Mərkəzi Bankın təkliflərini Nazirlər Kabinetinə təqdim etməsi yaxın zamanlarda ipoteka kreditlərində faizlərin aşağı salınması və şərtlərin sadləşdirilməsi ilə bağlı nikbinliyi artırır | Banco.az

Mərkəzi Bankın təkliflərini Nazirlər Kabinetinə təqdim etməsi yaxın zamanlarda ipoteka kreditlərində faizlərin aşağı salınması və şərtlərin sadləşdirilməsi ilə bağlı nikbinliyi artırır

Müsahibimiz İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramovdur.

Müsahibənin 2-ci hissəsi

 

Vətəndaş birmənalı şəkildə kredit müqaviləsini imzalamazdan əvvəl bütün şərtlərlə yaxından tanış olmalıdır

Kommersiya banklarından kredit götürən zaman vətəndaşların diqqət yetirdiyi ən ciddi məqamlardan biri kredit müqaviləsi olmalıdır. Vətəndaş birmənalı şəkildə kredit müqaviləsini imzalamazdan əvvəl oxumalıdır. Bu gün ən çox müşahidə edilən problemlərdən biri odur ki vətəndaş kredit müqaviləsini oxumadan imzalayır və ödəniş edən zaman bəlli olur ki daha artıq ödəniş etməlidir. Baxmayaraq ki mərkəzi bank bu ildən etibarən kommersiya banklarının effektiv,nominal və real faizləri elan etməsi ilə bağlı göstəriş verib,amma kommersiya bankları çox zaman nominal faizləri elan edirlər. Bu da onunla bağlıdır ki, bankların nominal faizi hesablayan zaman komisyon xərcləri nəzərə almırlar və bəzi banklar müştəriyə nominal faiz dərəcəsini açıqlayırlar. Elə buna görə də vətəndaş üçün bankın təklif etdiyi faizin effektiv yaxud nominal olduğunu bilmək vacibdir.Eyni zamanda digər diqqət yetirilməli məqam komisyon haqqının neçə faiz olmasıdır.

problemli kreditlərin yaranmasının əsas səbəblərindən biri bəzi kommersiya banklarının kreditlər üzrə təklif etdikləri faiz dərəcələrinin yüksək olmasıdır.

Ümumiyyətlə problemli kreditlərin yaranmasında müştərilərin günahı daha çoxdur. Hal hazırda 800 milyon manat problemli kredit var ki, bu beynəlxalq standartlardan çoxdur.Problemli kreditlərin həcmi göstərir ki, bu  kreditlərin yaranmasında ən çox günah müştərilərin üzərindədir. Amma banklar da bu problemin yaranmasında iştirak edir. Belə kreditlərin yaranmasının əsas səbəblərindən biri bəzi kommersiya banklarının kreditlər üzrə təklif etdikləri faiz dərəcələri yüksək olmasıdır. Faiz dərəcələrinin yüksək olması bankın verdiyi kreditin geri qaytarılmasında əsas problemdir. Digər məqam isə ondan ibarətdir ki, bank kredit verdiyi müştərinin ödəmə qabiliyyətini yetəri qədər araşdırmır. Xüsusilə riteyl bankçılıqla məşğul olan bankların müəyyən hissəsi vətəndaşların ödəmə qabiliyyətini yoxlamadan kreditlər verirlər. Tutaq ki bir vətəndaşın bir neçə banka borcu var. Vətəndaş bəzi hallarda piramida prinsipindən istifadə edərək, bir banka olan borcunu başqa bir bankdan kredit götürməklə ödəyir.Bank bu riski nəzərə almadan müştəriyə kredit verir və nəticədə problemli kreditlər yaranır.

xüsusilə riteyl bankçılıqla məşğul olan kommersiya bankları borclu müştərilərə kredit verməklə problemli kreditlərin yaranmasına şərait yaradırlar

Bankların müştərinin ödəmə qabiliyyətini öyrənməsi olduqca vacibdir. Nəzərə alsaq ki müştərilərin kredit ödəmələriylə bağlı bütün məlumatlar elektronlaşıb, demək kommersiya bankının müştəri haqqında məlumat alması çətin deyil. Amma xüsusilə riteyl bankçılıqla məşğul olan kommersiya bankları bunu nəzərə almadan, yəni borclu müştərilərə kredit verməklə problemli kreditlərin yaranmasına şərait yaradırlar. Problemli kreditlərin yaranmasında müştərilərin rolu da kifayət qədər çoxdur. Əsas məsələ ondan ibarətdir ki, müştərilər bəzi hallarda öz ödəmə qabiliyyətlərini düzgün qiymətləndirməyərək kredit götürürlər.

