Azərbaycanda ACCA sertifikatını necə almaq olar? - Maliyyə eksperti Orxan Talıbzadə ilə MÜSAHİBƏ | Banco.az

Azərbaycanda ACCA sertifikatını necə almaq olar? - Maliyyə eksperti Orxan Talıbzadə ilə MÜSAHİBƏ

Dünyanın istənilən ölkəsində maliyyə sahəsində iş nüfuzlu hesab olunur və yaxşı ödənilir. Təccüblü deyil ki, Azərbaycanda da gənclər məhz bu istiqamətə meyl edirlər. Lakin bu sahədə mütəxəsis olmaq heç də asan deyil. Saysız-hesabsız imtahanlar vermək və ACCA, CFA, CİMA və digər bu tip beynəlxalq  sertifikatlar almaq lazımdır. Bu məqalədə ölkəmizdə popularlaşan ACCA sertifikatlarına toxunayacayıq. Harda hazırlaşa biləcəyimizi və imtahan verərkən nələri bilməli olduğumuzu maliyyə eksperti və Azərbaycanda ACCA müəllimi olan Orxan Talıbzadə danışdı. 

Orxan, deyə bilərsinizmi, Azərbaycanda maliyyə və maliyyə uçotu sahəsində vəziyyət nə yerdədir? Hər şey yaxşıdırmı, yoxsa problemlər mövcuddur?

Azərbaycanda maliyyə uçotunun əsas problemi onun yoxluğudur. Artıq 4 ildir ki, mən Maliyyə konsaltinqi sahəsində işləyirəm. Bu müddət ərzində xırda - iri çoxlu sayda şirkətlər görmüşəm və yalnız tək-tük şirkətlərdə maliyyə uçotu qaydasında idi. Ölkəmizdə mühasib deyiləndə əsasən vergi uçotunu aparan şəxs nəzərdə tutulur. Çünki mühasiblərə qoyulan əsas tələb vergi uçotunu aparmaqdır ki, vergilərlə heç bir problem yaşanmasın. Buna görə də insanlar maliyyə uçotunu və vergi uçotunu səhv salırlar.

Bu cür çaşqınlıq nədən qaynaqlanır?

Əsas səbəblərdən biri odur ki, fond bazarı bizdə çox zəif inkişaf edib. Çox vaxt şirkət bir şəxsə məxsus olur və o, əksər hallarda özü idarəçilik edir. Məhz buna görə bizdə “səhmdar-direktor” münasibətləri demək olar ki, yoxdur. Həmçinin investorların maliyyə savadlılığı aşağı səviyyədədir, az sayda investor maliyyə hesabatlarını oxuya, təhlil edə və başa düşə bilir, beləliklə də əksər investorlar şirkətin rəhbərliyindən maliyyə hesabatları tələb etmirlər. Ona görə direktorları əsasən investor (sahibkar) üçün düzgün maliyyə uçotundan daha çox vergi uçotu narahat edir, çünki onlar düzgün vergi uçotunun olmamasının nəticəsini dərhal cərimələr və yoxlamalar şəklində görə bilirlər.  Fikrimcə, bu problemin kökü SSRİ-dən gəlir və hazırda əksər biznes sahibləri də Sovet İttifaqından çıxıblar.

Bəs bu problemlərin həl olunma ehtimalı varmı?

Qeyd etmək lazımdır ki, son illər biznes sahibliyi və onun idarə və edilməsinə daha təhsilli və maliyyə savadı olan gənclər gəlir, onlar təkcə burda deyil, həm də kapitalist ölkələrinin aparıcı universitetlərində təhsil alıblar. Gənc nəslin bəzi nümayəndələrinin hətta xarici şirkətlərdə iş təcrübəsi var. Bu insanlar Azərbaycana qayıtdıqdan sonra kapitalist ölkələrin həmin təcrübələrini burada tətbiq etməyə başlayırlar. Əlbəttə, onlara adətən bu cür mütəxəssislərlə işləməyə gücü çatan iri şirkətlərdə rast gəlinir, lakin tendensiya artıq var. Habelə Azərbaycana xarici investisiyalar daxil olur və bu investorlar yerli şirkətlərdən beynəlxalq tələblərə uyğun maliyyə hesabatlılığı tələb edirlər. Odur ki, mühasiblərdən çox vaxt vergi uçotu ilə yanaşı, BMHS-a (Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları) əsasən maliyyə uçotunun aparılması tələb olunur. Beləliklə, bu standartları bilən və tətbiq etməyi bacaran mütəxəssislərə tələbat artır.

Mühasib və ya maliyyəçinin zəruri biliklərə sahib olduğunu necə müəyyən etmək olar?

Əlbəttə, şirkətlər qarşısında sual dayanır ki, ixtisaslaşmış kadrları necə müəyyən etsinlər. Və burada onların köməyinə bu cür kadrları yoxlayan və sertifikatlaşdıran beynəlxalq təşkilatlar gəlir. Onlardan biri АССА (Association of Chartered Certified Accountants) — İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasıdır. Bu qurum, mütəxəssislərin maliyyə uçotunun aparılması sahəsində biliklərini yoxlamaq və sertifikatlaşdırmaq məqsədi daşıyan qeyri-kommersiya təşkilatıdır. Bütün mərhələləri keçən və bu təşkilatın üzvü olan şəxslər öz adlarının yanında “ACCA” hərflərini yerləşdirə bilərlər, bu da onların həmin sahədə ixtisaslaşmış mütəxəssis olduğunu göstərir.

ACCA-nın üzvü olmaq üçün nə etmək lazımdır?

ACCA-nın üzvü olmaq üçün 3 əsas tələb var:

1. İmtahanları vermək

2. Peşə etikası modulundan keçmək

3. Müvafiq vəzifədə 3 illik iş təcrübəsinə sahib olmaq

ACCA üzvlüyü yolunda addımlamağa başlamaq üçün siz ACCA-nın rəsmi saytında ilkin qeydiyyatdan keçməlisiniz (accaglobal.com). Bundan sonra siz ACCA Student olursunuz. Amma, əlbəttə ki, qeydiyyat pulsuz deyil və siz 70 funt (bundan sonra GBP) məbləğində “Initial registration fee” adlandırılan birdəfəlik qeydiyyat rüsumu ödəməli olacaqsınız. Bu, ondan ötrüdür ki, yalnız ACCA-dan sertifikat almaq istəyən şəxslər qeydiyyatdan keçsin.

70 funt? Bəs qeydiyyat zamanı endirim əldə etməyin hər hansı bir yolu varmı?

Bəli, Qeydiyyatdan keçmək istəyənlərin təxminən 60% endirim qazanmaq imkanını var. Bunun üçün ACCA-nın tərəfdaşlarında qeydiyyatdan keçmək lazımdır. Azərbaycanda bir neçə “Golden” və “Silver” tərəfdaş var. Onlara, məsələn, “Imza Group”, “Barratson” və başqaları aiddir. Bu kurslar vasitəsi ilə qeydiyyatdan keçsəniz, 40 GBP qənaət edərsiniz.

Aydındır Orxan bəy. Gəlin qeydiyyat prosesinin özündən danışaq.

Qeydiyyat üçün siz ACCA-nın rəsmi saytında anketi doldurmalı, eləcə də notarial qaydada tərcümə edilmiş şəxsiyyət vəsiqəsi və ya pasportun skanlarını təqdim etməlisiniz. Əgər ali təhsiliniz varsa diplom və diploma əlavənin, əgər hələ təhsil alırsınız və diplomunuz yoxdursa, o zaman təhsil aldığınız haqda universitetdən arayış və son transkriptin, notarial qaydada tərcümə olunmalıdır və skan formada onlara rəsmi saytları vasitəsi ilə göndərilməlidir. 

ACCA-nın tərəfdaşlarında qeydiyyatdan keçərkən onlar zəruri sənədlər barədə ətraflı məlumat verəcəklər.

Dediyiniz bu atdımları etməklə ACCA imtahanlarına girmək olarmı?

İmtahanlara girmək üçün ACCA Student olmaq lazımdır.

Lakin, qeydiyyatdan keçmək sizi avtomatik şəkildə ACCA Student etmir, çünki ilk nöbvbədə statusunuzu ACCA təsdiq etməlidir. Əgər siz bakalavrda oxuyursunuzsa və çoxlu kəsrləriniz varsa, yaxud maliyyə ilə əlaqəsiz sahə ilə məşğulsunuzsa və digər bu kimi səbəblərdən dolayı ACCA müraciətinizi təsdiq etməyə bilər. Bu, çox nadir hallarda baş versə də, belə bir risk var. Əgər bu hal baş veribsə, məyus olmağa dəyməz, siz ACCA-nın dəstək mərkəzinə məktub yaza bilərsiniz, bundan sonra müraciətinizə yenidən baxılacaq. Yaxud da imtinaya səbəb olan iradları düzəldərək, bir müddətdən sonra yenidən müraciət edə bilərsiniz.

