Bank Ombudsmanı AİİB ilə əməkdaşlıq edəcək | Banco.az

Bank Ombudsmanı AİİB ilə əməkdaşlıq edəcək

Bank Ombudsmanı AİİB ilə əməkdaşlıq edəcək

 

12 oktyabr 2017-ci ildəBank Ombudsmanı İkram Kərimov Katibliyin inzibati ofisində “Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov ilə görüşmüşdür.

Görüşün məqsədi istehlakçılar qrupuna daxil olan bank müştərilərinin qarşılaşdıqları problemlər, onların aradan qaldırılması yolları haqqında fikir mübadiləsi aparmaq, bu sahadə əməkdaşlıq etmək üçün səylərimizin birləşdirilməsinə nail olmaqdır.

Söhbət zamanı E.Hüseynov bildirmişdir ki, ona çoxlu sayda bank müştərilərindən müxtəlif səpkidə şikayətlər, müraciətlər daxil olur. Vətəndaşlar əsasən, bank faizlərinin və aylıq ödənişlərin çoxlugundan, tərəflərin müqavilə üzrə olan öhdəliklərinə düzgün əməl etməmələri haqqında şikayətlərlə müraciət edirlər. Bu tip müraciətlərin, onların üzləşdikləri problemlərin daha tez və məhkəməyə getmədən qarşılıqlı razılıqla həllinə nail olunması üçün səlahiyyətləri çərçivəsində baxılması məqsədi ilə Bank Ombudsmanına ötürülməsini təmin edəcəyini bildirmişdir.

Eyni zamanda, müasir dövrdə Bank Ombudsmanının yaradılmasının, onun fəaliyyətinin təmin edilməsinin çox mühüm bir addım olduğunu, vətəndaşların sosial rifahının yaxşılaşdırılması yolunda aparılmış lazımı və vaxtında verilmiş qərar olduğunu qeyd etmişdir. O, İ.Kərimova bu çətin və məsuliyyətli işində uğurlar arzulamış və ümid etmişdir ki, baxılan müraciətlərin hər birinin müsbət həllinə nail olunacaq və gələcəkdə vətəndaşları narahat edən digər problemli məsələlərə də səlahiyyətləri çərçivəsində Bank Ombudsmanı tərəfindən baxmaq mümkün olacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

İ.Kərimov da öz növbəsində bu sahəyə verdiyi diqqətinə və bu görüşə görə E.Hüseynova öz təşəkkürünü bildirmişdir. Həmçinin, İ.Kərimov bu günə qədər görülmüş işlərdən, daxil olan müraciətlərin statistikası,  baxılmış işlərin vəziyyəti, Bank Ombudsmanına müraciət qaydaları və digər mühüm məsələlər haqqında məlumat vermişdir. O da, gələcəkdə bu sahədə səylərimizin birləşdirilməsində, qarşılıqlı qaydada fəaliyyət göstərilməsində maraqlı olduğunu bildirmişdir.

Sonda, tərəflər bundan sonra bərabər şəkildə fəaliyyət göstərmələri üçün razılıq əldə etmişlər.

Qeyd edək ki,  Bank Ombudsmanın yaradılması haqda qərar Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağının 03 fevral 2017-ci il tarixli iclasında qəbul edilib. Eyni zamanda, həmin iclasda Bank Ombudsmanın Əsasnaməsi və Reqlamenti təsdiq olunub. Hazırda Bank Ombudsmanı 25 bank  və 1 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.  Həmçinin digər banklarla, onların müştəriləri olan fiziki şəxslərin iştirakı ilə mübahisələrin baxılmaq üçün Bank Ombudsmanına verilməsi haqqında Bəyənnamənin imzalanması üzərində danışıqlar aparılır.