Əmanəti yüksək faizlə qəbul edən bank məcburdur ki krediti də yüksək faizlə versin

2013-cü ildə kommersiya banklarının təklif etdiyi faiz dərəcələrində azalma müşahidə edilib, faiz dərəcələri 5% aşağı düşüb. Kommersiya banklarının təklif etdiyi faiz dərəclərinin yüksək olmasının bir sıra səbəbləri var. əvvəla kommersiya bankları cəlb etdikləri vəsaitlərin 93%-ni mərkəzi bankdan kənar mənbələr hesabına əldə edir. İkinci hal kommersiya bankının cəlb etdiyi əmanətlərin faiz dərəcəsiylə bağlıdır. Əmanəti yüksək faizlə qəbul edən bank məcburdur ki krediti də yüksək faizlə versin. Kommersiya banklarının xaricdən birbaşa kredit resursları cəlb etmək imkanı yoxdur. Kommersiya bankları məcburdur ki vasitəçilər tapsın. Həmin vasitəçilər, yəni  maliyyə qurumları kommersiya bankları üçün vəsait tapır və nəticədə həmin maliyyə vasitəçisinin faizi bu məbləğə əlavə olunur. Buna görə də bankın müştəriyə təqdim etdiyi vəsaitin faiz dərəcələri yüksəlir.İkinci  məqam iqtisadiyyatda mənfəət normasının yüksək olmasıdır ki, bu da faiz dərəclərinin yüksək olmasına səbəb olur.

əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması avtomatik olaraq kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxaracaq

Artıq əmanətlərin sığortalanması fondu sığortalanan əmanətlərin faiz dərəcəsinin birinci mərhələdə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edib və bu qayda avqust ayının 1-dən tətbiq olunmağa başlanıılıb. Növbəti mərhələ üçün də, yəni 2014-cü ilin yanvarın 1-dən etibarən bu məbləğin 8%-ə salınması təklif edilir. Nəzərə alsaq ki əmanətlərin kredit portfelində payı 45%-dir, bu o deməkdir ki əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınması avtomatik olaraq kreditlər üzrə faiz dərəcələrinin aşağı salınmasına gətirib çıxaracaq. Yəni kommersiya bankı əmanətçidən ucuz pul cəlb etdiyi halda, təklif etdiyi pul da ucuz olacaq. Mərkəzi bankın təklif etdiyi mərkəzləşdirilmiş kredit resurslarının sayının artırılmasına ehtiyac var. Bankların həmin resurslardan istifadəsinin genişlənməsi ona görə vacibdir ki kommersiya bankları həmin resurslardan daha çox istifadə etmək imkanına malik olsun. Və ən əsası da kommersiya bankları çalışmalıdır ki beynəlxalq maliyyə qurumlarıyla əlaqələrini genişləndirsin. Çünki beynəlxalq maliyyə qurumları,eləcə də beynəlxalq maliyyə korporasiyası daha aşağı faizlə və uzunmüddətli kreditlər təklif edir. Bu da kommersiya banklarına imkan verəcək ki daha aşağı faizlə və uzun müddətli kreditlər götürməklə kredit faizlərinin aşağı salınmasına nail olsunlar.

Azərbaycanda problemli kreditlərin bank aktivlərindəki payı 4,5% olmaqla kritik həddən çox, daha kritik həddən isə aşağıdır.

Son məlumatara görə azərbaycanda problemli kreditlərin həcmi 800 milyon manata yaxındır. Beynəlxalq standartlara problemli kreditlərin həcmi bank aktivlərinin 3%- indən çox olarsa,o zaman bu artıq kritik hədd hesab olunur. Azərbaycanda bu rəqəm 4,5 %-ə yaxındır. Yəni faktiki olaraq Azərbaycanda problemli kreditlərin bankların aktivlərindəki payı beynəlxalq standartlarla müqayisədə təxminən 1,5 % çoxdur. Bank standartlarında 6%- dən artıq daha kritik hesab olunur. Hələlik Azərbaycanda problemli kreditlərin bank aktivlərindəki payı 4,5% olmaqla kritik həddən çox, daha kritik həddən isə aşağıdır. Bu həddə olması kommersiya banklarına vəziyyəti düzəltməyə imkan verir.

