Bank sektoru və rəqəmsallaşma | Banco.az

Bank sektoru və rəqəmsallaşma

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 27-də internet bankçılıq, 25-də isə mobil bankçılıq xidmətləri təklif edilir. Bu ilin ilk rübündə açılmış hesablar üzərindən aparılan əməliyyatların təxminən 31 faizi elektron bankçılıq vasitəsilə həyata keçirilib. Bu nisbət ötən ilin eyni dövründə 22 faiz olub. Bank sistemində rəqəmsallaşma və elektronlaşma ilə bağlı suallarımıza bank mütəxəssisi Bəxtiyar Məmmədov aydınlıq gətirir.

Bu gün dünyanın bir çox ölkələrində iqtisadiyyatın bütün sahələrində rəqəmsallaşma inkişaf etməkdədir. İnkişaf etmiş ölkələrdə, eləcə də inkişaf etməkdə olan ölkələrin bəzilərində artıq heç bir coğrafi məkanda şöbəsi olmayan banklar fəaliyyət göstərir. Bankçılıq sahəsində qərarvermənin kompüterlərə tətbiq edilmiş təhlil mexanizmləri, alqoritmlər tərəfindən həyata keçirilməsi də kifayət qədər yayılmışdır. Məsələn, bir sıra ölkələrdə müəyyən məbləğədək kredit müraciətlərinin müxtəlif kompüter sistemləri tərəfindən avtomatik təhlil edilməsi, ehtiyac olduqda müraciətçi ilə avtomatik dialoqun qurulması, qərar verilməsi, müqavilə imzalanması kimi yanaşmalar vardır.

Azərbaycanda da son illərdə, xüsusilə də 2018-ci ildən başlayaraq bank sektorunda elektronlaşma, rəqəmsal inkişaf meyilləri sürətlə güclənməyə başlamışdır. Bank sektorunun böyük hissəsi internet və mobil bankçılığa sürətli keçid etmişdir. "Elektron imza haqqında" Qanunun uzun illərdən bəri mövcud olması da bu inkişafın sürətli olmasına rəvac vermişdir. Hazırda rəqəmsallaşma istiqamətində ciddi irəliləyiş var.

Rəqəmsallaşmanın üstün tərəfləri

Üstün tərəflər dedikdə, rəqəmsallaşmanın sahibkarlıq subyektlərinə, fiziki şəxslərə, banklara və ümumiyyətlə, bütün iqtisadiyyata gətirdiyi üstünlüklər nəzərdə tutulur. Sahibkarlıq subyektləri bank sektorunun xidmətlərindən daha rahat şəkildə istifadə edirlər. Məsələn, artıq ödəniş tapşırığı ilə banka yaxınlaşmaqla vaxt itkisinə gərək qalmır. Yaxud hesabdan çıxarışların əldə edilməsi üçün banka fiziki olaraq ayaq döyməyə ehtiyac olmur. Fiziki şəxslərin də hər hansı ödənişləri həyata keçirməsi üçün banklara getməyə zaman ayırmasına lüzum yoxdur. Bundan əlavə, bütün ödənişlərin elektron qaydada həyata keçirilməsi şəffaflığın artmasına gətirir. Bank sektorunda isə zaman keçdikcə xidmətlərin maya dəyəri daha aşağı düşür, bu isə gəlirliliyin yüksəlməsinə, sahibkarlıq subyektləri və fiziki şəxslərə daha sərfəli qiymət və xidmət təklif etməyə imkan yaradır, yeni nəslin rəqəmsallaşma ilə daha yaxından tanış olması gələcək inkişafa güclü zəmin yaradır.

Rəqəmsallaşmaya dəstək

Azərbaycanın bank sektorunda rəqəmsallaşma meyillərinin güclənməsinin iki əsas səbəbi vardır. Onlardan biri rəqabət mühiti, digəri isə dövlət tərəfindən rəqəmsallaşma üzrə dəstək və tələblərin artmasıdır. Bu, kifayət qədər müsbət yanaşmadır və inkişafın stimulverici qüvvəsidir. Lakin bu rəqabət tədricən daha sərbəst formaya keçəcəkdir, çünki rəqabət mühiti rəqəmsallaşmaya lazımi resurslar yönəltməyən və bu istiqamətdə inkişaf etməyən bankları bazarda çox çətin vəziyyətə salacaqdır. Bu gün dövlət tərəfindən yaradılmış "myGov" layihəsi, Mərkəzi Bankda tətbiq edilən ani ödənişlər sistemi bu inkişafa böyük töhfə verəcəkdir. Həmçinin "AsanFinans" layihəsi, "ASAN ödəniş sistemi" layihəsi bank sektorunda rəqəmsallaşma üzrə inkişafı daha da sürətləndirməkdədir.

