Banco.az "Bank of Baku" ASC-nin Alternativ satış kanalları departamentini direktor müavini Fuad Mədətovla olan müsahibəni təqdim edir.
- Fuad müəllim, Bank of Baku-ya məxsus Bolkart-ın Azərbaycan vətəndaşlarında kredit kartı təcrübəsinin formalaşmasında, kart xidmətlərinin inkişafında, nağdsız ödənişlərın həcminin artmasında böyük xidmətləri olub. Qısası, Bolkart bazarda cığır açan məhsullardandır. Bolkart və onun tarixi barədə bir az danışmaq olar?
- Hər zaman vurğuladığımız kimi, Bolkart – alış-veriş sevərlərin kartıdır. Bir neçə gün sonra Bolkart-ın 11 yaşı tamam olacaq. Ölkənin ilk taksit kartı kimi Bolkart Bank of Baku tərəfindən 26.10.2011-ci ildə təqdim olunmuşdur. 11 ildir ki, Bolkart müştərilərimizin alış-verişdəki dostuna çevrilib.
Qeyd etdiyiniz kimi Bolkartın istifadəyə verilməsi həqiqətən də cəmiyyətimizdə kredit kartı təcrübəsinin formalaşmasında, kart xidmətlərinin inkişafında, nağdsız ödənişlərın həcminin artmasında əvəzsiz rola sahib olmuşdur.
- Hazırda Azərbaycanda ödəniş kartlarının sayı 12 milyon ədədi keçib. Eyni zamanda ölkəmizdə müzdla işləyənlərin sayı 1,7 milyon nəfər, kredit kartlarının sayı isə 1,6 milyon ədəddir. Bazarın doyduğundan və bankların rəqib bankın mövcud kart müştərilərini özlərinə cəlb etməyə başladığından danışmaq olar?
-Düşünürəm rəqabət mühiti təlabatdan yaranır. Hal-hazırda kredit kartlarının sayının çoxluğu da onu göstərir ki, bazarda kartlara maraq var. Bu müştərilər üçün çox yaxşı haldır – seçim imkanı genişlənir. Banklar üçün də çox yaxşıdır, çünki banklar da inkişaf və yenilik üçün çalışır.
- Azərbaycanda ödəniş kartları sahəsində banklar arasında rəqabət son vaxtlar şiddətlənib. Artan rəqabət vətəndaşların xeyrinədir - onlar pulsuz və ya çox sərfəli şərtlər ilə nağdlaşdırma, köçürmə və digər xidmətlərdən yararlanırlar. Bank of Baku da yeni şərtləri ilə "döyüşə" qatılıb. Ödəniş kartları sahəsində banklar arasında hazırkı rəqabəti necə şərh edərdiniz? Nə baş verdi ki, rəqabət artdı - banklar şərtlərini yeniləyirlər, onları daha sərfəli edirlər?
-Bu gün nağdsız iqtisadiyyat dünya ölkələrinin inkişafına təsir göstərən mühüm amillərdəndir.
Belə ki, nağdsız ödənişlərin genişləndirilməsi üçün ölkəmizdə də dövlət orqanları və bank sistemi tərəfindən stimullaşdırıcı tədbirlər həyata keçirilir. Məsələn, Dövlət Vergi Xidmətinin “ƏDV geri al” layihəsi çərçivəsində nağd ödəniş edənlər 10%, nağdsız ödəniş edən istehlakçılar isə ödədikləri verginin 15%-ni geri alırlar. Banklar nağdsız ödəniş edənlər üçün vəsaitin müəyyən hissəsini bonus olaraq istehlakçılara geri qaytarırlar. Banklar həm nağdlaşdırma əməliyyatlarında, köçürmə və digər xidmətlərdə müştəriləri stimullaşdırmaq üçün komissiyaları ləğv etməyə, müəyyən komissiyalarda güzəşt etməyə və güzəşt müddətlərinin artıraraq rəqabətli olmağa çalışırlar.
- Xəbər verildiyi kimi, Bank of Baku Bolkart-ın şərtlərini yeniləyib. Yeni şərtlərdən biri Bolkart kredit kartları üzrə nağdlaşdırma limitinin 100% edilməsidir. İndiyədək mövcud olan şərtlər nə üçün müştərilər üçün çox da sərfəli deyildi və limitin artırılması Bolkartlıların hansı istəklərini reallaşdırmalarına kömək edəcək?
