ABA-da YENİ TƏYİNAT! | Banco.az

ABA-da YENİ TƏYİNAT!

Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi Yığıncağında, “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”nun yaradılması təstiq edilib.

 

Yeni yaradılmış Ekspert Qrupunda aktiv və passivlərin idarə olunması, valyuta əməliyyatları, qiymətli kağızlar, kapital və pul bazarları, törəmə əməliyyatlar, fondların idarə olunması, likvidliyin idarə olunması, valyuta mövqeyinin idarə olunması, valyuta, faiz və likvidlik risklərinin idarə olunması, aktivlərin transfer qiymətləndirilməsi və digər istiqamətlərdə məsələlər müzakirə olunacaq.

 

Yığıncaqda “Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu”na sədr kimi “AFB Bank”ın İdarə Heyəti Sədrinin müavini Aydın Hüseynov təyin edilib.

 

Qeyd edək ki, Aydın Hüseynov  1996-2000-ci illərdə Türkiyə  Cümhuriyyətnin Egey Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Bakalavr, 2000-2002-ci illərdə Ankara Universitetində Tətbiqi Riyaziyyat ixtisası üzrə Magistr və 2002-2005-ci illərdə həmin Universitetdə Tətbiqi Riyaziyyat ixtisası üzrə Doktorantura təhsilini tamamlayaraq Riyaziyyat üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi almışdır. Fəlsəfə Doktoru elmi dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən nostrifikasiya olunmuşdur. 2014-cü ildən başlayaraq Bakı Dövlət Universitetində Riyazi İqtisadiyyat Kafedrasında Elmlər Doktoru elmi dərəcəsi üçün təhsilini bu günə qədər davam etdirməkdədir. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Dosent elmi adı verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Aydın Hüseynov əmək fəaliyyətinə 2007-ci ilin Aprel ayından Yapı Kredi Bank QSC-də Kreditlərin Təhlili Departamentinə Mütəxəssis olaraq başlamışdır. 2008-2009-cu illərdə həmin bankda Fondların İdarə Edilməsi Departamentində  Mütəxəssis kimi fəaliyyətini davam etdirmişdir. Paralel olaraq Yapı Kredi İnvest MMC-də Qiymətli Kağızlar üzrə broker və diler kimi işləmişdir. 2009-2012-ci illərdə TuranBank ASC-də Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin Mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışmışdır.

Daha sonra 2016-cı ilin yanvarında “Rabitəbank” ASC-də Risklərin İdarə Edilməsi Departamentində müdir müavini, 2016-ci ilin aprelindən “Rabitəbank” ASC-də Satışlar Departamentində müdir müavini kimi fəaliyyət göstərmişdir.

 

2017-ci ilin martından  isə “AFB Bank” ASC-də çalışır və hazırda həmin bankda “AFB Bank”ın İdarə Heyəti Sədrinin birinci müavini vəzifəsini icra edir.