Banklararası pul bazarında fəallıq yüksəlməkdədir. “Blumberq” ticarət platformasında banklar arasında sentyabrda 69 ədəd əqd, oktyabrda 146 əqd bağlandığı halda noyabrda bu rəqəm 168-ə yüksəlmişdir.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Noyabrda bağlanan əqdlərin 93.6%-i qısamüddətli (1-3 günlük) olmuşdur. Banklararası REPO bazarında bağlanmış əqdlərin sayı noyabrda 76 olmuşdur ki, bu da əvvəlki ayla müqayisədə 3.6 dəfə çoxdur. Ümumilikdə, sentyabr-noyabr aylarında banklararası əməliyyatların həcmi “Blumberq” ticarət platforması üzrə 3974 mln. manat, REPO üzrə 305 mln. manat olmuşdur. Ötən iclasda faiz dəhlizi ilə bağlı qəbul edilən qərarlar banklararası bazarda orta faizlərin yüksəlməsilə müşayiət olunmuşdur. Təminatsız bazarda (Blumberq) 1 günlük əməliyyatların orta faizi noyabrda oktyabrla müqayisədə 0.6 faiz bəndi yüksək olmuşdur. Qeyd olunanlar pul siyasəti qərarlarının faiz kanalı ilə transmissiyasının yaxşılaşdığını göstərir.
2022-ci ilin noyabr ayında banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit qoyuluşları əvvəlki aya nəzərən 1%, ilin əvvəlinə nəzərən 18.1%, ötən ilin eyni ayına nəzərən isə 21.1% artmışdır. 11 ayda bank sistemi üzrə biznes kreditləri 12.7%, istehlak kreditləri 27.7%, ipoteka kreditləri isə 21.9% artmışdır.
Bizi sosial şəbəkələrdən izləyin!!