problemli kreditlərin inzibati yolla həllinin tərəfdarı deyilik

Biz problemli kreditlərin inzibati yolla həllinin tərəfdarı deyilik. Dünya təcrübəsindən görə bilərik ki, problemli kreditlərlə bağlı məsələ çox humanist formada həll edilir. Məsələn, qlobal maliyyə böhranından sonra Rusiyada problemli kreditlər məsələsinin həll olunması üçün vətəndaşlara 5 il müddətinə zaman verildi, güzəşt müddəti müəyyən edildi və bu müddətdə faizlərin hesablanması dayandırıldı, eyni zamanda banklar üçün bu güzəşt müddətində problemin yaranmaması üçün dövlət büdcəsindən dəyən ziyanın bir hissəsi kompensasiya edildi. Azərbaycanda oxşar praktikanın tətbiq edilməsi zamandan asılıdır,yəni vətəndaşlara zaman verilməsi, həmin müddətdə faizlərin hesablanmasının dayandırılması praktikası tətbiq oluna bilər. Lakin ölkədə vəziyyət bu sahədə daha kritik hədddə hesablanmadığına görə hələlik bu praktikanın tətbiqinə ehtiyac duyulmur.    

Kommersiya ipoteka kreditlərinə marağın artmasına səbəb bu növ ipoteka kreditlərinin faizlərində azalmaların müşahidə olunmasıdır.

Ümumiyyətlə Azərbaycanda ipoteka bazarının  son illər genişlənməsi müşahidə edilir. 2012 –ci ildə Azərbaycanda ipoteka fondunun nəzdində müvəkkil banklar tərəfindən 92 milyon manata yaxın, dövlət büdcəsi vəsaitləri hesabına 20 milyon manat, kommersiya bankları tərəfindən isə 75 milyona yaxın kommersiya ipoteka krediti vətəndaşlara təqdim edilib. Bu ilin 8 ayında müvəkkil banklar  tərəfindən vətəndaşlara 40 milyon manatdan artıq sosial ipoteka verilib. Xatırladaq ki. 2013- cü ilin dövlət büdcəsində sosial ipoteka üçün ayrılan vəsaitin məbləği 2 dəfə artırılaraq 20 milyon manatdan 40 milyon manata çatdırılıb. Artıq 40 milyon manatlıq sosial ipoteka vəsaitləri vətəndaşlara təqdim olunub. Eləcə də ölkə bankları tərəfindən 45 milyon manata yaxın adi ipoteka krediti təklif edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çoxdur.Kommersiya ipoteka kreditlərinə marağın artmasına səbəb kommersiya banklarının öz vəsaitləri hesabına verdikləri ipoteka kreditlərinin faizlərində azalmaların müşahidə olunmasıdır. Bu da vətəndaşlarda marağın artmasına gətirib çıxarıb.

İpoteka kreditləri

Hal hazırda azərbaycanda 3 növ ipoteka təklif olunur, bu adi ipoteka kreditləri – ipoteka fondunun istiqrazları yerləşdirilməsi nəticəsində əldə edilən vəsaitlər hesabına verilir. Adi ipoteka kreditləri üzrə faiz dərəcəsi 8% , maksimum məbləğ 53 min manatdır. İkinci ipoteka növü sosial ipoteka kreditləridir ki dövlət büdcəsi hesabına maliyyələşdirilir. Qeyd etdiyim kimi 2013- cü ildə dövlət büdcəsindən bu növ kreditlər üçün 40 milyon manat vəsait ayrılıb. Sosial ipoteka kreditinin faiz dərəcəsi 4%, maksimum məbləğ 50 min manatdır. Sosial ipoteka kreditləri gənc ailələr üçün nəzərdə tutulub və konkret kateqoriyaya aid olan ailələrə təklif olunur. Üçüncü növ ipoteka krediti kommersiya ipoteka kreditidir. Bu növ kredit kommersiya bankları tərəfindən verilir. Adətən bu adi və sosial ipoteka kreditlərinə nisbətən qısamüddətli olur, 5-10 il arası verilir. Və faiz dərəcəsi kommersiya bankları tərəfindən müəyyənləşir, 2013-cü ildə kommersiya ipoteka kreditinin fazi dərəcəsi 10-12% aralığında dəyişib. Adi ipoteka kreditləri vətəndaşların çox maraq göstərdiyi kreditlərdəndir. Adi ipoteka kreditləri ipoteka fondunun yerləşdirdiyi ipoteka istiqrazı hesabına ödənilir. 2013-cü ildə ipoteka fondu 40 milyon manat adi ipoteka krediti yerləşdirməyi nəzərdə tutur, artıq onun 37 milyon manatı yerləşdirilib.

bu sahədə ən çox arzuolunan faiz dərəcələrinin aşağı salınması və şərtlərin sadələşdirilməsidir

