlar ev təmiri, məişət avadanlıqları və ya avtomobil alarkən, hətta toy edərkən belə banklara üz tuturlar. Bir kredit borcunu bağlamaq üçün digər krediti götürənlər də az deyil. Bəs banklarımızın təklif etdiyi kredit şərtləri nə dərəcədə sərfəlidir? Bugün bununla bağlı araşdırma etdik.
Rabitə Bankda nağd pul krediti götürərkən borcalanın işlədiyi sektor və əmək haqqının miqdarı nəzərə alınır. Yəni illik faiz dərəcəsi bu iki amildən asılı olaraq dəyişir. Məsələn: əgər siz özəl sektorda çalışırsınızsa və əmək haqqınız 500-600 manat civarında dəyişirsə, o zaman kredit sizə illik 28%-lə veriləcək. Ümumilikdə isə faiz dərəcəsi 19-28% aralığında dəyişir. Götürülən məbləğ 3000 manatdan artıq olduqda 1 nəfər zamin tələb olunur.
Kapital Bank isə nağd pul kreditlərini yalnız pensiya və əmək haqqısını kapital kart vasitəsilə əldə edən vətəndaşlara təqdim edir. Yəni əgər siz özəl sektorda çalışırsınızsa bu halda adı çəkilən bankdan kredit əldə edə bilməyəcəksiniz.
Beynəlxalq Bankın kredit şərtləri bir qədər fərqlidir. Bank kredit verərkən benynəlxalq kartla maaş alan zamin tələb edir. Birinci dəfə kredit götürürsünüzsə kredit sizə 25-26%, təkrarən kredit zamanı isə 22-23%-lə verilir. Bank kreditləri milli valyuta ilə verir.
Bank of Baku kreditləri 6-24 ay müddətinə və yalnız partnyorluq etdiyi müəssisələrdə fəaliyyət göstərən şəxslərə təqdim edir. Kreditin məbləğindən asılı olaraq, zamin tələb oluna bilər. Əgər ilk dəfə kredit götürəcəksinizsə onda kredit faziləri 32%-dən hesablanacaq. Təkrar kredit götürdükdə isə göstərici 28%-dək azalır.
Unibank isə kredit götürmək istəyən şəxslərə qarşı daha ədalətli davranır. Yəni işlədiyiniz sektor heç bir əhəmiyyət daşımır. Həmçinin sərbəst fəaliyyət sahəsi (sənətkarlıq və s.) ilə məşğul olanlar da kredit əldə edə bilərlər (Yəni əməkhaqqını rəsmi qaydada almırsınızsa belə). Həmin şəxslərə biznes və mikro kreditlər təklif olunacaq. Faiz dərəcəsi kredit tarixçənizdən asılı olaraq dəyişir. Əgər bankdan krediti birinci dəfə götürürsünüzsə onda göstərici 26%-ə bərabər olur. Təkrarən kreditdə isə min 19%-dək endirimlər edilir. Kreditlər min 1, max 3 il müddətinə verilir. Kreditin məbləği 5000 dollar və daha artıq olduqda min 1 nəfər zamin tələb olunur. Bankda hal-hazırda kreditlər dollarla verilir və ödəniş də eyni valyuta ilə həyata keçirilir.
ASB kiçik özəl müəssisələrdə çalışan şəxslərə əməkhaqqıdan asılı olmayaraq kredit vermir. Bankın kreditindən isə neft şirkətində və digər bir neçə xüsusi müəssisələrdə çalışan şəxslər yararlana bilər. Həmin şəxslərə kredit əmək haqqının 3misli həcmində, 14-16%-lə verilir. 1 nəfər zamin tələb olunur.
Yapı Kredi Azərbaycan fiziki şəxslərə krediti Azərbaycan manatı ilə verir. Faiz dərəcəsi isə bütün şəxslər üçün hal-hazırda standart olaraq 24% qəbul olunur. İşlədiyiniz sektor və müəssisədən, həmçinin əmək haqqıının miqdarından asılı olaraq zamin tələb oluna bilər.
Qeyd edək ki, məqalənin informasiya hissəsi banklardan Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır.
Bu dəfə yalnız adı çəkilən banklarla əlaqə saxlamışıq. Lakin digər banklar heç də arxayınlaşmasınlar. Növbəti dəfə onları da narahat edəcəyik.