Azərbaycanda yeni avtomobillərin sayının artması sığorta tariflərinin azalmasına səbəb olmayacaq. Bu barədə fins.az-a "Rəvan Sığorta" şirkətinin idarə heyətin n üzvü Samiir Məmmədov bildirib. Xatırladaq ki, son vaxtlar ölkənin avtomobil bazarında yeni avtomobillərin sayı sürətlə artmaqdadır. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin («ƏBİ» İB) avtomobil bazarında apardıqları monitorinqin nəticələrinə görə, yaxın vaxtlarda Azərbayanın avtomobil bazarında 2003-cü ildən sonra istehsal olunan avtomobillərin payı 50%-i keçəcək.
Yeni avtomobillərin texniki vəziyyətinin nisbətən yaxşı olduğunu nəzərə alaraq sığorta hadisələrinin sayının və bununla əlaqədar olaraq sığorta şirkətlərinin xərclərinin azalacağını güman etmək olardı. Amma ekspertlər bu sahədə ciddi dəyişikliyin olmayacağını bildirirlər. S.Məmmədovun sözlərinə görə, yeni avtomobillərin ehtiyat hissələri köhnə avtomobillərə nisbətən daha bahalı olduğuna görə, yeni avtomobillərin iştirakı ilə baş verən sığorta hadisələri zamanı şirkətlərin xərcləri daha da arta bilər: "Ümumiyyətlə, bütün modellər üzrə avtomobillərin ehtiyat hissələrinin maya dəyəri artıb. Nəticədə qəza baş verəndə sığorta xərcləri də yüksəlir. Məsələn, "Mersedes C-klass" avtomobilinin 1998-ci il və 2012-ci il modelləri eyni formada zədələndikdə, 1998-ci il modelinin təmiri üçün 1000 manat tələb olunursa, 2012-ci il modelinin təmirinə minimum 1300-1500 manat sərf edilir". Məsələnin daha spesifik texniki tərəfi var. Belə ki, son 10 il ərzində avtomobillərin ehtiyat hissələrinin hazırlandığı materiallar da dəyişib - indiyədək dəmirdən hazırlanan ehtiyat hissələri indi plastik kütlə və alüminiumdan hazırlanır. Nəticədə, əgər əvvəlki avtomobillərin hissələrini bərpa etmək mümkün olundusa, indi onları bərpa etmək mümkün olmur - hökmən dəyişmək lazım gəlir: "Bu isə sığorta şirkətinin xərclərinin artmasına səbəb olur".
S.Məmmədovun sözlərinə görə, bunları nəzərə alanda yaxın vaxtlarda sığorta tariflərinin azalmasından söhbət gedə bilməz. Amma tariflərin artması da gözlənilmir: "Çünki sığortpa tariflərində artımın olması sığortalıların sayının azalmasına səbəb ola bilər. Ona görə də tariflərin artması inandırıcı görünmür".
fins.az