2019-cu ildə Azərbaycan bankları müştərilərə verilmiş kreditlərdən 1 milyard 421 milyon 600 min manat faiz gəliri əldə ediblər.
Ötən il müştərilərə verilən kreditlərin artması ilə bərabər bankların faiz gəlirləri də artıb. 2018-ci illə müqayisədə 2019-cu ildə müştərilərə verilmiş cəmi kreditlər 2 milyard 272 milyon 600 min manat artaraq 14 milyard 900 milyon 900 min manata yüksəlib. Xalis kreditlər (kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat xaric kreditlər) 2 milyard 302 milyon manat artaraq 13 milyard 451 milyon manata çatıb.
Müştərilərə verilmiş kreditlərin artması bankların kreditlər üzrə faiz gəlirlərinin artmasında da əks olunub. 2018-ci illə müqayisədə 2019-cu ildə kreditlər üzrə faiz gəlirləri 197.1 milyon manat artaraq 1 milyard 421 milyon 600 min manat təşkil edib. Banklar 2018-ci ildə 1 milyard 224 milyon 500 min manat kreditlər üzrə faiz gəlirləri əldə etmişdilər.
Ötən il bankların cəmi faiz və gəlirlərin bu qəbildən olan növləri üzrə gəlirləri 169.2 milyon manat artaraq 1 milyard 922 milyon 200 min manat təşkil edib.
FAİZ XƏRCLƏRİ AZALIB
2018-ci illə müqayisədə 2019-cu ildə bankların faiz və onlara bağlı xərcləri azalıb. 2018-ci ildə 581.9 milyon manat təşkil etmiş müvafiq xərclər 2019-cu ildə 547.9 milyon manata düşüb (34 milyon manat azalıb). Bankların depozitlər üzrə ödədikləri faizlər 5.4 milyon manat azalaraq 372.4 milyon manata geriləyib.
QEYRİ-FAİZ GƏLİRLƏRİ DƏ ARTIB
Ötən il bankların qeyri-faiz gəlirləri 174.6 milyon manat və ya 32% artaraq 723.7 milyon manata yüksəlib. 2018-ci ildə bankların qeyri-faiz gəlirləri 549.1 milyon manat təşkil etmişdi.
Bankların qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyir. Ötən il bankların qeyri-faiz xərcləri 180 milyon manat artaraq 1 milyon 205 milyon manata yüksəlib.
Faiz gəlirlərinin artması ilə bankların əməliyyat mənfəəti ötən il 154.4 milyon manat artaraq 849 milyon manata yüksəlib. Banklar 2018-ci ildə 694.6 milyon manat əməliyyat mənfəəti əldə etmişdilər.
marja