- Əvvəlki şərtlər öncəki illərdə kart müştərilərinin davranışlarına və risk kateqoriyalarına əsaslanmışdır. Lakin bu gün artıq siz də bildirdiyiniz kimi kredit kart müştərilərinin sayı artmış, onların davranışları və kartdan istifadələri təhlil edilərək, müştərilərə daha yaxın olmaq üçün şərtlər yenilənmişdir. Yenilədiyimiz şərtlərdən biri də bütün növ Bolkart kredit kartlarının balansının 100% həcimdə Nağdlaşdırma imkanın olması oldu. Belə ki, əvvəlki şərtlərdə bu yalnız yuxarı əmək haqqı alan seqment müştəriləri üçün mümkün idi. Bundan sonra isə bütün növ Bolkart kredit kartı müştərilərimizdə 100% Nağdlaşdırma imkanı olacaqdır.
- Kart müştərisi kredit kartından nağdlaşdırdığı məbləği neçə aya geri qaytarmalıdır?
Bolkart müştəriləri Nağdlaşdırdıqları məbləği artıq 24 ay ərzində geri qaytara bilərlər. Əvvəllər bu müddət 18 ay idi.
- Bu müddət Bolkartla nağdsız alış-veriş zamanı xərclənən vəsaitin geri qaytarılmasına da şamil olunur?
-Bəli, qeyd etdiyiniz kimi əvvəllər Bolkart kredit kart sahibləri nağdlaşdırdıqları məbləği 18 aya ödəyə bilirdi. Müştərilərimizin ödəmə qabiliyyətini daha da yaxşılaşdırmaq üçün Bank of Baku bu müddəti də uzadaraq 24 ay etdi və artıq müştərilərimiz həm nağd əməliyyatlarda, həm də nağdsız alış-veriş zamanı xərclədikləri vəsaiti 24 aya geri qaytara bilərlər. Bu da təbii ki, müştərilərə xərclədikləri məbləği daha uzun müddətə və rahatlıqla ödəmə imkanı qazandırdı.
- Güzəşt müddətinin artırılması müştərinin borc zamanı daha "dərindən nəfəs alması" deməkdir. Bolkart-ın güzəşt müddətinin 15 gün artırılması kart sahiblərinə hansı imkanları yaradır?
-Bolkart kredit kartlarında Güzəşt müddəti mövcuddur. Beləki, əvvəlcə bu müddət 45 gün idisə, indi artıq 15 gün də artırılaraq 60 günədək qaldırılmışdır. Güzəşt müddəti sayəsində müştərilər istifadə etdikləri vəsaiti 60 günədək faizsiz geri qaytarmaq imkanı əldə edirlər. Güzəşt müddəti üstünlüyü Bolkart kredit kartından nağdlaşdırılan vəsaitlər üçün də keçərlidir.
- Güzəşt müddəti nağdlaşdırma zamanı da keçərlidir?
-Bəli, qeyd etdiyim kimi, Güzəşt müddəti nağdsız əməliyyatları, birdəfəlik nağdsız ödənişləri əhatə etdiyi kimi, nağdlaşdırma əməliyyatlarını da əhatə edir. Bolkart kredit kart sahibi nağdlaşdırma zamanı 60 gün güzəşt müddəti əldə edir. Əgər müştəri bu müddət ərzində nağdlaşdırdığı vəsaiti geri qaytararsa, əlavə heç bir faiz ödəmir. Yox əgər, müştəri güzəşt müddətini keçirsə, yəni ödənişini 60 gündən daha uzun müddətdə geri qaytaracaqsa, faizlərin hesablanması güzəşt müddətinin bitdiyi gündən hesablanacaqdır. Vurğulamaq istərdim ki, nağdlaşdırılan vəsait və birdəfəlik nağdsız ödənişlər üçün güzəşt müddətini keçdikdən sonra faizlərin güzəşt müddətinin bitdiyi gündən hesablanması üstünlüyü hal-hazırda sadəcə Bank of Baku tərəfindən tətbiq edilir. Bu da müştərilərə rahatlıq təmin etmək ilə yanaşı, krediti daha sərfəli hala gətirir.
- Bolkart kredit kartı üzrə maksimal kredit məbləği limiti də artırılıb. Yəqin ki, bütün dünyada olduğu kimi Azərbaycanda da yüksək inflyasiya ilə əlaqədar olaraq məhsulların bahalaşması, ölkəmizdə nağdsız ödəniş üzrə dövriyyənin artırlması üzrə hədəflər bunu günün tələbi edir. Əvvəllər və indi – limit şərtləri necə dəyişir?
