Bu həftə sonu Afina şəhərində yenicə fəaliyyətə başlayan sahibkarlar üçün sayca 9-cu biznes-seminar təşkil olunmuşdur. "Startup Weekend" adını alan bu təşəbbüs bütün dünyanı əhatə etmişdir. Dünyanın müxtəlif ölkələrində bu tipli minlərlə praktik məşğələlər keçirilir. İşsizlik səviyyəsinin yüksək olduğu Yunanıstanda bu tipli seminarlar xüsusi maraq doğurur. Bu seminar çərçivəsində gənc insanlar biznesin əsasları ilə tanış olur, eyni zamanda qısa müddət ərzində uğurlu biznes qurmağın yollarını öyrənirlər.
"Bu, qlobal və faydalı təşəbbüsdür, - seminarın menecerlərindən biri olan Viktoriya Stoyanova bildirib. - Bu seminar vasitəsilə gənclər sahibkarlığın qabaqcıl ideyaları ilə tanış olurlar. Hal-hazırda dünyanın bir çox ölkələrində bu mövzuda çoxsaylı seminarlar təşkil etməkdəyik. Bu seminarlar könüllülər tərəfindən təşkil olunur. Afinada artıq 9-cu dəfədir ki, biznes-seminar keçirilir. Seminarlar zamanı nəinki insanların böyük marağı, eyni zamanda müsbət rəyləri və maraqlı ideyaları diqqəti cəlb edir".
Bu dəfə təşkil olunmuş seminarda 120 nəfər iştirak etmişdir. İştirakçılar 12 qrupa bölünmüş və bu qrupların hər birində təcrübəli müəllimlər tərəfindən təlim keçirilmişdir.
"Keçmişdə əldə etdiyimiz nəticələr olduqca ürəkaçandır, - Starvos Messinis bildirib. - Qruplar yaradılmış və onlardan bəziləri biznes qurmağa nail olmuşlar. Şəxsi biznesini quran şəxslərdən biri də mənəm. "Startup Weekend" seminarı sayəsində mən də öz şəxsi biznesimi qurmuşam. Özümü bu prosesin canlı nümunəsi hesab edirəm. Bu, həqiqətən də qeyri-adi bir prosesdir. Bu seminar insanları həm məlumatlandırır, həm də yeni başlanğıclar üçün həvəsləndirir".
"Startup Weekend" seminarının iştirakçıları mühazirələr dinləyir, canlı müzakirələrdə iştirak edir və kompyuterdə biznes-oyunlar oynayırlar.
Hal-hazırda Yunanıstanda gənclərin 55%-dən çoxu işsizdir. Amma qeyd edək ki, böhran vəziyyəti özündə nəinki mənfi nəticələri, eyni zamanda müsbət imkanları da birləşdirir. "Startup Weekend" seminarında gənc sahibkarların iştirak etməsi yuxarıda qeyd olunan fikri bir daha təsdiqləyir.
Sevinc İbadova/Banco.az