“Audatex Azerbaycan” şirkəti 2015-ci il oktyabrın 1-dən fəaliyyətə başlayacaq.
Bu barədə İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev məlumat verib.
“Şirkət iyulun 1-dən fəaliyyətə başlamalı idi. Lakin bu, bir sıra səbəblərdən təxirə salınıb və şirkət oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Şirkət özünün proqram təminatının lokallaşdırılması üzrə işi və rəsmi avtodilerlərlə danışıqları davam etdirir”, - deyə E.Quliyev bildirib.
“Audatex”in proqram təminatının Azərbaycan sığorta bazarında istifadəsi yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitələrinə dəyən zərərlərin müəyyən edilməsində vahid yanaşma və qiymətləndirmə sisteminin tətbiq olunmasını təmin edəcək. Bunun başlıca üstünlüyü odur ki, zərərlər Azərbaycanda bütün sığorta şirkətləri tərəfindən eyni sistem vasitəsilə qiymətləndiriləcək.
“Audatex” şirkəti avtonəqliyyat vasitələrinin bərpa təmirinin dəyərinin hesablanması üçün proqram təminatının hazırlanması sahəsində dünya lideridir.