Ən sərfəli kredit üçün müraciət et

Rəqəmsallaşma yolunda olan maneələr və risklər

Bu gün ən üstün cəhət həm dövlət, həm də özəl sektorun elektronlaşmanın vacibliyini qəbul etməsi və bu istiqamətdə müvafiq addımların atılmasıdır. Lakin sürətin artması ilə bərabər, risklərin də daim nəzarət altında olması, eləcə də rəqəmsallaşma yolundakı müəyyən maneələrin aradan qaldırılması çox önəmlidir. Hazırda əksər banklarda ödəniş tapşırıqlarının icrası birbaşa deyil, yalnız bank daxilində manual, yaxud yarımavtomat rejimdə yoxlamalar həyata keçirildikdən sonra icra edilir. Bunun səbəblərindən biri də köçürmələr üzrə bir sıra yoxlamaların, xüsusilə də çirkli pulların yuyulmasına nəzarət tədbirlərinin həyata keçirilməsi və ödəniş tapşırığının yalnız bundan sonra həyata keçirilməsidir. Bu çox vacib məsələ olduğundan bank sektorunda həmin yoxlamalar çox ciddi aparılır, hər bir müştəri, xüsusilə də sahibkarlıq subyektləri və onun əməliyyatları bank tərəfindən yoxlanılır. Bank sektoru üçün bu işin dövlət tərəfindən mərkəzləşdirilməsi, yaxud dövlət tərəfindən müəyyən edilmiş tələblər əsasında yaradılmış, sertifikatlaşdırılmış özəl bir qurum tərəfindən həyata keçirilməsi – məsələn, hər hansı bankda istənilən bir əməliyyat zamanı müştəri və əməliyyat barədə ödəniş tapşırığında qeyd edilmiş məlumatın sertifikatlaşdırılmış qurumun sisteminə avtomatik şəkildə dərhal göndərilməsi, ödəniş tapşırığının icrasının qanunvericiliyə uyğun olub-olmaması barədə sistemdən cavabın dərhal avtomatik əldə edilməsi və banklar tərəfindən bu cavaba müvafiq addımın atılması banklarda ödənişlərin dərhal həyata keçirilməsinə güclü təkan verərdi. Bu sistemin mərkəzləşdirilməsi ölkədə hər bir bankın çirkli pulların yuyulmasına qarşı nəzarət sistemlərinə böyük investsiyalar etməsinin qarşısını ala bilərdi. Dövlətin isə maliyyə sektorunda istənilən əməliyyat barədə dərhal informasiya əldə etmək imkanı yaranardı. Bundan əlavə, mərkəzləşdirilmiş cavabdehliyin olması, çirkli pulların yuyulmasına qarşı daha uğurlu nəzarət mexanizmi yaratmağa imkan verərdi. Lakin hazırda bütün banklarda eyni bir iş üzrə investisiyaların yatırılması müşahidə edilir.

Sürətli rəqəmsallaşmanın özünəməxsus digər riskli tərəfləri də vardır. Bu sahədə sərt rəqabət bank sektorunda yeni elektron məhsullar tətbiq etməyi təşviq edəcəkdir. Həm rəqabət, həm də digər tələblərdən qaynaqlanan sürətli rəqəmsallaşma bank sektorunda daha riskli məhsullar təqdim edilməsinə gətirib çıxara bilər. Bu isə bankları çox sərt informasiya təhlükəsizliyi təhlükələri ilə üz-üzə qoya bilər. Bank sektorunda kibertəhlükələrin qarşısının alınması üçün lazımi tədbirlərin görülməsi reallıqda qısa müddət ərzində həll edilə bilən məsələ deyildir.

Sonda belə nəticəyə gəlmək olar ki, bu gün ölkənin bank sektorunda rəqəmsallaşmada sürətli inkişafın baş verməsi təqdirəlayiqdir. Lakin növbəti dövr üçün risklər və maneələr mütləq olaraq mövcud reallıqları qəbul etməklə diqqətə alınmalıdır. Bu cür yanaşıldığı təqdirdə, yaxın gələcəkdə rəqəmsal inkişaf daha müsbət nəticələr verəcək və bank sektorunda əksər xidmətlər insanların deyil, texnologiyanın tənzimlədiyi və kompüterlərdə alqoritmlərin idarə etdiyi bir xidmətə çevrilmə yolunu daha sürətlə davam etdirəcəkdir.

Vergiler.az