Avropa İttifaqı Çinlə ədalətli iqtisadi rəqabət istəyir | Banco.az

Avropa İttifaqı Çinlə ədalətli iqtisadi rəqabət istəyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqının (Aİ) rəhbərliyi Çinlə ədalətli iqtisadi rəqabət istəyir.

Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Fon der Leyen, Fransa prezidenti Emmanuel Makron və Çin prezidenti Si Cinpin Parisdə görüş keçirib.

Üçtərəfli görüşdən sonra mətbuat konfransı keçirən Fon der Leyen iqtisadi və geosiyasi məsələlərin müzakirə edildiyini və Aİ ilə Çin arasında iqtisadi rəqabətin "ədalətli və balanslı" olmasının zəruriliyini bildirib.

Bazar balanssızlığının "narahatlıq mənbəyi" olduğunu dilə gətirən Fon der Leyen belə deyib:

"Şirkətlərimizi və iqtisadiyyatımızı müdafiə edəcəyik. Lazım gələrsə, bunu etməkdən heç vaxt çəkinməyəcəyik."

Fon der Leyen Çinin elektromobil və polad sənayesi üçün dövlət subsidiyalarının Avropa sənayeləri üçün ciddi təhlükə yaratdığını və "Avropada sənayesizləşməyə" səbəb ola biləcəyini vurğulayaraq, "Dünya Çinin istehsal artıqlığını kompensasiya edə bilməz", deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Yelisey Sarayı da "X" sosial media hesabından üçtərəfli görüşdən əvvəl Makronun açıqlamalarını əks etdirən video yayımlayıb. 

Fransa prezidenti Avropa-Çin dialoqunun hər zamankindən daha zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Çinlə əməkdaşlıq Ukrayna və Yaxın Şərqdəki böyük böhranlarda həlledici rola malikdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram