Xarici turistləri ilk növbədə maraqlandıran suallardan biri də səfər etdikləri yerlərdə onların təhlükəsizliyinin nə dərəcədə təmin olunmasıdır.
Turizmin inkişafı üçün başlıca amillərdən biri ölkədə təhlükəsizliyin və sabitliyin təmin edilməsidir. Bu, ölkənin böyük turizm potensialından da əhəmiyyətli nüansdır.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyi bildirilib.
Qeyd olunub ki, Azərbaycan turistlər üçün ən təhlükəsiz ölkələr arasında yer alır:
“Ölkəmizdə təhlükəsizlik və sabitliyin hökm sürməsi, eyni zamanda, xalqımızın zəngin mədəniyyəti, adət-ənənəsi, digər xalqlara və millətlərə qarşı tolerant yanaşması, habelə böyük turizm potensialı Azərbaycanı turizm məkanı kimi daha da cəlbedici edir.
Prezident İlham Əliyevin 2016-cı il 27 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Turizm Şurası haqqında Əsasnamə”yə uyğun olaraq turizm sahəsində təhlükəsizlik tədbirlərinin görülməsi, bu sahə üzrə müşahidə edilən problemlərin təhlil edilərək qarşısının alınması, digər ölkələrin təcrübəsindən yararlanmaqla təhlükəsizlik üzrə yeni standartların yaradılması və beynəlxalq göstəricilərə uyğunlaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə “Turizm sahəsində təhlükəsizlik” İşçi qrupu yaradılıb.
İşçi qrupunda Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları ilə yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Daxili İşlər, Fövqəladə Hallar nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dəmir Yolları” QSC, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri də yer alıb”.
Bu il fevralın 1-də sözügedən İşçi qrupun ilk iclası keçirilib. İclasda ölkəmizə gələn turistlərin sayında hər il müşahidə olunan artım tempi nəzərə alınaraq turistlərin təhlükəsizliyinin təmin olunması məsələsi diqqət mərkəzinə çəkilib və bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən görülmüş işlərdən söz açılıb.
Nazirlik tərəfindən Strateji Yol Xəritəsinin müvafiq bəndi və hazırkı mərhələdə turistlərin təhlükəsizliyi məsələləri nəzərə alınaraq “Kənd yerlərində yerləşdirmə vasitəsinə qoyulan minimal tələblər. Yerləşdirmə vasitələrinin təsnifatı, kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmə meyarlarının tətbiq edilməsi” standartının layihəsi, həmçinin “Turizm və ekskursiya xidmətləri.
Hostellər: əsas kriteriyalar və tələblər” standartının layihəsi hazırlanıb və razılaşdırılması məqsədilə aidiyyəti qurumlara təqdim olunub”.
Nazirlikdən əlavə ediblər ki, Azərbaycanda turistlərin təhlükəsizliyinin təmin edilməsi, bu məsələnin daim nəzarətdə saxlanılması və ölkəmizin imicinin formalaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti dövlət qurumları ilə birgə əməkdaşlıq çərçivəsində qeyd olunan istiqamətlər üzrə tədbirlər həyata keçirməkdədir:
“Bu tədbirlərin görülməsi turizm məkanı kimi Azərbaycana gələn turistlərin sayının daha da artmasına müsbət təsir göstərəcək”.
Oxu.Az