Banklarda müştəri təhlili necə aparılır? | Banco.az

Banklarda müştəri təhlili necə aparılır?

Müəllif: Emin Ağamirzəyev, Kredit mütəxəssisi. Bank of Baku

Məlumdur ki, bankçılıq əsasən risklərin idarə edilməsi üzərində qurulur. Güclü təhlil üsulu, müştəriləri tək-tək seçmək, onlar üzərində qazanca qarşı risklərin hesablanmasıdır. Bu səbəbdən təcrübədə istifadə edilmiş təhlil üsullarından istifadə edərək gələcəkdəki riskləri əvvəlcədən minimuma endirmək olar. Bank ayırdığı kredit vəsaitlərinə görə kredit portfelində risk dərəcəsi müəyyən edir, eyni zamanda da kredit ekspertlərinin kredit təhlilində riskləri sağlam qiymətləndirmələrinə görə onlar üçün də risk dərəcəsi müəyyənləşdirilir. Maksimum müştəri təhlili həmin risk portfelinin nisbətən sabit saxlanmasına kömək olur. Bu səbəbdən, bankımızda ekspertlərə əvvəlcədən təcrübəli mütəxəssislər tərəfindən təlim-tədris dərsləri keçirilir. Təlim tədris dərsləri zamanı müştərilərlə münasibət, ünsiyyət, kredit portfelinə nəzarət, təqib prosesi və kredit təhlil etmə qaydaları öyrədilir.

Kredit təhlili -geniş mənada kredit tələbində olan müştəridən qərarın verilməsi üçün lazımlı və əlaqəli məlumatların toplanması, qiymətləndirilməsi və sonda hansı şərtlə və qaydalarla kredit rəsmiləşdirilməsi, bankın hansı dərəcədə risk edəcəyi ilə bağlı  bir qərardır.

İlk öncə, rəsmiləşdirmə vaxtının başlanması prosesi gedir. Rəsmiləşdirmə vaxtının başlanması, müştərinin kredit masasına əyləşməsi və ehtiyacında olduğu məbləği tələb etməsi müddətidir. İstehlak kreditləri nisbətən kiçik vəsaitdə, qısa və orta müddətli və iş yerindən arayışla verilən kreditlər olduğundan rəsmiləşmə vaxtı 20-30 dəqiqə arasında dəyişə bilər. Müştərinin istehlak krediti tələbində krediti hansı məqsəd üçün götürdüyünü, miqdarını, müddətini və təminat qismində göstərə biləcəyi üstünlükləri ifadə edir.

Sonra, müştərinin kredit tələbi ilə onun haqqında məlumat toplamağa başlayaraq onun kredit tələblərinə uyğun olub olmadığını araşdırılır. Müştəridən yaxın qohum, tanışları və iş yoldaşları haqqında məlumatlar soruşula bilər. Məlumatların geniş olması üçün onun və ailə üzvlərinin gəlir və xərcləri, say tərkibləri, mülkiyyətlərində olan əmlak və ya qeyri əmlak və banklarda kreditlərinin olub olmaması qısaca öyrənilə bilər.

Müştərilərin maliyyə imkanları vacib əhəmiyyət kəsb etdiyindən onlar ekspertlər tərəfindən müəyyən üsullarla araşdırılır. Baxmayaraq ki, əksər hallarda iş yerindən arayışlarda əmək haqqı nisbətən az göstərilsə belə, bu onların tələb etdiyi məbləğdə kredit götürmə imkanını məhdudlaşdırmır. Çünki, kredit müştərisinin işlədiyi sektor təhlilində bu sektorun mikro iqtisadi yönümündə fəaliyyət səviyyəsi nəzərə alınır. Bununla bağlı, sektorların fərqli olduqlarına görə mövcud və gələcəkdə qarşılaşacağı risklər nəzərə alınmalıdır. Bundan başqa, risk baxımından müştərinin keçmiş dövrdə göstərdiyi maliyyə vəziyyəti gələcək zamanda tələb etdiyi məbləği geri ödəyib və ya ödəyə bilməmək imkanı qiymətləndirilməlidir. Bu cür riskləri azaltmaq üçün bəzən müştəridən tələb edəcəyi məbləğə əsasən təminat qismində əlavə olaraq zaminlik tələb edilə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Məsələn, adətən müştərinin ailə gəlirləri ehtiyacında olduğu kiçik kredit məbləği üçün risk dərəcəsi nisbətən yüksək ola bilər, amma müştəri məmnuniyyəti artırılması baxımından Bankımız bu cür vəziyyətlərdə məsələyə loyal yanaşmaqla məsələnin həlli istiqamətində müəyyən üsullardan istifadə edir. Təbii ki, kreditlər üzrə hər zaman müəyyən risklər mövcuddur. Əgər gözlə görünə bilən risklər ekspertlər tərəfindən müəyyən oluna bilirsə, tədbir alına bilinirsə, bununla sağlam kredit qərarının verilməsi və kreditin qiymətləndirilməsi bu riskə görə düzgün formalaşdırılır.

Kredit rəsmiləşdirilərkən müştərinin xarakteri vacib əhəmiyyət kəsb edir. Bununla bağlı düzgün və dəqiq olmayan məlumatlar bank tərəfindən aşkarlandığı təqdirdə bu hal kredit verilişindən  imtinaya səbəb ola bilər. Müştərinin verdiyi məlumatların doğruluğunu öyrənmək və kreditin təyinatı üzrə xərclənəcəyini dəqiqləşdirmək üçün müəyyən üsullar vardır. Məsələn, müştərinin doğru məlumat verdiyini dəqiqləşdirmək üçün onun yaxın qohum və tanışları ilə əlaqə saxlayaraq onların ifadə etdiyi sözlərin doğruluğunu müəyyən etmək mümkündür. Bir başqa üsul isə söhbət (ərzində) ifadə edilən fikirlərin bir birini tamamlaması və istehlakçı ilə bağlı şübhə doğurmamasıdır. Müştəri təhlili qaydaları əslində gündəlik şəxsi yaşantımızda, iş yerimizdə və ümumiyyətlə cəmiyyətdə təhlil etməklə sağlam və etibarlı qərarlar verməyimizə bənzəyir. Bu cür üsullarla bankımızda riskin qiymətləndirməsi üçün rahat idarə olunan bir forma  düzəldilib ki. kredit təhlili zamanı ekspertlər həmən qaydalardan yararlanırlar.

Kreditin rəsmiləşdirilməsində bank və ya müştəri tərəfindən imtina olunduğu hallarda, imtina səbəbləri və digər məlumatlar bank sirri olaraq bank sistemində qeydə alınır. Bu üsulla şəffaflığın artırılmasına və gələcəkdə risk dərəcəsini azaldılmasına xidmət edir. Ola bilər ki, müştəri təkrar olaraq banka müraciət etmiş olsun və biz artıq müştəri haqqında məlumatlara sahib olmuş oluruq.

Banco.az

  

Ən sərfəli krediti almaq üçün müraciət et