ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı oktyabrın 22-28-də 4 ədəd və ya 0,7% artaraq 557-yə çatıb.
"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 2 ədəd və yaxud 0,45% azalaraq 441 ədəd, qaz quyularının sayı 4 ədəd və yaxud 5,55% artaraq 114 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 2 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 137 ədəd və yaxud 23,7%, qaz quyularının sayı isə 87 ədəd və yaxud 42,1%, ümumilikdə isə neft-qaz quyularının sayı 218 ədəd və yaxud 28,1% azalıb.
Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu il mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 39,6% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 72,6% aşağıdır.
Qeyd edək ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ardıcıl 17 həftə artdıqdan sonra son həftədə azalma göstərib.
"Report"un analitik qrupu hesab edir ki, ABŞ energetiklləri son hesabat həftəsində bəzi qazma quyularının profilaktik işlərlə əlaqədar işini dayandırıblar. Bundan başqa, hazırda onların diqqəti OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək sammitinə yönəlib. Quyuların sayının son hesabat həftəsində artım göstərməməsi isə neft bazarında Vyana sammitinin müsbət nəticələnəcəyinə şübhə ilə yanaşanların sayının artdığını göstərir. "Bloomberg İntelligence" araşdırma şirkətinin analitiki Endryu Kosqrou (Andrew Cosgrove) bildirib ki, ABŞ-da qısamüddətli perspektivdə "Perm" hövzəsi istisna olmaqla neft hasilatının artması gözlənilmir. Belə ki, son hesabat həftəsində bu hövzədə qazma quyularının sayı dəyişməyərək 212 ədəd tşkil edib. Digər hövzələrdə isə neft qiymətlərinin dayanıqlı olaraq 50-60 dollar/barel səviyyəsindən yuxarı qalxmaması halında hasilatın artması proqnozlaşdırılmır.
Mənbə: Report.az