Azərbaycanda icbari sığortaların elektron qaydada bağlanması təklif olunur | Banco.az

Azərbaycanda icbari sığortaların elektron qaydada bağlanması təklif olunur

Bu gün Milli Məclisin İqtisadi Siyasət Sənaye və Sahibkarlıq Komitəsinin iclası keçirilib.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, iclasda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" və "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişikliklərin edilməsi haqqında" qanun layihələri müzakirə edilib.

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarətinin rəisi Namiq Xəlilov bildirib ki, qanun layihələrində edilən dəyişikliklər sığorta sistemində ödəniş sistemlərinin təkmilləşdirilməsi və nağdsız dövriyyənin artırılmasına hesablanıb. N. Xəlilov bildirib ki, sığorta bazarı, xüsusilə icbari sığortada nağd dövriyyənin payı kifayət qədər yüksəkdir.

"Son illərdə aparılan təhlillər göstərir ki, beynəlxalq səviyyədə bu problemin həll olunmasının ən səmərəli yolu nağd dövriyyənin azaldılması və nağdsız ödənişlərə yol açmaqdır. Nağdsız ödənişlərin artırılması üçün bir sıra təkliflər var. Bu, qanun layihəsində öz əksini tapıb. Təkliflərdən biri ondan ibarətdir ki, icbari sığorta müqavilələri elektron qaydada bağlanılsın. Elektron sənəd yolu ilə müqavilənin bağlanılması sığorta şirkətlərinin xərcinin azaldılmasına səbəb ola bilər. Eyni zamanda, bu, sığorta haqlarının azalmasına imkan verə bilər. Bu baxımdan sığorta şirkətləri müəyyən güzəştlər tətbiq edə bilərlər. Təkliflərdən biri də ondan ibarətdir ki, sığorta haqları birbaşa sığortaçının bank hesabına yönəldilsin", - deyə xidmət rəisi qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Təkliflərdən biri də "Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" ilə bağlıdır. N. Xəlilov bildirib ki, beynəlxalq praktikada sığorta iddialarının birbaşa tənzimlənməsi praktikasından istifadə olunur: "Yəni, təklif olunur ki, bundan sonra birbaşa zərərçəkən öz sığorta şirkətinə müraciət etsin. İndiyədək zərər yetirən şəxsin avtomobilini sığortalayan şirkətə müraciət olurdu. Dəyişiklik qəbul olunarsa, zərərçəkən pulu öz avtomobilini sığortalayan şirkətdən alır və bundan sonra onun sığorta şirkəti zərər vuran şəxsin avtomobilini sığortalayan şirkətdən həmin pulu alır".

Müzakirələrin sonunda hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.