Müəllif: Tamara Mustafayeva, Banco.az
Ötən 3 il ərzində Avropa İttifaqının (Aİ) enerji təchizatında rus qazını LNG əvəz edib.
Banco.az xəbər verir ki, Aİ Enerji Tənzimləyiciləri üzrə Əməkdaşlıq Agentliyinin (ACER) dərc etdiyi LNG hesabatından tərtib edilən məlumata görə, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qlobal LNG istehlakı 40 milyard kubmetrdən çox artaraq 557 milyard kubmetrə çatıb.
Avropa 2021-ci ilə nisbətən 57 milyard kubmetr artımla ən çox tələbat artımın reallaşdığı region olub və ümumi LNG ticarətinin dörddə birindən çoxunu təşkil edib.
Rusiya-Ukrayna müharibəsindən sonra Avropada yaranan enerji böhranını LNG və onun saxlanması yolu ilə həll etmək istəyən ölkələr arasında Almaniya istifadəyə verdiyi obyektlərlə LNG idxalında ən yüksək artıma nail olan Aİ ölkəsinə çevrilib.
Aİ ölkələri 134 milyard kubmetr LNG idxal edib ki, bunun da təxminən 18 milyard kubmetri Rusiyadan alınıb. Fransa 30 milyard kubmetr LNG, İspaniya isə 25 milyard kubmetr LNG idxal edib. Bu ölkələri Hollandiya, İtaliya və Belçika izləyib.
Aİ ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı ötən 3 ildə 41 faizdən 10 faizə düşüb. LNG-nin idxaldakı payı isə 2021-ci ildəki 20 faizdən 2023-cü ilin sonuna qədər 41 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!