Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi ötən həftə 6,54 faizdən 6,50 faizə enib.
Banco.az xəbər verir ki, ABŞ İpoteka Bankları Assosiasiyası (MBA) avqustun 16-da başa çatan həftənin ipoteka məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, ölkədə ipoteka müraciətləri ötən həftə əvvəlki həftəyə görə 10,1 faiz azalıb. Bu dövrdə ev almaq üçün müraciətlər 5 faiz, yenidən maliyyələşdirmə müraciətləri isə 15 faiz azalıb.
Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi ötən həftə 6,54 faizdən 6,50 faizə düşüb ki, bu da 2023-cü ilin may ayından bəri ən aşağı səviyyədir. Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi isə 5,96 faizdən 6,04 faizə yüksəlib.
MBA-nın vitse-prezidenti və baş iqtisadçı köməkçisi Coel Kan bildirib ki, maliyyə bazarlarında bir neçə həftəlik dəyişkənlikdən sonra həm ipoteka faizləri, həm də müraciətlər sabitləşib və ipoteka faizlərinin azalmasına gətirib çıxarıb.
Bizi sosial şəbəkələrdən izləyin!!