-Əvvəldə də qeyd etdiyim ki, artıq kart müştərilərinin davranışların təhlil etmək üçün banklarda datalar mövcuddur. Və bu da özlüyündə , müştərilərə ayrılacaq məbləğlərin risklərini ölçməyə imkan verir. Əvvəlki şərtlərə əsasən limitlər Bolkartın standart kredit kartları olan Bolkart Gənc və Ailə kredit kartlarında maksimum 5.000 AZN, Bolkart Gold kartında 7.000 AZN, Bolkart Diamond kartında isı maksimum 10.000 AZN -idi. Yeni cari şərtlərimizdə isə bu limitlər müvafiq olaraq, maksimum 10.000, 15.000 və 30.000 AZN oldu.
- Yeni şərtlərə görə, Bolkart kredit kartları üzrə illik xidmət haqqı da ləğv edilib. Söhbət nə qədər illik xərcdən gedir? Kartların istifadə müddəti neçə illikdir?
-Kartların istifadə müddəti 3 ildir. Əvvəlki şərtlərimizə görə Bolkart kredit kartının illik xidmət haqqları növlərinə görə müxtəlif idi – 10 AZN-dən 40 AZN-ə kimi fərqlilik göstərirdi.
Lakin yenilənmiş şərtlərdə Bank of Baku Bolkart kredit kartları üzrə illik xidmət haqqını ləğv etdi. Artıq müştərilərimiz, Bolkart kredit kartını illik xidmət haqqından azad olunaraq pulsuz əldə edə biləcəklər.
Bolkart Gold və Bolkart Diamond kredit kartlarında isə müştərilər sadəcə kartın dəyərini ödəyərək, illik xidmət haqqı olmadan əldə edə bilərlər.
- Son vaxtlar kartlar ilə ödənişlər üzrə qazanılan keçbekə də maraq artmaqdadır. Banklar müştərilərinə böyük məbləğlərdə kebek qaytarmağa başlayıblar. Bolkart ilə ödənişlərdə keşbek nə dərəcədə sərfəlidir?
-Bolkart məhsulu üzrə həm debet, həm də kredit kartlarında keşbek mövcuddur. Kart növlərinə, istifadə yerlərinə görə qazanılan keşbeklər fərqlənir.
Müştərilərimiz Bolkartın partnyorlarında etdikləri ödənişlərə görə 25% -dək keşbek qazana bilərlər.
- Banklar kart müştəriləri üçün hədiyyə qazandıran kampaniyalar da keçirirlər. Gələcəkdə Bolkart müştərilər üçün necə kampaniyalar nəzərdə tutulur?
-Bankımız Bolkart kredit kart müştərilərimiz üçün hər zaman kampaniyalar keçirir. Məsələn: Ötən ay 15 gün müddətində Bilik Günü kampaniyası keçirilmişdi. Hal-hazırda davam edən “ 5 Oktyabr Beynəlxalq Müəllimlər günü “ kampaniyamız mövcuddur. Təbii ki, gələcəkdə də Bolkart müştəriləri üçün kampaniyalar nəzərdə tutulmuşdur. Bu kampaniyalarda müştərilərimiz əlavə keşbek, əlavə taksit ayları, bonus mükafatları və dəyərli hədiyyələr qazanacaqlar.
- Kredit kartı müştəriləri borcunu vaxtında ödəyirlər?
-Yeni şərtlərimizdən də görmək olar ki, kredit kart müştəriləri ödəmələrini vaxtında edirlər. Bəzi müştərilər ödəniş gününü unudur və qısa zamanda yaranan gecikməni aradan qaldırır. Vaxtında ödəməyən müştərilər üzrə də işlər aparılır ki, uzun müddətli gecikmələr yaranmasın. Bank of Baku olaraq, atdığımız addımlar, təqdim etdiyimiz bütün üstünlüklər və yeniliklər həm müştərilərimizin rahatlığı, həm də kreditlərini gecikməsiz ödəyə bilmələri üçündür.
- Hissə-hissə ödəniş üçün alış-veriş edilən mağaza və ya xidmət müəssisəsi Bankın partnyoru olmalıdır. Bolkart tərəfdaş sayı baxımdan kartlar arasında necə fərqlənir?
Bank of Baku ölkəmizdə ən böyük partnyor şəbəkəsi olan 3 bankdan biridir. Bu baxımdan da müştərilərimiz Bolkart tərəfdaş sayına görə əziyyət çəkmir.
-Müsahibəyə görə, təşəkkür edirik.
Bizi sosial şəbəkələrdən izləyin!!