"Atabank" və "CDB Bank"ın birləşməsi nəticəsində 20 nəfər işini itirib | Banco.az

"Atabank" və "CDB Bank"ın birləşməsi nəticəsində 20 nəfər işini itirib

“Atabank” və “Caspian Development Bank” (“CDB Bank”) ASC-lərin birləşməsindən sonra “CDB Bank”ın təxminən 20 əməkdaşı işsiz qalıb.

Bu barədə bankı tərk etmiş işçilər özləri məlumat veriblər.

Söhbət “CDB Bank”ın İdarə Heyətinin (İH) üzvlərindən, eləcə də struktur bölmələrinin rəhbərlərindən gedir. Onların sözlərinə görə, konsolidasiya prosesi başa çatdıqdan sonra “CDB Bank”ın vəzifəli şəxslərinə “Atabank”da normal iş və maaş təklif olunmayıb, buna görə də onlar bankda qalıb işləməkdənsə, işdən çıxmağa üstünlük veriblər.

Xatırladaq ki, kredit təşkilatlarının birləşməsi ilə bağlı bu il iyunun 1-də keçirilən mətbuat konfrasında “Atabank”ın İH-nin sədri Dəyanət Quliyev konsolidasiyanın ixtisar olmadan həyata keçirildiyini bildirib: “Birləşməyə qədər “Atabank”da 415, “CDB Bank”da isə 100 işçi olub. Hazırda “Atabank”ın işçilərinin sayı 515-dir”.

Ən sərfəli kredit üçün müraciət et

Məsələyə münasibət bildirən “Atabank”ın Kommunikasiyalar və PR şöbəsinin rəisi Oruc İbrahimov isə bildirib ki, “CDB Bank”ın bütün əməkdaşlarına iş təklif olunub: “Bunların 95%-i iş təklifini qəbul edib, qalan 5% isə qəbul etməyib. Təkcə mənim çalışdığım departamentə 8 nəfər yeni işçi götürülüb”.

Onu da qeyd edək ki, konsolidasiyadan sonra “Atabank”ın nizamnamə kapitalı 120,02 mln. manata çatıb. Bunun 70 mln. manatı “Atabank”ın, 50,02 mln. manatı isə “CDB Bank”ın hesabına təmin edilib.

Hazırda “Atabank”ın dövriyyədə hər birinin nominal dəyəri 20 manat olan 6,001 mln. ədəd səhmi var. Bankın əsas səhmdarı “Synergy Group” MMC-dir. 

Mənbə: Report.az