Azərbaycan “2018 İqtisadi Azadlıq” indeksində bir pillə irəliləyərək 180 ölkə arasında 67-ci yerdə qərarlaşıb. "Banco.az" xəbər verir ki, Heritage Foundation tərəfindən hazırlanan hesabatda bildirilir ki, son on il ərzində həyata keçirilən davamlı iqtisadi islahatlar nəticəsində Azərbaycan ümumi orta hesab üzrə regional və dünya göstəricilərindən üstün olaraq, Asiya-Pasifik regionunda 43 ölkə arasında 14-cü yerdə müəyyənləşdirilib. Bundan əlavə, sözügedən indeks üzrə Azərbaycan Fransa, İtaliya və Yunanistan kimi inkişaf etmiş ölkələr ilə müqayisədə ön sıralarda yer tutub. Həmçinin Rusiya da daxil olmaqla bir sıra MDB ölkələrini qabaqlayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Çaparlı bildirir ki, Azərbaycanın “2018 İqtisadi azadlıq indeksi”, “İnklüziv İnkişaf indeksi 2018”, “2018 Doing Business” və “Qlobal Rəqabətlilik İndeksi”ndə mövqeyinin gücləndirilməsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin məqsədyönlü, dərin və köklü iqtisadi islahatlara beynəlxalq qiymətdir.
Ayaz Çaparlı əlavə edib ki, İqtisadi azadlıq indeksi 4 əsas indikator olmaqla, 12 alt-indikatora əsasən formalaşır. “Qanun Aliliyi”, “Dövlət payı”, “Səmərəli tənzimləmə” və “Bazarların açıqlığı” əsas indekslər (indikatorlar) olmaqla ölkələrin reytinqini formalaşdırır. Qeyd olunan əsas indikatorlar üzrə isə müəyyənləşdirilən əsas alt-indikatorlara mülkiyyət hüquqları, hökumət bütövlüyü, məhkəmə effektivliyi, dövlət xərcləri, vergi yükü, fiskal sağlamlıq, biznes azadlığı, əmək azadlığı, pul azadlığı, ticarət azadlığı, investisiya azadlığı və son olaraq maliyyə azadlığı aid olunur. Hər bir alt-indikator indeks üzrə reytinqdə bərabər xüsusi çəkiyə malikdir.
“Qanunun Aliliyi” indikatoru üzrə təyin olunan hər üç alt-indikator istiqamətində Azərbaycan irəliləyiş əldə edib ki, bu da Azərbaycanın İqtisadi Azadlıq indeksi reytinqində bir pillə yüksəlməsində mühüm əhəmiyyət kəsb edir. Həmçinin, digər indikatorlar üzrə də artım müşahidə olunur. Bunlara misal olaraq, dövlət xərclərində inkişaf qeyd olunub və son üç il ərzində dövlət xərcləri ÜDM-in 36,8%-ni təşkil etməsi müəyyənləşdirilib.
Eyni zamanda, vergi yükü alt-indikatoru üzrə azalma qeyd olunub və ümumi vergi yükü ümumi gəlirin 15%-ni təşkil edir. Fiskal sağlamlıq alt-indikatoru dünya orta göstəricilərini üstələyərək, 95,5% səviyyəsində müəyyənləşdirilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında biznes mühitinin əlverişlisinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 13-iyul 2016-ci il tarixli Sərəncamı verib. Eləcə də, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalanıb. Bu Sərəncam və Fərmanlar nəticəsində bir sıra istiqamətlər üzrə mövcud vəziyyətin yaxşılaşdırılması, maliyyə sabitliyi və davamlı iqtisadi inkişafın təmin olunması, Azərbaycanın iqtisadi mövqeyinin gücləndirilməsi ilə bağlı bir sıra mühüm nailiyyətlər əldə olunub.
Ayaz Çaparlı bildirir ki, bu kimi uğurlara misal olaraq, Azərbaycanın İqtisadi Azadlıq indeksi üzrə reytinqdə irəliləməsi və bu indeks istiqamətində müəyyənləşdirilən indikatorların: biznes, əmək və maliyyə azadlığı göstəricilərinin dünya orta səviyyədən yuxarıya qalxması, eyni zamanda, ticarət və investisiya azadlığının isə dünya orta göstəricilərinə demək olar ki, bərabər səviyyədə olmasını qeyd etmək olar.