Banklarda müştəri məlumatları kimlərə verilə bilər? | Banco.az

Banklarda müştəri məlumatları kimlərə verilə bilər?

Kənar şəxslər tərəfindən müştəri məlumatlarının tələb olunması və bu mənada orataya çıxan problemlər bank sektorunda çalışanlar üçün daha tez-tez qarşılaşılan haldır. Bir müştəri digər müştərinin borc məbləğini öyrənmək istəyir və ya özünü müştərinin yaxını və ya ailə üzvü kimi təqdim edərək müştəri məlumatlarını öyrənməyə çalışanlar çoxdur. Amma, banklar müştəri haqqında məlumatlarının bank sirri kimi qorunub saxlanılmasına və digər şəxslərə ötürülməməsinə qanunvercilik əsasında təminat verirlər.

Qanunvericiliyə görə bir neçə halda müştəri məlumatları digər şəxs və orqanlara verilə bilər. Gəlin bu halların hansı hallar olduğuna nəzər salaq.

Banklar haqqında qanunun 41 ci maddəsinə əsasən Bank sirri hesab olunan müştəri məlumatlarını qanunvericiliyə uyğun şəkildə yalnız aşağıda qeyd olunmuş şəxs və orqanlara vermək olar:

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir.Dövlət orqanlarına və onların vəzifəli şəxslərinə bu cür məlumatlar yalnız cinayət işinin istintaqı, müştərinin pul vəsaitinə və bankın saxlancında olan əmlakına həbs qoyulması, tələb yönəldilməsi və bunların müsadirə edilməsi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. İcra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar müştərilərin hesab qalıqları barədə məlumatlar qanunvericiliklə müəyyən olunmuş mənbələrdən əldə edilmiş məlumat əsasında icra məmurlarına verilir. Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Əmanətlərin Sığortalanması Fonduna verilir. Borcalanlar barədə məlumat kredit bürolarına “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada verilir.

Bankın xidmət etdiyi vergi ödəyicisi olan hər hansı hüquqi şəxsin və ya fərdi sahibkarın bank hesabı və əməliyyatları barədə məlumat vergi orqanlarınayalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada verilir.

Ən sərfəli kredit üçün müraciət et

Xüsusi seçki hesabına daxil olan və xərclənən vəsaitlər barədə məlumat banklar tərəfindən Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən olunmuş qaydada Mərkəzi Seçki Komissiyasına verilir.

Bank müştərilərə hesab açdıqda və ya maliyyə xidmətləri göstərdikdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının, habelə vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl olunmasını təmin etməli və həmin beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının ərazisində həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Hesabların və əmanətlərin sahibləri vəfat etdikdə onların hesabları və əmanətləri barəsində arayışlar notariuslara onların icraatında olan vərəsəlik işləri üzrə, habelə müvafiq notariat hərəkətlərini icra edən konsulluq idarələrinə verilir.

Maliyyə bazarlarına nəzarət orqanı ilə xarici dövlətlərin bank tənzimləməsi və nəzarəti orqanları arasında qarşılıqlı əməkdaşlığa dair sazişə uyğun olaraq informasiya mübadiləsinin predmeti müvafiq dövlətin ərazisində fəaliyyət göstərən və ya fəaliyyət göstərməyə hazırlaşan subyektlər haqqında informasiyadırsa, belə informasiya bank sirrinin açılması hesab edilmir, bir şərtlə ki, bu informasiya üçüncü şəxslərə verilə bilməz və yalnız bank nəzarəti məqsədləri üçün istifadə edilir.

Bankların mövcud və keçmiş inzibatçıları və digər əməkdaşları, habelə bankın səhmdarları bankın idarə edilməsi və ya xidməti səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar onlara məlum olan bank sirrini təşkil edən məlumatların qeyri-qanuni açılmasına görə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Bank sirrini təşkil edən məlumatlar bank tərəfindən qanunsuz olaraq açıqlandığı halda hüquqları pozulmuş müştəri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq bankdan vurulmuş zərərin əvəzini ödəməyi tələb edə bilər.

Nüsrət Xəlilov, banco.az