Aleksandr Yeryomin: «VTB-Azerbaijan»ın strateji məqsədi TOP-5 bankları sırasına daxil olmaqdır» | Banco.az

Aleksandr Yeryomin: «VTB-Azerbaijan»ın strateji məqsədi TOP-5 bankları sırasına daxil olmaqdır»

«Bank VTB (Azərbaycan)»ın aktivlərinin həcmi 2013-cü ildə 2,4 dəfə artaraq 2014-cü il yanvarın 1-nə 207,9 mln. manata çatıb.

Bunu bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin bu gün keçirilən mətbuat konfransında bildirib.

Eyni zamanda, hesabat ilində bankın kredit portfeli 2,6 dəfə artaraq 187,9 mln. manat təşkil edib. A.Yeryomin qeyd edib ki, bankın kredit portfelində bütün istiqamətlər üzrə əhəmiyyətli artım müşahidə olunub. Belə ki, korporativ biznes üzrə artım 1,7 dəfə, kiçik biznes üzrə 3,3 dəfə və pərakəndə biznes üzrə 2,7 dəfə olub. Bildirib ki, bankın məcmu kapitalı 2013-cü ildə 3 dəfə artırılaraq 45 mln. manata çatdırılıb. Həmçinin, 2,8 mln. manat həcmində ploqnozlaşdırılan zərərə qarşı 2013-cü ildə 2,2 mln. manat mənfəət əldə edilib.

Bu ilki proqnozlara gəlincə A.Yeryomin ilk növbədə bəyan edib ki, aktivlər və kredit portfeli üzrə təxminən 1,7-1,8 dəfə, depozit portfeli üzrə 2 dəfə artım gözlənilir. Bundan əlavə, 2014-cü ildə korporativ biznes istiqamətinin inkişafının sürətləndirilməsi planlaşdırılır. Eyni zamanda, bankın planlarında pərakəndə biznes istiqamətində yerlərdə kreditləşmənin hüquqi əsaslarının hazırlanması məsələsi də yer alıb. Qeyd edək ki, ötən ilin fevral ayında Azərbaycan Mərkəzi Bankı bankların uzaqlaşdırılmış iş yerləri vasitəsi ilə kreditləşməsinə qadağa qoyub və bu, «VTB-Azerbaijan» üçün müəyyən problemlər yaradıb. Belə ki, həmin vaxta bank fəaliyyət göstərən 15 uzaqlaşdırılmış iş yerbyb bamlamalı olub. A.Yeryominin sözlərinə görə, dünya praktikasında bankların pərakəndə ticarət şəbəkəsində fəaliyyət göstərən kredit nöqtələri pərakəndə ticarətin artmasına dəstək olur. Lakin eyni zamanda? Mərkəzi Bankın istehlak kreditləşməsinin kəskin sürətdə artmasından narahatlığı və bunun müəyyən dərəcədə məhdudlaşdırılması da başa düşüləndir.

Ən sərfəli kredit üçün müraciət et

A.Yeryomin həmçinin AMB-nin dekabr ayında banklara verdiyi tövsiyə ilə bağlı bildirib ki, bu qərar «VTB-Azerbaijan»a heç bir mənfi təsir göstərmədiyini vurğulayıb. Qeyd edək ki, AMB banklara müştərilərə gəlirləri təsdiq edən sənədlər olmadan istehlak kreditlərini verməməyi tövsiyə edib. A.Yeryomin bildirib ki, «VTB-Azerbaijan»da bu cür kreditlər çox kiçik həcmdə olub, lakin eyni zamanda vurğulayıb ki, ümumilikdə bu qərar ölkədəki bəzi banklara mənfi təsir göstərə bilər.

Bundan əlavə A.Yeryomin bəyan edib ki, Bank hələlik taksit kartları buraxmaq və ipoteka kreditləşməsini tətbiq etmək niyyətində deyil. Hazırda Bank daşınmaz əmlakla bağlı müəyyən kreditləri maliyyələşdirir, lakin bu kreditləşmə 5 illik müddətlə məhdudlaşır. «İpoteka kreditləşməsi isə daha uzun müddət tələb edir. Bu səbəbdən və bankın cəlb etdiyi vəsaitlər əsasən qısamüddətli olduğuna görə, Bank hələlik uzunmüddətli layihələri həyata keçirməkdən çəkinir, çünki əks halda likvidlik və digər risklər yarana bilər», - deyə «VTB-Azerbaijan»ın rəhbəri vurğulayıb.

A.Yeryomin ümumilikdə Bankın Azərbaycanda gələcək fəaliyyətinə toxunaraq bəyan edib ki, «VTB-Azerbaijan»ın strateji məqsədi ölkənin TOP-5 bankları sırasına daxil olmaqdır.