2024-cü ildə Azərbaycanın sığorta sektorundan nələr gözlənilir? | Banco.az

2024-cü ildə Azərbaycanın sığorta sektorundan nələr gözlənilir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ili Azərbaycanın sığorta sektoru üçün kifayət qədər uğurlu il adlandırmaq olar. Çünki ilk dəfə sığorta yığımları 1 milyard manatı ötüb. Belə ki, yanvar-oktyabr aylarında 1 milyard 19 milyon 745 min manat sığorta haqqı yığılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 27,8% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 455 milyon 12 min manata bərabər olub. Bu da illik müqayisədə 26,6% artım deməkdir.

Bu il Azərbaycanın sığorta sektorunda baş verənlər və 2024-cü il sığorta sektorundan gözləntilərlə bağlı sığorta sahəsi üzrə ekspert İlkin İbrahimov Banco.az-a bildirib ki, 2023-cü  il sığorta sektoru üçün bəzi sığorta şirkətlərinin bağlanması, bəzi şirkətlərin avto icbari sığorta növü üzrə məhsullarının satışının dayandırılması kimi yadda qaldı:

“Amma ən mühümü isə ondan ibarətdir ki, sığorta yığımları 1 milyard manatı keçib. Yəni, ölkə tarixində ilk dəfə olaraq 1 milyard manat sığorta haqqı yığılıb.

Sığorta ödənişləri də kifayət qədər yüksək olub. Ona görə də bu ili sığorta sektoru üçün dönüş ili adlandırmaq olar. Eyni zamanda il ərzində Mərkəzi Bankın - requlyatorun daha yaxşı işləmə mexanizmləri ilə bağlı hərəkətləri oldu. Belə ki, Mülki Məcəlləyə dəyişikliklər edildi. Əvvəllər müstəqil ekspertlərin seçimi sığorta şirkətlərinin diktəsi ilə qeyri-rəsmi olaraq olurdusa, indi bu qayda vətəndaşların xeyrinə olaraq dəyişib”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertin sözlərinə görə, 2024-cü  il sığorta sektorunun daha çox möhkəmlənməsi, sığorta haqlarının daha çox yığılması ili kimi yadda qalacaq: “Eyni zamanda müstəqil ekspertlərin yeni seçim qaydası, yəni test üsulunun tətbiqi nəzərdə tutulur. 2024-cü il sığorta sektoru üçün maarifləndirmə dövrünün də daha yaxşı formada olacağı, sənədləşmə işləri ilə bağlı sığorta şirkətlərinin vətəndaşların işini asanlaşdırması və bunla bağlı daha yaxşı formada həll yollarının olacağına ümid olunur”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram