Dünya bazarında avronun dollara qarşı məzənnəsi kritik həddə yaxınlaşıb.
Banco.az Report.az-a istinadən məluat verir ki, Yunanıstandakı maliyyə böhranı avronun məzənnəsinin digər valyutalar, xüsusən də ABŞ dollarına nəzərən ucuzlaşmasına səbəb olub. Yunanıstan probleminin həllinin uzanması avronun məzənnəsinə ciddi təzyiq göstərir.
"İnvestorlar problemin yaxın zamanlarda həll olunmamasından ehtiyat edərək avronu satmağa başlayıblar. Belə ki, avro bu gün dollarla müqayisədə 1,10 USD/EUR psixoloji həddin altına düşüb. Artıq Hazırda 1,0919 USD/EUR səviyyəsində olan məzənnə bu qiymətə alıcı tapmasa, sürətlə azalacağı ehtimal olunur. O zaman ilk dəstək səviyyəsi 1,08, daha sonra isə 1,05 olacaq", - deyə analitiklər vurğulayır.
Qeyd edək ki, dollar/avro məzənnəsi martın 16-da son dövrün minimal səviyyəsi - 1,0456 USD/EUR olub. Azalma isə 2014-cü ilin mayın 8-də başlayıb və yekunda 1,3991 USD/EUR-a düşüb. Ümumiyyətlə, bu valyutaların məzənnəsinin pik səviyyəsi 2008-ci il iyulun 1-nə təsadüf edib və 1,6038 USD/EUR-ya bərabər olub.