Initial registration keçərək ACCA-dan təsdiq aldıqdan sonra siz tələbə olursunuz və imtahanları verməyə başlaya bilərsiniz.

Bizə biraz imtahanlar haqqında məlumat verin. 

Bütün imtahanlar ingilis dilində verilir. Onlar 3 əsas səviyyəyə bölünür:

1. Knowledge Level

2. Skills Level

3. Strategic Professional Level.

Hər növbəti mərhələyə keçmək üçün əvvəlki səviyyənin bütün imtahanlarını vermək, yaxud ən azı, planlaşdırılanlar siyahısına əlavə etmək və ya onlardan azad olunmaq – “exemption” almaq lazımdır (bu haqda daha sonra danışarıq).

Məsələn, Skills Level-dən Strategic Professional Level-ə keçmək üçün siz Skills Level-də bütün imtahanları verməlisiniz.

Düz anladıqsa Knowledge Level-a başlanğıc imtahanlar daxildir. Bu imtahanlar haqqında ətraflı məlumat verə bilərsiniz mi?

Knowledge Level üç əsas imtahandan ibarətdir:

● Accountant in Business (AB) — Biznesdə mühasib

● Management Accounting (MA) — İdarəetmə uçotu

● Financial Accounting (FA) — Maliyyə uçotu

Bu səviyyədə əsas imtahanlar FA və MA-dır.

MA — bu imtahan şirkətin qarşıdakı bir il üçün büdcəsinin tərtibi, eləcə də satılan malların maya dəyərinin hesablanması və tapılması üzrə bacarıqlarınızı yoxlayır, imtahan (ACCA-da biz ona Paper deyirik) İdarəetmə uçotu adlanır.

FA — bu imtahan maliyyə uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi üzrə bacarıqlarınızı yoxlayır. Bu hesabatın istifadəçiləri investorlar, belə demək olarsa, şirkəti maliyyələşdirən şəxslər olduğu üçün imtahan Maliyyə uçotu adlanır.

Bəs Skills Level-a hansı imtahanlar daxildir?

Skills Level 5 imtahan ehtiva edir, onlardan ikisi MA və FA-nın davamıdır:

● Corporate and Business Law (CBL)

● Performance Management (PM) — MA-nın davamıdır

● Taxation (TX)

● Financial Reporting (FR) — FA-nın davamıdır

● Audit and Assurance (AA)

● Financial Management (FM)

PM — MA imtahanının daha mürəkkəb formasıdır, burda maya dəyərinin tapılması və daimi xərclərin məhsulun maya dəyəri üzrə bölüşdürülməsinin daha çətin və müasir üsulları araşdırılır.

TX — adından göründüyü kimi, tələbələrin vergilər üzrə biliklərini yoxlayır. Lakin Azərbaycanda ən az faydası olan imtahanlardan biridir. Çünki ACCA beynəlxalq təşkilatdır və ona görə də bu imtahan yalnız dünyanın aparıcı derjavalarının vergi məcəlləsini ehtiva edir. Azərbaycanda ən geniş yayılanlardan biri Britaniya vergi sistemidir, çünki o, qlobal sistemdir, digəri isə Rusiya sistemidir, çünki Azərbaycan vergi sistemi Rusiya Federasiyasındakına əsaslanır. Lakin Rusiyanın vergi sistemi üzrə imtahanı ildə yalnız 2 dəfə vermək olar.

FR — FA imtahanının birbaşa davamıdır və maliyyə uçotunun aparılmasında və maliyyə hesabatlarının tərtibində BMHS standartlarının tətbiqini daha dərindən öyrənir.

AA imtahanı ən çətinlərindəndir və buna görə də keçid reytinqi ən aşağıdır. Bu imtahan audit biliklərini yoxlayır və onu vermək üçün bu sahədə təcrübə lazımdır, əks halda materialı başa düşmək çətin olacaq.

FM — şirkətin maliyyə vəsaitlərini idarə etmə bacarığı üzrə biliklərinizi yoxlayır və hardan maliyyə almaq, əldə olunmuş pul vəsaitlərini hara yatırmaq, şirkətin likvidliyi ilə bağlı məsələləri necə həll etmək və valyuta və faiz risklərindən necə sığortalanmaq kimi sualları nəzərdən keçirir.

Və sonuncu imtahan bölməsi isə Strategic Professional Level adlanır. Bu bölmədə hansı imtahanları vermək lazımdır?

Strategic Professional Level Essential və Optional imtahanlarına bölünür.

Essential dedikdə verilməsi mütləq olan imtahanlar başa düşülür. Bura daxildir:

● Strategic Business Leader (SBL)

● Strategic Business Reporting (SBR) — FR-in davamıdır.

SBL imtahanı bu yaxınlarda tətbiq olunub və keçmiş P1 və P3 imtahanlarını birləşdirir. Bu imtahan Strategic Professional səviyyəsindəki digər imtahanlardan daha çətindir və 4 saata yaxın davam edir.

Optional imtahanlarına 4 imtahan daxildir, lakin tələbə onlardan 2-sini seçə bilər, digər 2-ni keçmək mütləq deyil:

● Advanced Financial Management (AFM) — FM-in davamıdır

● Advanced Performance Management (APM)- PM-in davamıdır

● Advanced Taxation (ATX) — TX-nin davamıdır

● Advanced Audit and Assurance (AAA) — AA-nın davamıdır

Strategic Professional Level imtahanları çətin olsa da, Skills Level imtahanları ilə müqayisədə orda yeni şeylər çox deyil. Əsas fərq budur ki, suala düzgün cavab mövcud deyil və siz öz bilik və təcrübəniz əsasında verilən problemin həllini təklif etməli və niyə məhz o cür qərar verdiyinizi əsaslandırmalısınız.

El arasında ACCA imtahanları dedikdə biz daha çox F3, F7 və ya P4, P5 və digər bu tip adlarnan rastlaşırıq, lakin siz yuxarda sadaladığınız imtahanlarda bu adlardan istifadə etmədiniz.

Bəli, düz deyirsiniz. Əvvəllər imtahanlar Fundamental (Fundamental) — indiki Knowledge və Skills, eləcə də Peşəkar (Professional) — indiki Strategic Professional səviyyələrinə bölünürdülər. Hamıya məlum olan F1, F2, F3 və s. (Fundamental sözündən və imtahanın sıra nömrəsindən) və ya P1, P2, P3 və s. ( Professional sözündən və imtahanın sıra nömrəsindən) adları da burdan yaranıb. Amma 2018-ci ildən başlayaraq, ACCA imtahanları adlandırmaq üçün nömrələməni və Fundamental və ya Professional kateqoriyalarını istifadə etməyi dayandırdı. Hazırda imtahanlar yuxarıda dediyim kimi adlanır.

Aydınlıq gətirdiyiniz üçün təşəkkürlər Orxan bəy. Gəlin biraz imtahan prosesinin özündən danışaq. Deyə bilərsiniz mi imtahanlar hansı formada keçirilir?

Tipinə görə imtahanlar aşağıdakı kimi bölünür:

● On-demand Computer Based Exams (qısaca On-Demand CBE)

● Computer-Based Exams (qısaca CBE)

● Paper-Based Exams

On Demand CBE — istənilən vaxt kompüterdə verilə biləcək imtahanlardır. Bunun üçün Bakıdakı imtahan mərkəzlərindən birinə yaxınlaşmaq lazımdır. Belə mərkəzlər, məsələn, “Barratson”-da var. İmtahana bu linkdən onlayn yazılmaq olar - "schoolman.barattson.com/Exam/ExamRegistration.aspx".

İmtahan mərkəzlərinin tam siyahısını aşağıdakı keçiddən tapa bilərsiniz — https://www.accaglobal.com/ie/en/student/exam-entry-and-administration/computer-based-exams/on-demand-cbes/cbe-centre-list.html.

İmtahanın qiyməti 80 GBP civarındadır, lakin dəyişə də bilər, ona görə də ACCA-nın rəsmi saytında yoxlayın. On Demand CBE dedikdə buraya bütün Knowledge Level və CBL (F4) imtahanları aid edilir. Bu imtahanın üstünlüyü ondadır ki, hətta kəsilsəniz də, növbəti gün gələrək yenidən cəhd edə bilərsiniz.

CBE — bu da kompüterləşdirilmiş imtahanlardır, lakin On Demand CBE-dən fərqli olaraq, Britaniya səfirliyi tərəfindən ixtisaslaşdırılmış imtahan mərkəzində ildə 4 dəfə: martın, iyunun, sentyabrın və dekabrın əvvəllərində keçirilir. Bu imtahanlara artıq ACCA-nın rəsmi saytında qeydiyyatdan keçmək lazımdır. Bu tipə CBL istisna olmaqla, bütün Skills Level imtahanları şamil olunur.