Təbii ki bu sahədə ən çox arzuolunan faiz dərəcələrinin aşağı salınması və şərtlərin sadələşdirilməsidir. Biz -İqtisadi və Sosial İnkişaf Mərkəzi olaraq Mərkəzi Banka ipoteka kreditləşməsi iə bağlı təkliflər təqdim etmişik. Və həmin təkliflərdə sosial və adi ipoteka kreditlərinin faiz dərəcələrinə yenidən baxılmasını təklif etmişik. Nəzərə alsaq ki,adi ipoteka kreditləri istiqrazların yerləşdirilməsi hesabına verilən kreditlərdir və ipoteka fondu istiqrazları 3%lə yerləşdirir, bu o deməkdir ki, adi ipoteka kreditlərini 6%lə təklif etmək mümkündür. Yəni biz adi ipoteka kreditləri üzrə mövcud xərcləri nəzərə almaqla ipoteka kreditlərinin fazi dərəcəsinin 8-dən 6-ya endirilməsini təklif edirik. Eyni zamanda sosial ipoteka kreditləri dövlət büdcəsi hesabına maliyyələşdirildiyi üçün bu kreditlərin də faiz dərəcələrinin 4-dən 2-yə endirilməsini təklif etmişik. 2 % azalma imkan verəcək ki banklar sosial ipotekanın verilməsində maraqlı olsun.

Azərbaycanda elektron ipoteka sisteminin tətbiqini tələb edirik.

Elektron ipoteka proqramının tətbiq edilməsi həm proseduraların sayının azaldılması, həm də kreditləşmə sistemində şəffaflığın artırılmasında olduqca vacibdir

Eyni zamanda ipoteka almaq üçün tələb olunan sənədlərin sayının azaldılması məqsədəuyğundur. Azərbaycanda ipoteka krediti almaq üçün tələb olunan sənədlərin sayı 18-dir. Və bu kifayət qədər böyük rəqəmdir. Bu baxımdan biz Azərbaycanda elektron ipoteka sisteminin tətbiqini tələb edirik. Bu sistemin tətbiq edilməsi birmənalı şəkildə imkan verəcək ki, vətəndaşdan tələb olunan sənədlərin 9-a qədər endirilməsinə nail olmaq mümkün olsun, eyni zamanda vətəndaşlar birbaşa internet üzərindən ipotekanın alınması üçün müraciət etsin. Bu banklarda ipoteka üçün müraciətdə bir sıra qeyri rəsmi ödənişlərin aradan qalxması üçün də vacibdir. Elektron ipoteka proqramının tətbiq edilməsi həm proseduraların sayının azaldılması, həm də kreditləşmə sistemində şəffaflığın artırılmasında olduqca vacibdir.

Mərkəzi Bankın təklifləri nazirlər kabinetinə təqdim etməsi yaxın zamanlarda kredit faizlərinin aşağı salınması və şərtlərin sadləşdirilməsi ilə bağlı nikbinliyi artırır

Aztəminatlı ailələr üçün ilkin ödənişin ödənilməsi prosesinin də sadələşdirilməsi məsələsi təkliflərimiz arasında yer alır.Bu ödənişin İpoteka fondunun yanında yaradılacaq ipoteka zəmanət fondu tərəfindən qarşılanmasın təklif edirik. Eyni zamanda Mərkəzi bank tərəfindən tikinti əmanət bankların yaradılması istiqamətində işini davam etdirməsi və həmin banklar tərəfindən ilkin ödənişin qarşılanmasını təklif edirik. Bu sahədə uyğun model Almaniya modelidir ki, tikinti əmanət bankları bu ölkənin aparıcı bankları hesab olunur.Eyni zamanda sosial ipoteka kreditlərinin gənc ailələrə deyil, subay gənclərə də şamil edilməsini təklif edirik. Tədqiqatlar göstərir ki, bu gün gənclərin ailə qurmamasının əsas səbəbi mənzil problemidir. Bu səbəbdən subay gənclərin də sosial ipotekadan istifadəsi məqsədəuyğundur. Eləcə də sosial ipoteka almaq üçün müracitə etmək hüququ olanların kateqoriyasının genişlənməsini təklif edirik. Bu siyahıya jurnalistlərin və tədqiqatçıların da daxil edilməsi məqsədəuyğundur. Mərkəzi Bankın oxşar təklifləri nəzirlər kabinetinə təqdim etməsi yaxın zamanlarda kredit faizlərinin aşağı salınması və şərtlərin sadləşdirilməsi ilə bağlı nikbinliyi artırır.

 

Müsahibəni götürdü: Nərminə Məmmədova

www.Banco.az

 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.