Müəllif: Tamara Mustafayeva, Banco.az
“Microsoft” “Apple”ı geridə qoyaraq dünyanın ən bahalı şirkətinə çevrilib.
Banco.az xəbər verir ki, “Microsoft” firması 2021-ci ildən sonra ilk dəfə olaraq “Apple”ı üstələyərək dünyanın ən dəyərli şirkəti ünvanına sahib olub.
Belə ki, dünən “Apple” şirkətinin səhmləri 0,2 faiz, “Microsoft”un səhmləri isə 1 faiz artıb.
Bununla da, “Microsoft”un bazar dəyəri ən yüksək həddə çataraq 2,887 trilyon dollar təşkil edib. “Apple”ın bazar dəyəri isə 2,875 trilyon dollar olaraq qeydə alınıb.
Qeyd edək ki, “Apple” səhmləri 2024-cü ilin ilk 2 həftəsində smartfon bazarındakı narahatlıqlar və “iPhone”a tələbatın azalacağı ilə bağlı proqnozlar səbəbindən 3 faiz dəyər itirib. Eyni dövrdə “Microsoft”un səhmləri isə “OpenAI”ə investisiyası və süni intellekt sahəsindəki addımları ilə 3 faiz artıb.
Xatırladaq ki, ötən il “Apple”ın səhmləri 48 faiz artarkən, “Microsoft”un səhmləri 57 faiz artım reallaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!