Sonuncu da Britaniya səfirliyi tərəfindən ixtisaslaşdırılmış imtahan mərkəzində ildə 4 dəfə: martın, iyunun, sentyabrın və dekabrın əvvəllərində keçirilən Paper Based Exams-dır. Bu tipə bütün Strategic Professional Level imtahanları daxildir. Lakin qeyd edim ki, yaxın gələcəkdə bu imtahanlar da CBE olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Orxan, doğrudanmı, yeni başlayan mütəxəssis üçün bu qədər imtahan vermək vacibdir?

13 imtahan kifayət qədər çox görünə bilər, lakin onların hamısını vermək mütləq deyil, çünki ACCA tələbələrə “exemption”, yəni imtahandan azadolma verir. Əgər tələbə yuxarıda sadalanan fənlərdən hər hansını keçərək imtahan veribsə və bunu təsdiq edə bilərsə, ACCA tələbəni ikinci dəfə bu imtahanı verməkdən azad edir. Adətən maliyyə ixtisası üzrə bakalavr oxuyan tələbələrə AB, MA, FA imtahanlarından exemption verilir. Əgər ixtisasınız mühasibat uçotu idisə, CBL imtahanından da azad edilmək olar. Həmçinin, məsələn, UNEC-də MBA proqramını bitirmiş tələbələr bütün Knowledge və Skills Level imtahanlarından exemption qazana bilər. Lakin mən bunu qətiyyən tövsiyə etmirəm, çünki siz azad olunsanız da, universitetdəki təhsil səviyyəsi ACCA-dan xeyli aşağıdır, ona görə də işəgötürən sizin imtahanı özünüzün verməyinizi istəyəcək. Mən yalnız AB, CBL, TX imtahanlarından exemption götürməyi məsləhət görürəm.

Bəs bu exemption-ları almaq üçün nə etmək lazımdı?

Exemption almaq üçün siz həmin imtahanları artıq verdiyinizə dair ACCA-ya təsdiq göndərməlisiniz. Adətən transkriptin tərcüməsi kifayət edir. Əgər siz ACCA-da yenicə qeydiyyatdan keçirsinizsə, transkripti göndərərək sizə şamil olunan exemption-ları avtomatik qazanırsınız (adətən AB, MA, FA, CBL üzrə). Əlavə azadolmalar üçün məktub yazmalı və sənədləri əlavə etməlisiniz. Əgər sizə exemption verilibsə və onu götürmədən özünüz imtahan vermək istəyirsinizsə, bu haqda ACCA-ya yazmaq və sizə göndərilmiş “exemption waiver” formasını doldurmalısınız. Sizə hansı azadolmaların şamil olunduğunu aşağıdakı keçiddəki exemption kalkulyatorunda görə bilərsiniz, bunun üçün linkdən keçdikdən sonra təhsil müəssisəsini seçməlisiniz — https://www.accaglobal.com/an/en/help/exemptions-calculator.html.

Həmçinin vurğulamaq lazımdır ki, əgər exemption götürürsünüzsə, bu, sizi imtahan qiymətini ödəməkdən azad etmir. Yəni hətta imtahana gəlməsəniz də, ödəniş etməli olacaqsınız.

Orxan bəy, adətən tələbələr ACCA imtahanları verirsə F3 (FA) imtahanından sonra F7 (FR) imtahanını və ya F2 (MA) imtahanından sonra F5 (PM) imtahanını verir. Bunun səbəbi nədədir? və imtahanları bu cür ardıcılıqla vermək daha effektiv olurmu?

Mən daha çox rahatlıq və yüksək nəticə üçün imtahanları aşağıdakı ardıcıllıqla verməyi məsləhət görürəm:

1. FA

2. FR

3. AA

4. MA

5. PM

6. FM

7. TX

ardınca isə sizə rahat olan ardıcıllıqla AB.

Bu ardıcıllığın əsas səbəbi odur ki, bəzi imtahanlar digərlərinin davamıdır və ona görə də birini verərək digərinə keçmək daha asandır, çünki materialın böyük hissəsini tələbə birinci imtahanda mənimsəmiş olur. Məsəl üçün siz dediyiniz kimi FR imtahanı FA imtahanının ardıdır və FA də keçilən məlumatlar biraz daha detallı və geniş izah olunur, bu səbəbdənəd FA imtahanından sonra FR imtahanını götürmək daha məsləhətlidir. Yuxarda dediyim ardıcıllıqda imtahanları bu məntiqə görə və Azərbaycan bazarında onlara olan tələbə görə sıralanmasıdır. Azərbaycanda ilk növbədə Mühasibatlığa və Auditə tələb çox olduğundan ilk növbədə FA, FR, AA imtahanlarını və artıq sonra digər imtahanları məsləhət görürəm.

ACCA imtahanlarına necə hazırlaşmaq olar? Xüsusi vəsaitlər və ya onlayn kurslar varmı?

ACCA imtahanlarına 3 nəşriyyatın kitabları üzrə hazırlaşmaq olar:

● BPP

● Kaplan

● Becker

Bütün nəşriyyatçıların materialları təxminən eyni olsa da, təfərrüat səviyyəsi imtahandan-imtahana dəyişir. Mən özüm çox vaxt BPP kitablarını istifadə edirəm və tələbələrimə tövsiyə edirəm.

Təşkilatlardan hər biri hazırlıq üçün əsasən 2 kitab dərc edir:

1. Fənlə tanış olmaq üçün — Study Book

2. Test və tapşırıqlar üçün — Revision Kit.

Siz nəşriyyatçılardan birinin Study Book-na əsasən hazırlaşsanız da, mən testləri həll edərkən onlardan biri ilə kifayətlənməməyi, digər kitablardakı test və tapşırıqlara da nəzər yetirməyi məsləhət görürəm. Çünki nə qədər çox test həll etsəniz, imtahanda o qədər yüksək nəticə toplaya biləcəksiniz.

Bu kitabları hardan əldə etmək olar? Azəraycanda onlar satışda varmı?

Bu kitabları nəşriyyatçının saytından tapmaq olar, onların qiyməti bir kitaba görə 30 GBP civarındadır, yəni bir imtahan üçün Study book və Revision kit dəsti təxminən 60 GBP olacaq. Həmçinin ACCA üzrə yerli kerslara baş vursanız onlar özdəri sizi kitabla təmin edəcəklər.

Əgər kitablara görə 60 GBP ödəmək istəmirsinizsə sosial şəbəkələrdə və messencerlərdə olan birliklərdə sizə lazımi kitabları ucuz, hətta pulsuz tapmağa kömək edə bilərlər. Həmçinin xarici resurslardanda bu kitabların PDF formalarını pulsuz tapmaq olar. Amma nəzərə alın ki, adətən bu kitablar keçən ilə və ya əvvəlki illərə aid ola bilər.

Tələbələr imtahana girməmişdən əvvəl öz biliklərini hər hansı bir sınaqda yoxlaya bilərlərmi? Ümumiyətlə, ölkəmizdə belə sınaqlar mövcuddurmu?

İlk növbədə hər bir tələbə öz biliklərini Revision Kit-də olan sualları həll etməklə yoxlaya bilər. Lakin məs sınaq imtahanı nəzərdə tutursunuzsa, Kurslar öz tələbələrinə tədris mütdəti ərzində 1 və ya 2 dəfə sınaq imtahanları keçirillər. Ona görə ACCA üzrə sınaq imtahanları ilə bağlı kurslara yaxınlaşmaq olar.

Bundan əlavə hər bir tələbə ACCA-nın saytında öz biliklərini pulsuz “specimen exam” ilə yoxlaya bilər. Knowledge Level üzrə “specimen exam”-da bu linkə keçərək iştirak etmək olar. Skills Level üçün imtahanları bu linkdən tapmaq olar - "https://specimen.accaglobal.com/flk.html".

Bundan əlavə ACCA saytından əlavə sınaq imtahanlarıda almaq mümkündür. Bu sınaq imtahanlarının dəyəri səf etmirəmsə 15-30 GBP təşkil edir. Lakin qiymətlər dəyişə bilər deyə, ACCA saytından dəqiqləşdirməyinizi məsləhət görərdim.

İmtahanlara hazırlaşmaqla bağlı nə deyə bilərsiniz? Tələbələr özü hazırlaşa bilərmi, yoxsa kurs və ya fərdi müəllim yanına getmək yaxşıdır?

Mən insanlara özləri hazırlaşmasını tövsiyə edirəm. Lakin əgər kimsə repititorla hazırlaşmaq istəyirsə, bazarda aşağıdakı variantlar var.

Əvvəla, fərdi müəllimlər var. Məsələn, istəyənlər mənə müraciət edə bilər (linkedin.com/in/orkhan-talibzade), lakin başqaları da var, onları sosial şəbəkələrdə müvafiq qruplardan tapmaq olar. Fərdi müəllimin qiyməti bir saata görə 20 AZN-dən başlayır və 50 AZN-ə çata bilər. Bütün kurs təxminən 60 saat (2.5-3 ay) davam edir, amma tələbə zəifdirsə, daha çox da uzana bilər. Ona görə də fərdi müəllim istəyənlər bütün kursa görə 1,200-3,000 AZN arası ödəniş etməli olacaqlar. Əlbəttə, bir saat üçün 5 manata da kimlərisə tapmaq olar, amma bu halda mən yüksək nəticə gözləməzdim.

