Banklara qaytarılmayan kreditlərin həcmi 1 milyard manatı keçib | Banco.az

Banklara qaytarılmayan kreditlərin həcmi 1 milyard manatı keçib

Son iki ildə problemlin kreditlərin sayında kəskin artım müşahidə olunur. Əgər 2011-ci ildə ödəmə vaxtı keçmiş kreditlər 557 milyon 900 manat həcmində idisə, hazırda bu göstərici 1 milyard manat civarındadır.
Mərkəzi Bankdan verilən məlumata görə, ödənilmə vaxtı keçmiş, amma qaytarılmayan kreditlərin miqdarı 1 milyard manat təşkil edir. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.
Bir çox ekspertlərin fikrincə, alınan kreditlərin vaxtında qaytarılmamasında bir neçə səbəb var. İlk növbədə Azərbaycandakı bankların kreditləri yüksək faizlə vermələridir. Digər tərəfdən, artıq ölkədə kredit almanın əsas şərtinə çevrilən “şapka”nın geniş yayılması problemli kreditlərin sayını artıran faktordur.
Bundan başqa, Azərbaycanda kredit mədəniyyəti formalaşmadığından və insanların bir qismi öz gəlirlərini düzgün hesablamadan banklara kredit üçün müraciət edirlər. Müştəri aylıq gəliri ilə götürdüyü kreditin məbləğini vaxtlı-vaxtında ödəyə bilmədiyinə görə sonradan aldığı əşyaları da itirir. Təbii ki, problemli kreditlərin əksəriyyətini istehlak və avtomobil kreditləri təşkil edir.
Son zamanlar ölkəmizdə avtomobillərin sayında artım müşahidə olunur. Əgər əvvəllər ölkədə Rusiya istehsalı olan maşınlar çoxluq təşkil edirdisə, indi daha müasir və bahalı avtomobillər üstünlük təşkil edir. Amma bu avtomobillərin heç də hamısı nağd alınmır. İnsanların çoxu istədiyi avtomobili əldə etmək üçün banklara müraciət edirlər. Bu səbəbdən də banklardakı problemli kreditlərin miqdarı durmadan artır. Bütün bunları nəzərə alaraq ötən həftə Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan etdi. 
Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib. Nəzərə alsaq ki, bu gün bankların yarıdan çoxu işlərini istehlak krediti üzərində qurub, belə bir addımın atılması bank sektoruna ağır zərbə olacaq.

Ən sərfəli kredit üçün müraciət et

milli.az