Bakıda PAŞA Bankın yeni Biznes-mərkəzinin açılış mərasimi keçirilib. Biznes-mərkəzin fəaliyyəti kiçik biznes nümayəndələri ilə işə yönəldilib. Açılış mərasimində PAŞA Bankın rəhbərliyi, müştəriləri və yeni Bölmənin əməkdaşları iştirak ediblər.
PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor Taleh Kazımovun sözlərinə görə, Bankın yeni Biznes-mərkəzinin açılmasında başlıca məqsəd - dünyada biznes-bankinq kimi məlum olan kiçik bizneslərin maliyyələşdirilməsi üzrə yeni konsepsiyanın Azərbaycanda inkişaf etdirilməsidir.
T.Kazımov qeyd etmişdir ki, "PAŞA Bankın yeni Bölməsində biznes-bankinqin fərqləndirici xüsusiyyəti təkcə sərfəli şərtlərlə, minimum tələb olunan sənədlər paketi əsasında və onların baxılmasına minimum vaxt sərf etməklə geniş spektrli maliyyə məhsullarının təqdim edilməsindən ibarət olmayacaq. Bununla bərabər, kiçik biznes nümayəndələrinə iri korporativ müştərilərimizə göstərdiyimiz səviyyədə yüksək xidmət və fərdi yanaşma təqdim olunacaq".
Qeyd edək ki, ilin sonuna qədər Bank daha 2 və növbəti ildə 2 yeni Biznes-Mərkəzini (Business Banking Service Centre) açmağa planlaşdırır.
PAŞA Bankın yeni Biznes-mərkəzi Bakı ş., A.Heydərov küç., 35 Q (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi ilə üzbəüz) ünvanında yerləşir.