Bu məbləğləri ödəməyə hazır olmayanlar kurslara yazıla bilər. Kursların sayı yetərincə çoxdur. Fikrimcə, onlardan ən məşhurları aşağıdakılardır:

● Barratson

● Imza Group

● BRIDGE Academy

● Honours Academy

Bildiyim qədərilə, Imza Group və Barratson ACCA-nın Azərbaycanda tərəfdaşlarıdır.

Kurslarda hazırlığın qiyməti Knowledge Level imtahanları üçün 250 AZN-350 AZN, Skill Level üçün isə 350 AZN-450 AZN arasında dəyişir. Strategic Professional Level üzrə kurslar çox yerdə yoxdur, çünki bu səviyyəyə çatan tələbələr artıq özləri hazırlaşıllar.

Kurslarda hazırlığın mənfi tərəfi odur ki, qruplarda tələbələrin sayı çox olur, bəzən hətta 20 nəfəri keçir və müvafiq olaraq, bir tələbəyə ayrılan vaxt minimaldır. Amma tələbə çalışmaq istəyirsə, məncə nəfər sayı ona problem olmamalıdır.

Qiymətlər kifayyət qədər yuxarıdır. Bu imtahanları verənlərin əksəriyyəti gənclər olduğunu nəzərə alsaq, öyrənmək üçün daha ucuz alternativlər mövcuddurmu?

Daha çox qənaət etmək istəyənlər üçün «Тap Öyrən», onlayn video kursunu məsləhət görə bilərəm, orada siz həm imtahanlar, həm də testlərin izahı barədə keyfiyyətli videolar, eləcə də materialın mənimsənildiyini yoxlamaq üçün onlayn testlər tapa bilərsiniz. Mən bilən bu, hələ ki, ölkədə bu tip yeganə resursdur, digərləri haqqında eşitməmişəm. Videodərslərin qiyməti kifayət qədər aşağıdır, bir kursu 1 aylıq 10-20 manata əldə etmək olar, yuxarıda sadalanan təşkilatlardakı bir kursun qiymətinə isə ACCA üzrə bütün kurslara 1 illik çıxış əldə etmək olar. Düşünürəm ki «Тap Öyrən», verdiyi çox keyfiyyətli təhsil üçün bu cür aşağı qiymətə malik yeganə resursdur.

Tap öyrən platformasına aşağıdakı lindən keçid ala bilərsiniz - https://tapoyren.com.

Bundan əlavə pulsuz resursların da olduğunu vurğulamaq lazımdır. Məsələn, “Opentuition” saytı yetərincə populyardır — https://opentuition.com/acca/orda müxtəlif imtahanlar üzrə çoxlu sayda videodərslər tapmaq olar. Habelə pulsuz dərsləri yutubda entuziastlardan öyrənmək olar. Məsələn, maraqlananlar üçün aşağıdakı linki vermək istəyirəm: https://www.youtube.com/channel/UCWm0ZhCYtm366cOoiKytHcw.

Bütün imtahanları verdikdən sonra mühasib ACCA üzvlüyünü qazanırmı? Yoxsa bu, hələ son deyil?

Xeyir, imtahanları vermək hələ son deyil. ACCA üzvlüyünə doğru növbəti addım peşə etikası modulundan imtahan verməkdir. Bu modulda ACCA sizə peşə etikası üzrə müxtəlif mövzulara dair videodərslər təqdim edir, onlara baxdıqdan sonra siz onlayn testləri keçməlisiniz. İmtahanlardan fərqli olaraq, bu testləri keçmək üçün imtahan mərkəzinə getmək lazım deyil, onları evdə öz kompüterinizlə də keçə bilərsiniz. Bu modul imtahanlarla müqayisədə o qədər vacib görünməsə də, xarici şirkətlər üçün bu modul, yetərincə əhəmiyyət kəsb edir.

Yuxarıda sadalanan bütün addımları atdıqdan sonra siz “ACCA affiliate” olursunuz. Bu o deməkdir ki, siz qarşıya qoyulan bütün tələbləri uğurla yerinə yetirmisiniz, amma hələ ACCA üzvü deyilsiniz. Hazırda sizi üzvlükdən sadəcə bir müraciət ayırır. ACCA üzvü olmaq üçün siz üzvlük müraciəti göndərməlisiniz, onu nəzərdən keçirdikdən sonra ACCA sizə üzvlük verib-verməyəcəyi barədə qərar qəbul edəcək. Əgər bu səviyyəyə çatmısınızsa, 99% ehtimalla ACCA-dan təsdiq alacaqsınız.

