Azərbaycanda 6 milyon kart sahibi üçün böyük risk yaranıb | Banco.az

Azərbaycanda 6 milyon kart sahibi üçün böyük risk yaranıb

Bakıda bank müdirlərindən birinin debit kartından bir dəfə hakerlər 5 min manat pul siliblər. Çox əlləşib, çalışıb, amma pulunu geri qaytara bilməyib. Hadisənin şahidlərinin dediyinə görə, öz imkanları ilə bir iş görə bilməyən iş adamı susmağa üstünlük verib və hüquq-mühafizə orqanlarına müraciət etməyib. Bunun bankın fəaliyyəti üçün antireklam olacağını düşünüb. 

ANS PRESS-in araşdırmasına görə, təkcə başına arzuolunmaz hadisə gəlmiş bank müdiri deyil, əksər zərərçəkmişlər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməkdən vaz keçirlər. Çünki məbləğ kiçik olur və heç kimi 100-200 manat itkiyə görə günlərlə idarə qapılarına ayaq-döymək istəmir. Adamlar sadəcə xaker hücumuna məruz qalmış kartı işlətməkdən vaz keçirlər. 

Bəzi müştərilər kartı vermiş bankların özlərinə müraciət edirlər. Amma bankların bu məsələdə həll edə biləcəyi iş çox azdır. Bu yaxınlarda kartından bir saatın içində hansısa Rusiya oyun saytı tərəfindən 1000 manat silinmiş gənc xanım müraciət etdiyi bankdan araşdırma üçün ödədiyi 10 manat qarşılığında çox az məlumat əldə etdiyini bildirir: "Mənə pulun hansısa IP ünvanı tərəfindən silinməsi barədə məlumat verdilər. IP-ni götürərək özüm "Google"da araşdırma apardım və IP-inin Moskva ətrafında yerləşən şəhərlərin birinə məxsus olduğu ortaya çıxdı. Amma bu hələ tam məlumat deyil. Həmin IP kim tərəfindən, hansı şəhərdən istifadə edilib, mənim kartımın göstəriciləri onların əlinə necə düşüb? Bax bu suallara cavab tapılmalıdır", - deyə gənc xanım ANS PRESS-in əməkdaşı ilə söhbətində bildirib. 

Oğrular kart göstəricilərini müxtəlif yollarla ələ keçirirlər. Bəzi mağazalara xüsusi dəyişdirilmiş POS-terminallar quraşdırırlar ki, o zaman kartın üzərinin fotosu çəkilir və yuxarıda quraşdırılmış kamera vasitəsi ilə müştərinin hansı pin-kodu yığması öyrənilir. Bir zamanlar Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən cinayətkar qruplar kart göstəricilərini əldə etmək üçün çox orcinal bir üsula əl atıb. Şəhərin gur yerlərindən birinə bir ədəd xüsusi dəyişdirilmiş bankomat yerləşdirilib. Həmin bankomat vasitəsi ilə çox sayda kartın göstəricisi öyrənilib və nəticədə iri məbləğdə pul oğurlanıb. Bəzən bank işçiləri də cinayətkar qruplarla əlbir olaraq vətəndaşların kart göstəricilərini onlara ötürürlər. 

Ümumiyyətlə, dünyada kart sistemi inkişaf etdikcə, kiber cinayətlərin səviyyəsi də artır. Müstəqil araşdırmalara görə, bu tipli cinayətlər dünya iqtisadiyyatına ildə 500 milyard dollara yaxın zərər vurur. Bu zərərin 200 milyard dolları ABŞ və digər inkişaf etmiş ölkələrin payına düşür. Hər il ABŞ-da 40 milyon adamın fərdi göstəriciləri hakerlər tərəfindən oğurlanır. 

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda da kart oğrularının qurbanları yetərincədir. Amma həmin qurbanların əksəriyyəti az miqdarda pul itirdiklərinə görə hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Ona görə də bu oğurluq növünün səviyyəsini müəyyən etmək mümkün olmur. Nəticədə, problem açıq qalır. Bu isə Azərbaycanın sayları 6 milyona yaxınlaşan kart istifadəçilərini potensial qurbanlara çevirir.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bununla bağlı müştəriləri ehtiyatlı olmağa çağırıb. "Birincisi, kartları heç kimə göstərməyin, masanın üzərinə qoymayın. Ağlınıza belə gəlməyən adam üzərindən göstəricilərinizi götürərək pullarınızı çəkə bilər. Həmçinin, tanınmamış, dünyada etibar qazanmamış saytlarla alış-veriş etməyin. İşinizi "ebay", "amazon" kimi şirkətlərlə görün. Mən şəxsən "amazon2 vasitəsi ilə 25 min dollarlıq alış-veriş etmişəm. Xırda fırıldaqcı şirkətlər isə müştəri cəlb edib kart göstəricilərini öyrənmək üçün bəzən 100 manata smartfon belə təklif edə bilər»,- deyə Osman Gündüz ANS PRESS-ə bildirib. Forum rəhbərinin sözlərinə görə, müştər ilər kart alarkən güclü mühafizəyə malik bankları seçməlidirlər: "Zəif banklardan göstəriciləri oğurlamaq da asandır". 

Bütün ehtiyat tədbirlərinə baxmayaraq pulları oğurlanmış müştərilərə isə Osman Gündüz hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görür: "İlk öncə Milli Təhlükəsizlik Nazirliyinə (MTN) və Daxili İşlər Nazirliyinə (DİN) müraciət etmək lazımdır. Çünki onların bui şlə məşğul olan şöbələri var. Proses uzun çəksə də, bəzi hallarda qarət olunmuş adamların pullarını qaytarmaq mümkün olur. Amma bunun üçün ciddi araşdırmalar aparılmalı, bir neçə ölkənin hüquq-mühafizə orqanları birgə fəaliyyət göstərməlidir. Çünki bəzən oğurluq zamanı IP bir ölkəyə, sayt ikinci ölkəyə, oğurluğu həyata keçirən şəxs üçüncü ölkəyə, qurban isə dördüncü ölkəyə məxsus olur. Yəni 3-4 ölkənin hüquq-mühafizə orqanları birgə işləməli olurlar". 

 

     ANS PRESS