Niyə 99%? Bütün bu addımlardan sonra üzv olmamaq ehtimalı qalır? 

Bəli, hər zaman bir imtina ehtimalı qalır. Amma narahat olmayın, imtina cavabında da siz “ACCA affiliate” statusunu saxlayırsınız.

ACCA üzvü olmağın müsbət cəhətlərini hamı bilir bəs üzv olmağın hər hansı bir mənfi cəhətləri varmı?

Azərbaycanda “ACCA affiliate” olanlar dərhal üzvlüyə müraciət edirlər, lakin düşünmək lazımdır ki, buna hazırsınızmı? Bəli, ACCA üzvlüyü karyera üçün böyük imkanlar açır, lakin bir filmdə deyilən kimi “Böyük imkanlar böyük məsuliyyət tələb edir”. ACCA üzvü olmaqla siz həmin təşkilatla müqavilə bağlayırsınız və öz peşəkarlığınızı vurğulamaq üçün onların designation-dan istifadə imkanı qazanırsınız. Lakin siz gələcəkdə hansısa səbəbdən müəyyən maliyyə maxinasiyalarına görə maliyyə qalmaqalarına cəlb olunsanız, bu təşkilat sizi məhkəməyə verəcək və iri təzminat tələb edəcək, çünki sizin əməlləriniz təşkilatın imicinə mənfi təsir edir. Odur ki, ACCA üzvü olarkən hər şeyi nəzərə almaq lazımdır.

Orxan bəy, bəs ACCA yolu bütün bu imtahanlar və digər yoxlamalarla member olandan sonra bitirmi?

Çətinliklərin əksəriyyəti bu təşkilatda üzvlük qazanmaqla bitsə də, hekayə hələ davam edir. Üzv olduqdan sonra siz hər il mövzu üzrə biliklərinizin köhnəlməməsi üçün nələr etdiyinizə dair ACCA-ya hesabatlar göndərməlisiniz. Bu forma CPD adlanır (continual professional development). Təşkilatın reqlamentinə əsasən, hər il ACCA member özünü-inkişafa 60 saat sərf etməlidir. Və bu formada siz həmin 60 saatı nəyə xərclədiyinizi qeyd edirsiniz, bu vaxtın yarısının təsvirini sübutlarla göstərməlisiniz, məsələn, bunu təsdiq edən şəxslərin əlaqə vasitələri və ya digər isbatlarla.

ACCA adından əlavə olaraq insanların FCCA adınıda istifadə etməyi görmək olar? FCCA nə olduğunu izah edə bilərsinizmi?

Qeyd edim ki, ACCA üzvlüyü həmişəlik deyil, razılaşmanın şərtlərini yerinə yetirmədiyiniz təqdirdə statusunuz ləğv edilə bilər. Ona görə də artıq 5 ildən çox ACCA member olan şəxsləri vurğulamaq üçün təşkilat həmin üzvlərə Fellowship statusu verir və onlar öz adlarının yanında FCCA abbreviaturasını qeyd edirlər.

ACCA imtahanlarına başlamaq isdəyənlərə başqa nəsə demək istərdinizmi?

Sonda onu da deyim ki, tələbə olduqdan sonra bu yolda siz illik üzvlük rüsumlarını ödəməlisiniz, bu da sizin ACCA-da irəliləyişinizdən asılı olaraq artacaq. Ödəniş dayandırıldıqca siz ACCA statusundan məhrum olacaqsınız. Əgər tələbəsinizsə, narahat olmayın, imtahanlarınızın nəticələri müəyyən müddət ərzində ləğv olunmayacaq, amma davam etmək istəsəniz, ödəmədiyiniz illəri və üstəlik, cəriməni ödəməlisiniz. Lakin sadəcə tələbə kimi qeydiyyatdan keçirsinizsə, bunu iyun ayından sonra etməyi məsləhət görürəm, onda qalan yarımilə görə sizdən rüsum alınmayacaq, lakin imtahanları ödəyə biləcəksiniz.

Habelə qeyd edim ki, ACCA-da əsas üzvlüklə yanaşı, təşkilat həmçinin müxtəlif sertifikatlar təklif edir. Məsələn, DipIFR. Lakin bütün bu sertifikatlar artıq başqa söhbətin mövzusudur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram